28 aprel 2026 12:11
122

Uşaqların gələcəyini dəyişən sadə vərdiş

Ailə ilə birlikdə yemək masasına əyləşməyin təsiri

Uşaqların ailə ilə eyni süfrə arxasında yemək yeməsi təkcə gündəlik vərdiş deyil, onların psixoloji və sosial inkişafında mühüm rol oynayan amillərdən biri hesab olunur. Qeyd olunur ki, həftədə bir neçə dəfə ailə ilə birlikdə yemək yeyən uşaqların həm akademik uğurları, həm də özünəinam səviyyələri daha yüksək olur.

Uşaq sağlamlığı və xəstəlikləri üzrə türkiyəli mütəxəssis həkim Ahmet Güzel qeyd edir ki, uşaqlar yalnız fiziki deyil, həm də psixososial varlıqlardır və onların inkişafında ailə mühiti həlledici rol oynayır. Onun sözlərinə görə, xüsusilə ailəvi yemək ənənəsinin geniş yayıldığı cəmiyyətlərdə bu vərdiş uşaqlar üçün mühüm üstünlüklər yaradır.

Mütəxəssis bildirir ki, həftədə beş dəfədən çox ailələri ilə birlikdə yemək yeyən uşaqlarda sosial bacarıqlar, özünü ifadə etmə qabiliyyəti və özünəinam daha güclü olur. Bu mühit eyni zamanda, onların problemi həll etmə bacarıqlarını da inkişaf etdirir.

Ailə daxilində qurulan ünsiyyətin uşaqların təhsil həyatına da müsbət təsir etdiyini deyən həkim Ahmet Güzel vurğulayır ki, uşaqlar qarşılaşdıqları problemləri ailə üzvləri ilə bölüşərək çıxış yolu tapmağı öyrənirlər. Bu isə xüsusilə müasir təhsil sistemində vacib olan analiz və düşünmə bacarıqlarını gücləndirir: “Bundan əlavə, ailə ilə birlikdə keçirilən vaxt uşaqların sosial və emosional inkişafını da dəstəkləyir. Uşaqların özlərini rahat ifadə etməsi, sağlam münasibətlər qurması və cəmiyyətə uyğunlaşması baxımından ailə içi ünsiyyət xüsusi əhəmiyyət daşıyır.

Araşdırmalar göstərir ki, güclü ailə bağları uşaqları zərərli vərdişlərdən də uzaq saxlayır. Birlikdə yemək masası arxasında oturmaq vərdişi uşaqlarda tənhalıq hissini azaldır və nəticədə siqaret, alkoqol və digər riskli davranışlara meyil 30-50 faizədək azalır.

Şahnigar Əhmədova, “İki sahil”