09 sentyabr 2024 12:57
272

Ağsu xəstəxanasının şöbə rəisi və həkimi 126 min manatlıq dələduzluqda ittiham olunur

Əlillik dərəcəsinin təyini və pensiyaların bərpası adı ilə vətəndaşların pulunu ələ keçirməkdə təqsdirləndirilən şəxslər məhkəmə qarşısına çıxarılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Hemodializ şöbəsinin rəisi Talıbov Arif Atalı oğlu, həmin şöbədə həkim-nefroloq vəzifəsində işləmiş Soltiyev Ehtibar Şükrulla oğlu və digərlərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaqla Ehtibar Soltiyevin Arif Talıbov və qeyriləri ilə qabaqcadan əlbir olaraq 2022-2023-cü illər ərzində əlillik dərəcəsinin təyin edilməsi və dayandırılmış pensiyanın bərpasına köməklik göstərilməsi ilə bağlı onlara müraciət etmiş ayrı-ayrı şəxslərin aldatma və etibardan sui-istifadə etmə yolu ilə ümumilikdə 126 min manatdan artıq pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq tədbirləri nəticəsində cinayət işi üzrə vurulmuş ziyandan 120 min manatın ödənilməsi təmin edilib.

Toplanmış sübutlar əsasında Ehtibar Soltiyev və Arif Talıbova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə yekun ittiham elan edilib, barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.