Qəzza zolağında əldə edilən istənilən atəşkəs razılaşması müharibənin məqsədlərinə çatana qədər İsrailin Qəzzaya yenidən hücum etmək hüququnu təmin etməlidir.
“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, bu fikirlər İsrail Baş Nazirliyinin Mətbuat İdarəsinin yaydığı HƏMAS və İsrail arasında Qəzzada atəşkəs və qarşılıqlı məhbus mübadiləsi ilə bağlı danışıqlarda rəsmi Təl-Əvivin şərtləri siyahısında qeyd edilib.
Bildirilib ki, Misirdən Qəzzaya "silah qaçaqmalçılığı"nın və minlərlə silahlı Həmas üzvünün Qəzzanın şimalına qayıtmasına icazə verilməyəcək.
Mümkün razılaşmada Qəzzadan buraxılacaq israilli məhbusların sayının maksimuma çatdırılması istənilib.
Açıqlamada, İsrailin qəbul etdiyi və ABŞ prezidenti Co Bayden tərəfindən müsbət qarşılanan planın İsrailin müharibədəki hədəflərinə kölgə salmayacağı bildirilib.
Rəsmi Təl-Əviv bəyan edib ki, Qəzzaya hücumlarda məqsəd Həmasın hərbi bacarıqlarını məhv etmək və yenidən Qəzzada dominant gücə çevrilməsinə mane olmaqdır.
İyunun 19-da bir televiziya kanalına müsahibə verən İsrail Ordusunun sözçüsü Daniel Hagari bildirib ki, HƏMAS-ı hərbi yolla məhv etmək mümkün deyil: “HƏMAS ideyadır. Belə bir hədəfin qoyulması ictimaiyyəti çaşdırmaq deməkdir”.
HƏMAS isə vasitəçilərdən, razılıq əldə olunarsa, bunun daimi atəşkəsə çevriləcəyinə dair təminat tələb edir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”