03 oktyabr 2024 00:58
338

ABŞ hayların göz yaşlarına inanmır...

Dünyanın qədim peşəsi, eyni zamanda, oğurluq və namərdlik toplumun boyuna biçilib

Dünyanın super dövlətinin eks-prezidenti, hakimiyyətdə olduğu illərdə erməniləri Ağ Evin kandarından içəri buraxmayan Donald Trampın noyabr ayında keçiriləcək prezident seçkilərində yenidən iqtidara gəlmək şansı hayların yuxusunu ərşə çəkib.  Trampın birinci hakimiyyəti dövründə ABŞ hayların yalançı göz yaşlarına inanmırdı və onlara etibar etmirdi. Odur ki, ermənipərəst konqresmenlər və senatorlar səslərini içlərinə salıb hay-küy qaldırmağa, işğalçı erməniləri “sığortalamağa” cəsarət etmirdilər.

Qarşıda belə bir perspektivin olması ehtimalından əndişələnən   Ermənistanın siyasi dairələri məyusluğa qapılmağa başlayıblar. Onlar anlayırlar ki, Qərbin Ermənistanı düşdüyü “geopolitik quyu”dan dartıb çıxarmaq niyyəti yoxdur. Elə bir önəmli hərbi-siyasi və maliyyə-iqtisadi resursları olmayan, yalnız beynəlxalq himayədarlarının və varlı diaspor üzvlərinin hesabına yaşayan Ermənistandan müvəqqəti istifadə edərək sonra lazımsız “ alət” kimi bir kənara atacaqlar. Həmin gündən də Ermənistanın “qara günləri” başlayacaq. Haybaşılar yaxşı bilirlər ki, onları dartıb Qafqaza gətirənlərin köməyi olmadan dövlət kimi mövcud olmağa belə kifayət qədər siyasi davranışları, idarəetmə ənənələri, ağılları və bacarıqları yoxdur. Bu səbəbdəndir ki, Rusiya imperiyasının qurduğu dövlətdə yaşamaqdadırlar. İndiyədək əldə etdikləri də məhz Rusiyanın müəllifliyi ilə başa gəlib. Üç il əvvəl Rusiyadan imtina etdikdən sonra “ağasız” yaşaya bilməyən haylar ABŞ-ın və bəzi Qərb dövlətlərinin ətəklərindən sallaşmağa çalışırlar. Ancaq güvəndikləri dövlətlər xəyanətkarlığı özlərinə peşə etmiş ermənilərə əvvəlki kimi üz göstərmirlər.

Artıq Qərb sevdalısı Nikol Paşinyan hakimiyyəti də "ağaları" tərəfindən Ermənistan ətrafında yaradılmış təhlükəli hərbi-siyasi vəziyyətdən razı deyil. Hətta ABŞ və Qərbin ermənilərə olan “sürüşkən mövqeyini” təkrarlaması rəsmi İrəvanı dərindən narahat edir. Yəni, Paşinyan hakimiyyəti ABŞ-da keçiriləcək növbəti prezident seçkilərindən sonra Ağ Evin Ermənistana indiki hərbi-siyasi dəstəyini davam etdirəcəyinə də şübhə ilə yanaşmağa başlayıb. Bu səbəbdən də rəsmi İrəvanın ABŞ-la müəyyən məsələlərdə məsafə saxlamağa cəhd göstərdiyi də aydın olur. Son günlərdə artıq bunun ilk işartısı özünü göstərdi.  Belə ki, BMT Baş Assambleyasının son toplantısına qatılan baş nazir Nikol Paşinyan ABŞ Prezidenti Cozef Baydenin dövlət liderləri üçün təşkil etdiyi vida mərasimində iştirak etmədi. Yəni, erməni baş nazir müəyyən mənada, Ağ Ev sahibinə qarşı dolayısı ilə saymazlıq və hörmətsizlik etdi. Həmin vaxtda baş nazir Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Nyu-Yorkdakı Türk Evində görüşməyə üstünlük verdi. Hay baş nazir bununla da siyasi karyerası sona çatan ABŞ liderindənsə Ermənistana qonşu olan Türkiyənin hələ bir neçə il də hakimiyyətdə olacaq prezidenti ilə birbaşa təmas şansını daha vacib hesab edərək Türk evinə getdi. Bu hərəkəti ilə Paşinyan hayların etibarsız millət olduqlarını amerikanlara bir daha nümayiş etdirdi.

