06 noyabr 2024 02:28
838

“Kontrabasçı”nın etirafı

Azərbaycan əleyhinə çoxsaylı hesabatları, yalan və həqiqəti təhrif edən bəyanatları ilə tanınan Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo bu günlərdə gözlənilməz açıqlama ilə gündəmə gəlib. Belə ki, o, ilk dəfə olaraq Ermənistanın Azərbaycan torpaqlarını uzun müddət işğalda saxladığını etiraf edib. O, həmçinin həmin ərazilərdə yaşayanların əksəriyyətinin azərbaycanlıların təşkil etdiyini vurğulayıb.

Görəsən, haylara rəğbəti ilə seçilən, sözün həqiqi mənasında onların əlində alətə çevrilən cənab Okampo niyə belə bir fikir səsləndirib? Olmaya, o, ermənipərəstliyin daşını atıb? Yoxsa onun “vicdan”ı indiyədək söylədiyi yalanlara görə sızıldamağa başlayıb? Sanki dünənə qədər Qarabağdakı “humanitar fəlakət”lə bağlı saxta məlumatlar yayan,  həmin ərazidən separatçıların təhriki ilə könüllü köçüb getmiş erməniləri “etnik təmizləmə qurbanı” kimi qələmə verən, Bakıda həbsxanada saxlanılan hərbi cinayətkarların azad olunması üçün başladılan kampaniyanın ön sıralarında gedən, bu ay ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29)  boykota səsləyən o deyilmiş. Hətta o, həyasızcasına belə bir fikir də səsləndirmişdi:“Biz COP29-un Bakı həbsxanalarında 23 erməni məhbusla keçməsinə icazə verə bilmərik. Biz erməni məhbuslar məsələsini mərkəzi məsələyə çevirməliyik”.

Şübhəsiz, Azərbaycanın əldə etdiyi uğurları həzm edə  bilməyən Luis Moreno Okamponun  bütün bunları sayıqlamasında yalnız bir məqsədi olub: Beynəlxalq aləmdə ölkəmiz əleyhinə mənfi  rəy formalaşdırmaq. Elə bir mənfi rəy ki, onun nəticəsində rəsmi Bakıya  təzyiqlər olsun, sanksiyalar tətbiq edilsin. Amma əsl həqiqət budur ki, o, bütün bunları yalnız yuxularında görməkdədir.

Bəri başdan qeyd edək ki, dələduz Okamponun  bu etirafından belə məlum olur ki,  sən demə, o, bölgədə baş verən bütün olaylardan əməlli-başlı məlumatlıdır. Yəni o, yaxşı bilirdi ki, Qarabağda heç bir etnik təmizləmə aparılmayıb. Ermənilər könülllü şəkildə həmin ərazini tərk ediblər. Halbuki Bakı onlar üçün hər cür şərait yaratmışdı. Bunu beynəlxalq qurumlar da təsdiq ediblər. Ermənilər isə zaman-zaman azərbaycanlılara qarşı soyqırımlar həyata keçiriblər. Onların sayı-hesabı yoxdur.  Hətta haylar Vətən müharibəsi zamanı Gəncə,  Bərdə, Tərtər, Yevlax, Beyləqan, Qəbələ, Goranboyu  raket zərələrinə məruz qoyublar. O yaxşı bilirdi ki, Bakıda saxlanılanlar hərbi əsirlər yox, Azərbaycana qarşı bəşəri cinayətlər törədənlərdir. O bilirdi ki, hazırda özünün inkişaf mərhələsini yaşayan Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi sahəsində ad qazanıb və belə bir mötəbər tədbirə də ev sahibliyi etməyə layiqdir. Amma  o, erməni lobbisinin pul kisələri qarşısında özünü tülkülüyə qoyaraq əleyhimizə hədyanlar yağdırıb.  Bəs indi nə baş verib ki, o, belə bir etirafa baş vurub? Görünür,  erməni lobbisi vəd olunan milyonlarla dolları ona çatdırmayıb,  obrazlı ifadə etsək, quyruğunu tapdalayıb. Bu məqamda “Bəxtiyar” filmində “konsert verən” restoran kontrabasçısının bu sözlərini xatırlamamaq mümkün deyil: “Əlimdən gələni elədim, pulumu kim verəcək? Pulumu verin!!!”.  Görünür, Okampoya da “zəhməthaqqı”nı  verən yoxdur.  Şübhəsiz, bu səbəbdən o, elə sözügedən filmin Ağabalasının dediyi kimi, “antrakt” elan edib. Xatırladaq ki, bədnam, qaranlıq keçmişi olan, peşəkar fırıldaqçı Luis Moreno Okampo bir neçə ilə bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin ona kəsdiyi pensiyanın azlığından şikayətlənərək  “özəl xidmətlər” göstərmək məcburiyyətində qaldığını demişdi. 

Şübhəsiz, Luis Moreno Okamponun belə etirafı anti-Azərbaycan təbliğatı aparanlara  görk olacaq. Nəticədə haylarına puluna satılmış yüksək ranqlı siyasətçilər, hüquqşunaslar, həmçinin digərləri də onun kimi etiraflar edəcəklər. Bu isə o deməkdir ki, bütün erməni lobbisinin pul dağarcığından asılı olan, elə bu səbəbdən Azərbaycan həqiqətlərini təhrif edən, ölkəmizin əleyhinə hədyanlar yağdıran ermənipərəstləri də belə bir oxşar sonluq gözləyir. Amma bu gün görünən odur ki, rəsmi Bakı öz dolğun siyasəti, öz gücü və imkanları hesabına bütün istəklərinə nail ola bilir.  Luis Moreno Okampo kimilər onun üçün əsla  əngəl deyil!!!

Qvami Məhəbbətoğlu, “İki sahil”