04 noyabr 2024 22:58
505

Naxçıvanda yetişən dərman bitkilərindən hazırlanmış təbii-tibbi sabunların dəriyə müalicəvi və kosmetik təsiri

Naxçıvan Muxtar Respublikası zəngin bitki florasına malikdir. Naxçıvan Muxtar Respublikasının zəngin bitki florasına 1200-dən çox faydalı bitki, o cümlədən 750- 800 növə yaxın dərman bitkisi (Plantae medicinalis) daxildir. Dərman bitkiləri içərisindən 132 növü yüz illərdir ki, müasir tibb aləmində istifadə edilən rəsmi (ofissinal) dərman bitkiləridir.

 Aparılan tədqiqatda dərman bitkilərindən geniş yayılmış olanlardan kəklikotu  ( lat.Thymus), istiot nanəsi – (Mentha piperita L), qoz (lat.Juglans) yarpağından sabunlar hazırlanmışdır. Sabunların dəriyə və saç köklərinə müalicəvi və kosmetik təsiri aşkar olunmuşdur. Bu bitkilərdən hazırlanmış sabunların mütəmadi istifadəsi zamanı dəri ləkələri təmizlənmiş və dəridəki yaraların sağalması müşahidə olunmuşdur. Eyni zamanda saç tökülməsinin qarşısı alınmış və yeni saçların da çıxması dəqiqləşdirilmişdir.

Qeyd edilən bitkilərin  xalq təbabətində, müxtəlif xəstəliklərin müalicəsi üçün qədimdən bəri istifadə edildiyi məlumdur.

Kəklikotunun spazmolitik xassəsi sayəsində kəklikotu sabunu dəridə olan spazm və  qıcıqlanmaları aradan qaldırır. Kəklikotunun tərkibində olan mineral duzlar dərini hamarlaşdırır və dəriyə elastiklik verir. Eyni zamanda kəklikotu sabunundan mütəmadi istifadə edən iki nəfərin başında əmələ gələn piy vəzinin əriyib balacalaşması müşahidə olunmuşdur.

İstiot nanəsi iltihabəleyhinə vasitə kimi istifadə olunan bitkidir. İstiot nanəsindən hazırlanan sabun kosmetik təsirə malik olub, dərini cavanlaşdırır.

Qoz yarpağının dəriyə faydası, sayıla bilməyəcək qədər çoxdur. Qoz yarpağının dəriyə ən mühüm faydası, onun dəridə çətin gedən ləkələri, ekzema, dəmrov, iltihablı dəri sızanaqlarını və  dəri yaralarını sağaltmasıdır. Qoz yarpağının saçı uzatması və saç köklərinin diblərini bərkitməsi xüsusiyyətini nəzərə alaraq, qoz yarpağı sabunu saç tökülməsi probleminə qarşı istifadə edilmiş və çox yaxşı nəticələr əldə edilmişdir.

Tarix boyunca insanlar bədən  təmizliyi üçün,  kosmetik vasitələrə önəm vermişlər. Kosmetika tarixindəki ən qədim  yumuşaldıcılar, təbii əmələ gələn heyvan və  bitki yağlarıdır. Gözəl cild ve saç baxımı dünyada bir çox insanın arzusu olduğundan, güvənilir kosmetik vasitələrin istifadəsi hər zaman arzuolunandır. Təbii məhsullar istifadə edilərək hazırlanan təbii sabun həm ətraf mühitə faydası baxımından, həm də antioksidan zənginliyi baxımından sintetik kimyəvi maddələrdən hazırlanan sabunlarla müqayisədə istifadəsi, əlbəttə, daha məqsədəuyğundur. Bitki tərkibli, bioloji aktif maddələr, antibakterial və antioksidant xassə göstərən, bioloji olaraq parçalana bilən və qoruyucu maddələr qatılmayan təbii, antiseptik sabunların hazırlanması ətraf mühitin dostu qəbul edilir və  “Yaşıl Kimya” dünyası tərəfindən də qəbul edilir.

Sabun nədir?

Sabun yağ turşularının qələvi metalların (Na, K) hidroksidləri ilə reaksiyasından əmələ gələn bir növ neytrallaşma məhsulu olan təmizləyici maddədir. Sabun bir və ya bir necə yağın qarışığından da alına bilən bir maddədir. Sabunun yağı, kiri parçalama qabiliyyəti sabunun əmələ gəlməsində iştirak edən yağ turşularının karbon atomlarının sayından asılıdır.

Sabunun hazırlanması

Təbii-tibbi sabun soyuq və isti proses olmaqla iki yolla hazırlanır.