Bəzi məlumatlara görə, Paşinyan hakimiyyəti ABŞ-da keçiriləcək prezident seçkilərindən Ermənistan üçün hər hansı sərfəli nəticə gözləmir. Belə ehtimal edilir ki, Ağ Evə hansı prezidentliyə namizədin sahiblənməsi elə bir ciddi dəyişiklik yaratmayacaq. Yəni, indiki vitse-prezident Kamala Harrisin qalib gələcəyi təqdirdə belə, ABŞ-ın Ermənistan siyasətinin rəsmi İrəvan üçün arzuolunmaz məzmun daşıyacağı iddia edilir.  O biri tərəfdən Donald Trampın seçki maraqları təmin olunduqdan sonra Cənubi Qafqazda artıq yararsız hesab olunan erməni faktoruna ehtiyacı qalmayacaq. Çünki Ermənistanın regionda hər hansı bir məsələyə müdaxilə etmək, nüfuzu və təsir gücü yoxdur. Necə deyərlər, öz ərazisini pul müqabilində kimlərəsə icarəyə verməkdən başqa heç nəyə yaramır. İki yüz ildir ki, belədir.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Ağ Evin nəzərlərinin Cənubi Qafqazda daha real siyasi hədəflərə yönələ biləcəyini ehtimal edir. Hazırda heç kimdə şübhə doğurmur ki, ABŞ üçün ən real siyasət Cənubi Qafqazda Ermənistana görə rəsmi Bakı ilə münasibətləri korlamaq deyil, məhz Azərbaycan və Türkiyə ilə yaxınlaşaraq ortaq fəaliyyət göstərməkdir. Odur ki, yaxın aylarda Ağ evin Ermənistana münasibəti yüz səksən dərəcə dəyişə bilər. Digər tərəfdən, Donald Trampın qalib gələcəyi təqdirdə, ABŞ-ın Ermənistanı ümumiyyətlə, unuda biləcəyi də qətiyyən istisna olunmur. Bayden administrasiyasından fərqli olaraq Donald Tramp Ermənistana və erməni diasporuna elə də ciddi əhəmiyyət verməyib və indi də vermir. Bilir ki, erməni lobbisi seçkilərdə onun namizədliyini dəstəkləməsə də nəticəyə o qədər də təsir etməyəcək. Bununla bərabər, Tramp birinci hakimiyyəti dövründə dünyada ən güclü sayılan erməni lobbisinin əl-ayağını bağlayaraq fəaliyyətini tamamilə məhdudlaşdırmışdı. Ağ Evin keçmiş sahibinin əvvəlki prezidentliyi dönəmində ABŞ-ın 2020-ci ilin payızında Cənubi Qafqazdakı regional savaşa münasibətdə seyrçi qalması da bu ehtimalı gücləndirir. Bu baxımdan ABŞ-da baş tutacaq noyabr seçkilərinin Ermənistanın gələcək taleyində neqativ dönüş nöqtəsinə çevrilə biləcəyi qətiyyən istisna deyil. Belə dönüş Hayastanın öz sərsəm ideyalarından əl çəkməsini, beləliklə, qonşu xalqlarla yüz illər boyu həyata keçirdiyi düşmənçilik planlarının tam  iflasına aparacaq. O zaman haylar öz başbilənlərinin onları haraya sürüklədiklərini yaxşı anlayacaqlar. Ancaq gecdir, anlamaq heç də qonşulara qarşı etdikləri saysız-hesabsız günahlarını, axıtdıqları nahaq qanları yumayacaq. Başa düşəcəklər ki, sərsəm planların nəticəsində hayların da qanı hədər yerə axıbmış. Yəni, müharibə cinayətlərinin miqyası o qədər böyükdür ki, Ermənistan bir üzrxahlıqla heç cür bağışlana bilməz. Bu günlərdə baş nazir Nikol Paşinyanın haylardan üzr istəməsi ilə əslində Azərbaycan xalqından üzr istəyirdi. Sonradan üzr istəmələr isə bir qayda olaraq “daldan atılan daş” effekti verir.

Vəli İlyasov, “İki sahil”