Onlar bəs bunu necə edib?
Onlar Afrikanın cənub-şərqində yerləşən Zimbabvenin şimal-qərb hissəsindəki Zambezi vadisində yaşayırlar. Yerli camaat bu vəziyyəti olduqca normal qarşılayır. Bəs niyə dünyanın ən maraqlı insan icmalarından biri olan Vadoma qəbiləsinin üzvlərinin ayaqları dəvəquşuna bənzəyir?
Qeyri-adi genetik mutasiyaya sahibdirlər
Onlar, belə demək mümkünsə, yaşamaq üçün lazım olan hər bir tələbatla özlərini təmin edirlər və kifayət qədər utancaqdırlar. Kimsə onlarla danışanda birbaşa onun üzünə baxa bilmirlər, əksinə yerə baxırlar. Bunun səbəblərindən biri də meşə mühafizəçiləridir. Çünki, onları daim narahat edən meşə mühafizəçiləri səbəbindən insanlardan qaçırlar. Bundan əlavə, qəbilə əhalisi müasir dünyada insanların geyindiyi paltarlardan heç birini geyinmir.
Qəbilə Zimbabvedəki yeganə qeyri-adi cəmiyyət kimi tanınır, lakin onları dünyada məşhur edən qeyri-adi genetik mutasiyasıdır. Bu qəbilədə görülən bu maraqlı vəziyyət tibb aləmində “ektrodaktiliya” kimi tanınır. Ektrodaktiliya əllərdə və ya ayaqlarda bəzi barmaqların olmaması və ya birləşik vəziyyəti kimi izah olunur.
Xəstəliyin ən əsas səbəbi 7-ci xromosomun mutasiyasıdır. Valideynlərdən birində bu mutasiya varsa, onların uşaqlarında da yaranma ehtimalı 50 faizdir.
Vadoma xalqına qəbilə qanunlarına görə öz qruplarından kənarda evlənmək qadağandır. Xarici aləmlə az təmasda olduqları üçün onların genefondu xarici təsirlərə qapalı qalır. Bu vəziyyət xəstəliyin davam etməsinə səbəb olur. Onların üç orta ayaq barmağı yoxdur, digər ikisi isə içəriyə dönükdür. Qəbilə xalqı ayaq barmaqlarının formasına görə ayaqqabı geyinə bilməsə də, anadangəlmə olan və nəsildən-nəslə keçən bu bənzərsiz çatışmazlıqlarından faydalana biliblər.
Bu maraqlı hadisə kənardan mənfi hal kimi görünsə də, Vadoma əhalisi üçün ayaqları gündəlik həyatda kifayət qədər funksionaldır. Onların unikal ayaq quruluşu onlara meşədə ağaclara dırmanmaq və qeyri-sabit ərazidə gəzmək kimi çətin tapşırıqlarda üstünlük verir. Bir sözlə, onların ayaqları gündəlik həyatlarına çox təsir etmir.
Onlar bu gün də dağlarda köçəri həyatını davam etdirirlər. Qəbilə vaxtını balıq tutmaqla, yabanı meyvə və kök toplamaqla keçirir. İnsanlar yırtıcılardan qorunmaq üçün taxta platformalar üzərində evlər tikirlər. Yağış yağanda sığınacaqlarını həsirlə örtürlər.
Vüsal Cahanov, “İki sahil”