İsti prosesdə yağ qələvi məhlulu ilə birlikdə qaynadılır. Proses müddətində sabun sudan ayrılaraq suyun üzərinə topanır. Ancaq təbii sabun hazırlayarkən bir məsələni nəzərdən qaçırmamaq lazımdır ki, isti proseslə sabunun əmələ gəlməsi zamanı tərkibindəki vitaminlər, parçalanaraq sabunun keyfiyyətini aşağı salır. O cümlədən, isti prosesdə sabunun əmələ gəlməsi zamanı dəri sağlamlığı üçün bir çox əhəmiyyətə malik olan ən vacib maddə olan triqliseridlərin fərqli ölçülərdəki miqdarları parçalanıb sabunun keyfiyyət tərkibini aşağı salır. Ona görə də aparılan tədqiqatda  sabunun soyuq üsulla hazırlanmasına üstünlük verilmişdir.

Soyuq üsulla hazırlanan sabunun sintezi zamanı qələvi və yağ otaq temeraturuna uyğun temperatura tənzimlənir. Bir-biri ilə qarışdırılaraq mexaniki qarışdırıcı ilə qarışdırılır. Bircinsli məhlul alınana kimi qarısdırılma davam etdirilir. Qısa aralıqla qarışdırma prosesi 1 saat davam etdirilir. 1 saat, qarışığın sabuna çevrilməsi üçün ideal vaxtdır. Qarışdırılma dayandırıldıqdan sonra alınan sabun qəliblərə tökülərək quruması üçün qaranlıq yerdə 1 sutka saxlanılır. Quruduqdan sonra qəliblərdən çıxarılan sabunlar setka üzərinə düzülərək günəş şüası düşməyən, sərin yerdə 35-40 gün gözlədilir. Bu müddət ərzində sabunlaşma prosesi davam etməklə bərabər fermentləşmə başa çatır, sabunun tərkibindəki su tamamilə buxarlanaraq təbii sabun əldə edilir.

Material və metod

Tədqiq edilən sabun Naxçıvan MR ərazisində yayılan floraya aid dərman bitkilərindən alınmış sabunlardır. Götürülən üç fərqli bitki (istiot nanəsi, kəklikotu, qoz yarpağı), bir çox dəri xəstəliklərinin müalicəsində, keçmişdən bu günə kimi müxtəlif dərman preparatı formalarında istifadə edilmişdir.

Bitkilər mövsümündə toplanıb yuyulub qurudularaq, xüsusi mexaniki qurğu ilə toz halına gətirilir. Bitkinin yarpaqlarından və gövdəsindən istifadə edilir. Sabunun hazırlanmasında istifadə edilən su isə bitkidən əldə edilmiş su olur. Bitki sabununa bitkinin yağı, bitkidən alınmış bitki suyu, qurudulmuş bitkidən alınan bitki tozu, mövsümündə yığılmış bitkidən alınmış məcundan müvafiq miqdarlarda qatılır, sabunlaşma reaksiyası həyata keçirilir. Alınmış sabunlara hər hansı bir aromaverici maddə və sabun rəngləndiricisi qarışdırılmasına ehtiyac qalmır. Çünki sabunlar öz xoş və saf bitki iyi ilə təravətli iyə malik olur.

Tədqiqatın müsbət göstəriciləri.

Qeyd edək ki, kəklikotu sabunu bir neçə dəri və saç problemi üzərində sınaqdan keçirilmiş və çox maraqlı faktlar müşahidə edilmişdir. Belə ki, dəridə müxtəlif səbəblərdən yaranan dəri piqmentasiyasının pozulması nəticəsində yaranan qəhvəyi rəngli ləkələr, sabundan istifadə müddətində müəyyən zaman ərzində solmuş,  üz dərisi təmizlənərək rəngi açılmışdır. O cümlədən alın nahiyəsində yaranan qırışlar məhz kəklikotu sabununun istifadəsindən sonra yox olmuşdur.(Ş.2)              

Diqqət edildikdə eyni bir şəxsin alnında sonradan yeni tüklərin çıxması da müşahidə edilir (Ş.2). Kəklikotu sabunu eyni zamanda saç tökülməsinin qarşısını almış və tökülən nahiyələrdə yeni saçların çıxmasına təkan vermişdir (Ş.3).

Kəklikotu bitkisinin tərkibinə nəzər salsaq görərik ki, onun yerüstü hissələrində triter­penoidlərdən oleanol  turşusu (dəridəki yağlanmanı tənzimləyir), flavonoidlərdən apigenin (antioksidant, qıcığı aradan qaldırır, xərçənglə savaşır), luteolin (xərçənglə savaşır), efir yağlarının (0,5-1%) tərkibindəki  timol (antibakterial özəlliyə malikdir. Bakteriya və göbələk mikroorqanizmlərini məhv edir), karvakrol (antibakterial və antiviral) həmçinin bitkinin tərki­bində aşı maddələri vardır ki, bunlar da qoruyucu rolu oynayır (Naxçıvan Dövlət Universiteti, AMEA Botanika İnstitutu. 2018, 208).

