“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, hələ 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin Sərəncamına əsasən, Aşıq Ələsgərin 150 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi, döğma Ağkilsə kəndində abidəsinin ucaldılması və 1997-ci ildə dəyərli sənətkarın 175 illiyinin qeyd edilməsi təsadüfi deyildi. Ulu Öndərin bu fəaliyyəti həm aşıq yaradıcılığına, qədim el sənətinə, ümumiyyətlə, mədəni irsimizə yüksək dəyərin ifadəsi, həm də Qərbi Azərbaycanın mədəni abidələri ilə tarixi yaddaşa qayıdışın siyasi mənzərəsi idi. Prezident İlham Əliyev bu ənənəni davam etdirdi və dövlət başçısının Sərəncamı ilə 2011-ci ildə ustad aşığın 190 illik yubileyi ölkəmizdə təntənə ilə qeyd olundu, Heydər Əliyev Sarayında yubiley tədbiri keçirildi. Prezident İlham Əliyev 18 fevral 2021-ci ildə “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdı. Həmin il ölkəmizdə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş bir-birindən maraqlı tədbirlər həyata keçirildi. Dədə Ələsgərin Bakı şəhərinin mərkəzində əzəmətli heykəlinin ucaldılması tarixi, ictimai-siyasi, mədəni və ədəbi proseslərə göstərilən diqqətlə bağlı əlamətdar, habelə möhtəşəm hadisədir. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti qanunsuz olaraq böyük güclər tərəfindən Ermənistana “bağışlanılmış” tarixi torpaqlarımızın maddi-mədəni irsinə, görkəmli xadimlərinə hər zaman sahib çıxır. Qərbi Azərbaycana qayıdış məsələlərinin gündəmdə olduğu bir zamanda cənab İlham Əliyevin heykəlin açılışında oğlu Heydər Əliyevlə birlikdə iştirak etməsi, bir sıra zəruri tarixi mesajlar verməsi olduqca diqqətçəkəndir. Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalara toxunaraq qeyd etdi ki, 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları - 1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş verib. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıda bilmişdi. Bu isə o deməkdir ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış qərbi azərbaycanlılar da öz yurdlarına qayıdacaqlar. Necə ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda doğulmamış gənclərimiz böyük həvəslə öz doğma torpaqlarına qayıdırlar, Qərbi Azərbaycan kökənli insanlarımız da eyni sevinclə tarixi yurdlarına dönüş edəcəklər. Dövlət başçısının da vurğuladığı kimi, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik.
Deputat bildirib ki, Dədə Ələsgərin özü də deportasiya qurbanı olub. 1918-ci ildə ermənilərin Azərbaycana qarşı törətdiyi etnik təmizləmə siyasəti nəticəsində 97 yaşlı Aşıq Ələsgər də öz doğma yurdundan, Göyçə mahalının Ağkilsə kəndindən didərgin düşdü və Kəlbəcərə sığındı. O, 3 il Kəlbəcərdə yaşadıqdan sonra yenidən öz doğma kəndinə qayıtdı və ömrünün sonuna qədər orada yaşadı. Onun Göyçə mahalındakı qəbri və abidəsi də sonradan erməni vandalizminə məruz qaldı. Bizdə böyük inam hissi var ki, Aşıq Ələsgərin Ağkilsədə dağıdılmış abidəsini bərpa edəcəyik, orada mötəbər tədbir keçirəcəyik, bütün Göyçə mahalı yenidən sazın sehrli simlərindən çıxan ecazkar aşıq havasına bürünəcəkdir.
M.Vəliyeva beynəlxalq təşkilatları, xarici dövlətləri Qərbi azərbaycanlıların qayıdış hüquqlarına dəstək verməməkdə qınadı. Azərbaycanı erməniləri Qarabağdan çıxarmaqda ittiham edən xarici ölkələr, beynəlxalq güclər az qala hər gün erməniləri müdafiə edirlər. Amma onlar heç vaxt Qərbi azərbaycanlıların Ermənistandan deportasiya olunmasına toxunmayıblar. Bir neçə gün öncə ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Randın Varşava İnsan Ölçüsü Konfransında ABŞ tərəfinin Dağlıq Qarabağda beynəlxalq humanitar hüququn və insan hüquqlarının iddia edilən pozuntularını nəzərdən keçirməkdə davam etdiyi barədə fikirlər səsləndirdi. Maraqlıdır ki, ABŞ rəsmisi çıxışında 1990-cı ilə qədər Ermənistandan deportasiya edilmiş soydaşlarımız və 1990-cı ildən sonra Qarabağdan didərgin salınmış vətəndaşlarımız barədə ümumiyyətlə məlumatlıdırmı? Bu məsələyə birtərəfli yanaşma beynəlxalq hüquq normalara ziddir. Nə üçün ermənilərin Qarabağa qayıdış hüquqlarını müdafiə edən o dövlətlər, təşkilatlar Qərbi azərbaycanlıların deportasiya məsələsinə toxunmurlar? Ermənistanın cinayətlərini tam sükutla qarşılayan ABŞ ədalətli olmaq istəyirsə, ermənilərin Azərbaycana qarşı indiyədək törətdiyi çoxsaylı qanunsuz əməllərin araşdırılmasını, günahkarların qanun qarşısında cavab verməsini, Azərbaycana vurulan maddi və mənəvi ziyanın qiymətləndirilməsini və ödənilməsini tələb etməlidirlər. Qərbi azərbaycanlıların qayıdış məsələsi beynəlxalq hüquqa və fundamental insan haqlarına əsaslanır. Düşünürəm ki, Aşıq Ələsgərin Bakıda heykəlinin ucaldılması Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını bir amal ətrafında birləşdirəcək.
Qərbi Azərbaycana qayıdış hər bir azərbaycanlı üçün milli prioritet və milli vəzifədir. Yəni bu təkcə Qərbi Azərbaycana qayıdış deyil, həm də bütövlükdə Azərbaycan xalqının tarixi torpaqlarının bir parçası olan coğrafiyaya yenidən qayıdışı, milli-mənəvi dəyərlərimizin yenidən bərpası olacaq.
Biz o günü səbirsizliklə gözləyir və inanırıq ki, gün gələcək, biz Aşıq Ələsgərin dogma yurdunda ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik.