01 may 2026 00:15
143

Emal olunmuş qidalar beynə necə təsir edir?

Yeni araşdırmaya görə, ümumilikdə sağlam qidalanma rejimi saxlanılsa belə, həddindən artıq emal olunmuş qidalar diqqət toplama qabiliyyətini zəiflədə və demensiya riskini artıra bilər.

Tədqiqatın nəticələri xüsusilə diqqət çəkir. Çünki ABŞ-da gündəlik qidalanmanın təxminən 60 faizi məhz emal olunmuş məhsullardan ibarətdir. Avstraliyalı və braziliyalı alimlərin birgə apardıqları araşdırmada müəyyən edilib ki, gün ərzində cəmi bir paket çips yemək belə tez-tez diqqət yayınması hallarına səbəb ola bilər.

Bu nəticələr daha əvvəl aparılmış tədqiqatların nəticələri ilə də üst-üstə düşür. Belə ki, Ohayo Dövlət Universitetinin ötən il apardığı araşdırmaya əsasən, ABŞ-da yetkinlərin diqqətini cəmləşdirə bilmə müddəti artıq cəmi 8 saniyəyə enib. Psixiatr Evita Singh qeyd edib ki, diqqət yayınması kimi zehni problemlərin müxtəlif səbəbləri olsa da, qidalanma bu sahədə mühüm rol oynayır. Araşdırma çərçivəsində qidalanmasının təxminən 41 faizi emal olunmuş qidalardan ibarət olan 2100-dən çox orta yaşlı şəxs üzərində testlər aparılıb. Nəticələr göstərib ki, bir paket çips qəbulundan sonra iştirakçıların zehni emal sürəti və diqqət göstəriciləri əhəmiyyətli dərəcədə aşağı düşüb.

Tədqiqatın rəhbəri, Monash Universitetinin biokimya üzrə mütəxəssisi, həkim Barbara Cardoso iştirakçıların diqqət qabiliyyətində aydın və ölçülə bilən azalma müşahidə etdiklərini bildirib. Bu təsirlərin insanların ümumi qidalanma rejimindən asılı olmayaraq ortaya çıxdığı vurğulanır. Hətta “Aralıq dənizi pəhrizi” kimi sağlam hesab olunan qidalanma modelinə riayət edən şəxslərdə belə eyni nəticələr qeydə alınıb.

Alimlər bu təsirin dəqiq səbəbini tam izah etməsələr də, ehtimal olunur ki, problem emal olunmuş qidalardakı müxtəlif qatqı maddələri ilə bağlıdır. Araşdırma, həmçinin göstərib ki, bu cür qidaları daha çox qəbul edən şəxslərdə demensiya ilə bağlı risk faktorları da artır.

Harvard Tibb Məktəbinin 2022-ci ildəki araşdırmasının nəticələrinə əsasən, emal olunmuş qidaları daha çox istehlak edən insanlarda demensiya riski 25 faiz daha yüksəkdir. Bununla yanaşı, emal olunmuş ət məhsulları və şəkərli içkilərin yaddaş zəifləməsi və idrak qabiliyyətinin aşağı düşməsi ilə əlaqəli olduğunu göstərib.

Qeyd olunur ki, emal olunmuş qidalar təkcə kolbasa və ya şirniyyatlarla məhdudlaşmır. Qranola batonları və bitki əsaslı “ət” məhsulları kimi bəzi qidalar sağlam hesab edilsə də, onların tərkibindəki qatqı maddələri risk yarada bilər.

Problem yalnız qida seçimi ilə bağlı deyil, həm də həmin qidaların nə dərəcədə emal olunması ilə əlaqəlidir. Buna görə də istehlakçılara məhsulların tərkibini diqqətlə yoxlamaq və xüsusilə süni qatqılara qarşı daha həssas yanaşmaq tövsiyə olunur.

Şahnigar Əhmədova, “İki sahil”