Tədqiqat prosesində kəklikotu sabununun ən başlıca müalicəvi xüsusiyyəti, onun saç tökülməsinin qarşısını almaqla yanaşı, yeni tüklərin çıxmasını və böyüməsini təmin etdiyini, görünən şikayətləri aradan qaldırdığını və dəridəki göbələk xəstəliyini sağaltdığı müşahidə edilmişdir. Maraqlısı odur ki, kəklikotu sabunu göstərilən problemləri aradan qaldırmaqla yanaşı iki ayrı-ayrı qadının baş nahiyəsində sonradan əmələ gəlmiş piy vəzilərini yox dərəcəsində əritmişdir (Ş.4). Lakin bu vəzilərin kiçilməsində rolu olan maddə hələki tədqiq edilməmişdir. Gələcək tədqiqatlarda bu məsələyə yenidən toxunulacaqdır.

Digər sabun istiot nanəsi deyilən bitkidən hazıırlanan sabundur. Bu sabunda isə yalnız nanənin yağı, məcunu və tozundan istifadə olunmuşdur. Nanənin suyundan və ekstraktından istifadə olunmamışdır. Cünki suyu və ekstraktı quru və həssas cildləri təhriş etdiyi üçün sadəcə tozu, yağı və məcununun istifadə edilməsinin məqsədəuyğun olduğu düşünülmüşdür.

Qeyd edək ki, hər üç bitkidən hazırlanmış sabunlar bütün dəri növləri üçündür. Yəni dərinin həssaslığı, quruluğu, yağlılığı və digər xüsusiyyətləri nəzərə alınaraq normativə uyğun tərkib təyin edilmişdir.

Nanə çiçəkləri efirlə zəngindir. Nanə sabununun saç köklərini dərindən təmizlədiyi və saçları sağlam uzatdığı müşahidə edilmişdir. Eyni zamanda saç köklərindəki iltihablanmanı aradan qaldırmışdır. Eyni zamanda, istiot nanəsindən  hazırlanan sabun kosmetik təsirə malik olub, dərini cavanlaşdırır (Ş.5).

Növbəti sabun qoz yarpağından alınmış sabundur. Qoz yarpağının çıxarılan suyundan alınan sabuna eyni zamanda bitkinin məcunu və qoz yağı da əlavə edilir.

Qoz yarpağının dəriyə faydası sayıla bilməyəcək qədər çoxdur. Qoz yarpağının dəriyə ən yaxşı faydası, onun dəridə çətin gedən ləkələri, ekzema, dəmrov, iltihablı dəri sızanaqlarını və  dəri yaralarını sağaltmasıdır. Qoz yarpağının saçı uzatması və saç köklərinin diblərini bərkitməsi xüsusiyyətini nəzərə alaraq, qoz yarpağı sabunu da saç tökülməsi probleminə qarşı istifadə edilmiş və çox yaxşı nəticələr əldə edilmişdir.

Nəticə

Təbii-tibbi sabundan mütəmadi istifadə etmək dəri xəstəliklərinin və dəriyə ləkə düşməsinin qarşısını alıdığı kimi, eyni zamanda bu problemləri tamamilə yox edir. Dərini təmizləyir, dəridəki səpkiləri aradan qaldırır, qara nöqtələri dərindən təmizləyir, cildi yumşaldır. Dəmrov, müxtəlif tip göbələk xəstəliklərini, ekzema, iltihablı sızanaqların sağalmasına kömək edir. Təbii-tibbi sabun dərini və saçları qidalandırır, saç kəpəyini yox edir. Təbii-tibbi sabunla vaxtaşırı saçları yuduqda ağarmış saçları vitamin, mineral duzlar, makro və mikroelementlərlə bəsləyərək, onların əvvəlki rənginə qayıtmasına səbəb olur (Özkal ,S.G., Yener, M.E.&.Bayındırlı.L., 2005, 126).

Göstərilən bitkilərlə (kəklikotu, istiot nanəsi, qoz yarpağı) soyuq üsul ilə sabun sintezi həyata keçirilmişdir. Yağın içərisindəki qidalandırıcı maddələrin, vitaminlərin parçalanmasına yol verilməsinin qarşısını almaq üçün sabunun məhz soyuq proses ilə sintez üsulu seçilmişdir. Bu üsulla hazırlanan sabun maliyyə baxımından da əlverişlidir. Eyni zamanda da, ətraf mühitin qorunmasında  xüsusi xidmətə malikdir.

Qeyd etmək lazımdır ki, soyuq üsulla alınmış sabunları ev şəraitində də asanlıqla hazırlamaq mümkündür. Göstərilən metodla artıq vəsait sərf etmədən çevrə dostu, təbii-tibbi, yüzlərlə faydalı təsirə malik sabunlar hazırlamaq mümkündür.

Sevinc Kərimova