03 oktyabr 2024 00:31
361

Yenə də ikili mövqe, yenə də qərəzli münasibət…

30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin hərbi işğalı zamanı Ermənistan tərəfindən törədilmiş bəşəriyyətə qarşı irimiqyaslı cinayətlər ABŞ tərəfindən tam sükutla qarşılanıb

Amerika Birləşmiş Ştatlarının, eləcə də Avropanın bir sıra dairələrinin ölkəmizə qarşı qərəzli mövqeyini hər zaman  müşahidə edirik. Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxladığı 30 il ərzində ABŞ bir dəfə də olsun Ermənistanı qınamadı. Amma 1992-ci ildə işğala məruz qalan Azərbaycana qarşı “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişi qəbul etdi. Bu da Ermənistanı işğalçılıq siyasətini davam etdirməyə daha da həvəsləndirdi. Özünü tam şəkildə cəzasızlıq şəraitində hiss edən Ermənistan Azərbaycanın yeni ərazilərini işğal etmək niyyətində olduğunu da açıq şəkildə bəyan etməkdən çəkinmirdi.

Hazırda Qarabağ erməni separatçılarından tamamilə təmizlənib. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri həyata keçirilir. Buna paralel olaraq həmin ərazilər vaxtilə ermənilərin basdırdıqları minalardan təmizlənir. Mina problemi keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışına ən böyük təhdiddir. Yenə də  ABŞ susur… Ölkəmizə minatəmizləmə prosesinin tez başa çatmasının vacibliyini, illərlə torpaq həsrəti çəkən soydaşlarımızın ata-baba yurdlarına dönməsini görməzdən gəlir. Səbəb isə aydındır: ikili standartlar.  Hansısa bir erməninin Qarabağdan könüllü köçüb getməsinə görə ciddi “narahatlıq” keçirən  Amerika rəsmiləri, xüsusilə konqresmenlər 30 il erməni separatçılarının darmadağın etdiyi Qarabağın bərpasına, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsinə ötən 4 il ərzində heç bir vəsait, yardım ayırmayıb. Əslində müharibədən, işğaldan əziyyət çəkən ölkə kimi Azərbaycana beynəlxalq birlik, xüsusilə Qərb dövlətləri və təsisatları  ciddi yardım göstərməlidir. Çünki Ermənistan beynəlxalq cinayət törədərək işğal dövründə ərazilərimizdə hər şeyi məhv edib. Həmin ərazilərin bərpası üçün milyardlarla dollar vəsait tələb olunur. Lakin humanizmdən danışan Qərb ölkələri, xüsusilə ABŞ ölkəmizə bu məsələdə də heç bir kömək etmir. Əksinə, ABŞ konqresmenləri könüllü surətdə Qarabağı tərk edən ermənilərə yardım üçün canfəşanlıq edir, işğaldan əziyyət çəkən Azərbaycanı isə sanksiyalarla hədələyirlər. Bunun adı isə riyakarlıq, ikiüzlülükdür. Məhz bu səbəblərdən ölkəmiz ədalətsizliklə üz-üzə qalıb. Əslində, ölkəmizin heç kimin yardımına ehtiyacı yoxdur. Sadəcə, söhbət reallıqlara ədalətsiz yanaşmadan gedir.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ dövlət katibinin demokratiya, İnsan haqları və əmək məsələləri üzrə köməkçisinin 1 oktyabr tarixində Varşava İnsan Ölçüsü Konfransındakı bəyanatına münasibət bildirərək qeyd edib ki, ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Randın Varşava İnsan Ölçüsü Konfransında ABŞ tərəfinin “Dağlıq Qarabağda beynəlxalq humanitar hüququn və insan hüquqlarının iddia edilən pozuntularını nəzərdən keçirməkdə davam etdiyi” barədə fikirlərinin əks olunduğu 1 oktyabr tarixli bəyanatı təəccüb doğurur: "Maraqlıdır ki, Azərbaycan ərazilərinin hərbi işğalı zamanı Ermənistan tərəfindən törədilmiş bəşəriyyətə qarşı irimiqyaslı cinayətlər və azərbaycanlılara qarşı qırğınlara baxmayaraq, ABŞ tərəfi beynəlxalq humanitar hüququn pozulması hallarının aradan qaldırılmasının vacibliyinə yalnız indi istinad edir. 30 ilə yaxın müddətdə Ermənistanın bu cinayətləri ABŞ tərəfindən tam sükutla qarşılanıb.

