22 sentyabr 2024 14:07
849

Samuxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində veloyürüş təşkil olunub.

Samux rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ümumdünya Avtomobilsiz Günü münasibətilə veloyürüş təşkil olunub.

1998-ci ildən etibarən hər il sentyabr ayının 22-də Ümumdünya Avtomobilsiz Günü (World Car Free Day) keçirilir. Həmin gün dünyanın müxtəlif ərazilərindəki insanlar ekoloji təmiz nəqliyyat növlərindən istifadəyə üstünlük verir, piyada yürüşlər edərək sağlam həyat tərzini təbliğ edir.

“İki sahil” xəbər verir ki, bu günə töhfə vermək məqsədilə Samux rayonunda da rayon icra hakimiyyəti, Samux rayonu üzrə təhsil, gənclər və idman sektorlarının birgə təşkilatçılığı ilə veloyürüş keçirilib. Yürüş Samux Heydər Əliyev Prospektindən Samux şəhər parkına doğru davam edib. Yürüşdə Samux Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, veloyürüş həvəskarları, gənclər və rayon sakinləri iştirak ediblər. Yürüşün keçirilməsində məqsəd rayon əhalisinin diqqətini alternativ nəqliyyata yönəltmək, ictimai nəqliyyatdan istifadəni artırmaq, istilik effekti yaradan qazların azaldılmasına töhfə verməkdir.

Yürüşün yekununda qalib gələn şəxslərə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.