03 oktyabr 2024 00:12
348

Yer üzərində həyatı qorumaq ən ali məqsəddir

Ölkəmiz bu humanist məsələdə birinci sıradadır

Atom bombası sınaqlarından, atom elektrik stansiyalarının işə salınmasından, qitələrarası ballistik raketlərin istehsalından, kosmik fəzanın fəthindən sonra nüvə yanacağı Yer kürəsi üçün dəhşətli təhlükəyə çevrilib. ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombalarından, Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasında nüvə reaktorunda güclü partlayışdan sonra bəşəriyyət dərin təşviş keçirdi. Bunlar Yer üzərində həyatın davam etməsinə ciddi təhlükə idi və onun qarşısını gecikmədən almaq zərurəti yaradırdı. Göstərməliyik ki, həmin yerlərdə indi də uşaqlar anadan əlil və ya xəstə doğulurlar. Həmin atom bombaları partlayışından və Çernobıl qəzasından uzun illər keçsə də fəsadları davam etməkdədir. Lakin iki qütbə-kapitalizmə və sosializmə bölünmüş dünyada sürətlə silahlanma, ardıcıl nüvə sınaqları buna aparan yolları bağladı.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Almaniyanın Bonn şəhərində yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. COP-un ilk toplantısı 1995-ci ildə Berlində keçirilib. Adı COP "Conference of the Parties" Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğunu bildirir. Bundan əvvəlki tədbir — COP28 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.

COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu (Afrika ölkələri, Asiya ölkələri, Latın Amerikası və Karib ölkələri, Mərkəzi və Şərqi Avropa ölkələri, Qərbi Avropa və digər ölkələr) təmsil edən 198 ölkənin səsverməsi ilə seçilir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul edir.

COP tədbirlərinin məqsədi Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaqdır.

2023-cü il dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə dövlətimizin başçısı bildirmişdir: "Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək."

2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin XXI konfransında Paris Sazişi qəbul olunub. 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit və ekologiya nazirləri tərəfindən imzalanan bu sənədi 2016-cı ilin aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında Azərbaycan Respublikası Hökuməti adından, keçmiş ekologiya və təbii sərvətlər naziri imzalayıb.

11–24 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransında   dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80–100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. COP29 ölkə tarixində keçiriləcək olan ən böyük tədbir hesab olunur. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaqdır.

COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir. Bu baxımdan 2024-cü ilin noyabrında Azərbaycanda keçiriləcək COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün tarixi tədbir kimi dəyərləndirmək olar.

"Yaşıl" iqtisadiyyata keçid və yaşıl enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir. İqtisadiyyat Nazirliyinin məlumatına görə, Azərbaycanın neft-qaz şirkəti olan SOCAR-ın Dubaydakı COP28 tədbirində metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürməsi ölkənin iqlim problemlərinə həssaslığının təzahürüdür.

Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. "Azərbaycan Respublikasının Prezidenti işğaldan azad edilmiş torpaqları "yaşıl enerji zonası" elan edib və 2022–2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.

Dediyimiz kimi, konfransın keçirildiyi günlərdə Bakı şəhərinə iki həftə ərzində on minlərlə xarici qonağın gələcəyi ehtimal edilir. Bunun da ölkənin iqtisadi, siyasi, turizm həyatına böyük töhfələrini verəcəyi şübhəsizdir. Tədbirdən sonrakı təbii təbliğat nəticəsində Azərbaycanı görmək istəyənlərin sayının kəskin artacağı da şübhəsizdir. Bir sözlə, Bakıda keçiriləcək COP29 tədbirləri Azərbaycanın dünyada artan nüfuzunun daha da yüksəlməsində çox böyük vasitə olacaqdır.

Vəli İlyasov, "İki sahil"