Əgər ABŞ tərəfi qərəzsizlik və ədalətli mövqe nümayiş etdirmək istəyirsə, ilk növbədə Ermənistanın indiyədək törətdiyi çoxsaylı cinayətlərin araşdırılmasını, günahkarların qanun qarşısında cavab verməsini tələb etməlidir. Əks halda, bu, beynəlxalq ictimaiyyəti çaşdırmaq, Ermənistanın təcüvüzü zamanı yüz minlərlə azərbaycanlının əsas insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasından diqqət yayındırmaq məqsədi güdən erməni təbliğatı nəticəsində verilən birtərəfli bəyanatdan başqa bir şey deyil".

Hazırda ABŞ hökuməti Ermənistana yardım fondunun məbləğini iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara qaldırıb. Müvafiq sənədi Beynəlxalq İnkişaf Agentliyi – USAID-in Ermənistandakı missiyasının rəhbəri Con Alelo və Ermənistan baş nazirinin müavini Armen Qriqoryan sentyabrın 11-də imzalayıblar. Yardımın artırılmasında məqsəd guya Ermənistanda demokratiya və iqtisadiyyatın inkişafına dəstək verməkdir. Azərbaycan torpaqları işğal altında olduğu illərdə də beynəlxalq vasitəçilər rəsmi İrəvanın törətdiyi əməllərə görə sanksiyalar tətbiq etmək əvəzinə müxtəlif məqsədlər adı altında ona maliyyə yardımları etdilər. 44 günlük müharibədən sonra məlum oldu ki, ermənilər həmin maliyyə yardımlarını işğal etdikləri Azərbaycan torpaqlarında hərbi istehkamlar tikməyə sərf ediblər. Odur ki, Qərbin Ermənistanı silahlandırması İrəvanı Azərbaycana qarşı ərazi iddialarından imtina etdirməyəcək. Onun təyinatı üzrə, yəni fövqəladə vəziyyətdə mülki vətəndaşların təxliyəsinin təşkilinə xəclənməyəcəyi də sirr deyil. Qeyd edək ki, USAID bu yaxınlarda Ermənistanda dəyəri 23,1 milyon dollar olan yeni proqramların icrasına başlayıb. Bundan əvvəl də belə yardımlar olub. 2020-ci ildən indiyədək erməni sakinlərə 28 milyon dollar dəyərində humanitar yardım ayırıb. USAID-in Ermənistan üzrə missiya direktorunun müavini vəzifəsini icra edən Metyu Laird vurğulayıb ki, ABŞ hökuməti yaranmış çətinliklərin öhdəsindən gəlmək üçün Ermənistana kömək etmək öhdəliyinə malikdir. Onun sözlərinə görə, 2023-cü ilin sentyabr ayından USAID və ABŞ hökuməti müxtəlif yardımlar - qida, psixososial dəstək verib. Yenə də ikili mövqe, yenə də  qərəzli münasibət. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında olanda, yüz minlərlə insan öz doğma torpaqlarından qovulanda təşkilat susmağa üstünlük verdi. Bir milyona yaxın azərbaycanlı bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçının yanında dayanaraq Ermənistana dəstək nümayiş etdirdi. Bu gün Ukraynanı sonu görünməyən bataqlığa qərq edən Qərb Azərbaycanla Ermənistan arasında da münaqişənin, düşmənçiliyin sonsuzadək davam etməsində maraqlıdır.

Şəmsiyyə Əliqızı, “İki sahil”