14 iyun 2026 12:00
132

Milli Qurtuluşdan enerji diplomatiyasına: Azərbaycanın regional gücə çevrilməsinin siyasi və iqtisadi təməli

15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində yalnız siyasi sabitliyin bərpası ilə yadda qalan bir tarix deyil. Bu gün eyni zamanda ölkənin gələcək inkişaf strategiyasının, iqtisadi müstəqilliyinin və enerji diplomatiyasının əsaslarının qoyulduğu dönüş nöqtəsi kimi qiymətləndirilir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyini təhlükədən xilas etməklə yanaşı, ölkənin beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyinin formalaşdırılması istiqamətində də mühüm addımlar atıldı.

1990-cı illərin əvvəllərində Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan son dərəcə mürəkkəb vəziyyətlə üz-üzə idi. Dövlət institutları zəifləmiş, iqtisadiyyat dərin tənəzzülə uğramış, xarici investorların ölkəyə marağı demək olar ki, yox səviyyəsində idi. Belə bir şəraitdə həyata keçirilən siyasi sabitlik siyasəti və uzaqgörən iqtisadi strategiya Azərbaycanın gələcək inkişafının təməlini formalaşdırdı.

“Əsrin müqaviləsi” enerji diplomatiyasının əsasını qoydu

Məhz bu dövrdə Azərbaycanın zəngin enerji ehtiyatlarının ölkənin milli maraqlarına uyğun şəkildə dünya bazarlarına çıxarılması prioritet məsələlərdən birinə çevrildi. 1994-cü il sentyabrın 20-də imzalanan və sonradan “Əsrin müqaviləsi” adlandırılan beynəlxalq neft sazişi təkcə iqtisadi deyil, həm də siyasi baxımdan tarixi hadisə idi.

Dünyanın aparıcı enerji şirkətlərinin iştirakı ilə imzalanan bu müqavilə Azərbaycanı beynəlxalq enerji xəritəsinə çıxardı, ölkəyə milyardlarla dollar investisiyanın cəlb edilməsinə imkan yaratdı və xarici tərəfdaşların Azərbaycana inamını möhkəmləndirdi. Ən əsası isə ölkə ilk dəfə olaraq enerji resurslarını milli maraqlarına uyğun şəkildə idarə edən müstəqil aktora çevrildi.

Enerji layihələri Azərbaycanın geosiyasi çəkisini artırdı

“Əsrin müqaviləsi”ndən sonra həyata keçirilən enerji layihələri Azərbaycanın iqtisadi yüksəlişinin əsas lokomotivinə çevrildi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və digər iri infrastruktur layihələri ölkənin enerji resurslarının təhlükəsiz və şaxələndirilmiş marşrutlarla dünya bazarlarına çıxarılmasını təmin etdi.

Bu layihələr yalnız enerji ixracını artırmadı, eyni zamanda Azərbaycanın geosiyasi əhəmiyyətini də yüksəltdi. Azərbaycan regionda enerji və nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından birinə çevrildi, Cənubi Qafqazda sabitlik və əməkdaşlığın vacib tərəfdaşı kimi tanınmağa başladı.

Cənub Qaz Dəhlizi Azərbaycanın strateji mövqeyini möhkəmləndirdi

Bu gün Azərbaycanın enerji diplomatiyasından danışarkən Cənub Qaz Dəhlizini xüsusi qeyd etmək lazımdır. Ümumi dəyəri on milyardlarla dollar olan bu nəhəng layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan qazı hazırda Türkiyə ilə yanaşı, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya və digər Avropa ölkələrinin enerji balansında mühüm yer tutur. Xüsusilə son illərdə qlobal enerji bazarında yaranan qeyri-müəyyənliklər fonunda Azərbaycan etibarlı təchizatçı kimi ön plana çıxıb. Bu isə ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərini daha da gücləndirib və enerji diplomatiyasını xarici siyasətin mühüm alətlərindən birinə çevirib.

Etibarlı tərəfdaş imici Azərbaycanın üstünlüyünə çevrilib

Enerji diplomatiyasının ən mühüm nəticələrindən biri Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunmasıdır. Son illərdə dünyada enerji bazarlarında baş verən dalğalanmalar fonunda Azərbaycan bütün öhdəliklərini vaxtında yerinə yetirərək sabit təchizatçı statusunu qoruyub saxlayıb. Bu amil ölkəmizin beynəlxalq enerji layihələrində rolunu artırmaqla yanaşı, yeni əməkdaşlıq imkanlarının yaranmasına da şərait yaradıb. Məhz buna görə bu gün Azərbaycan Avropa İttifaqı və digər tərəfdaşlarla enerji sahəsində uzunmüddətli əməkdaşlıq münasibətlərini uğurla inkişaf etdirir.

Yaşıl enerji dövrünə keçid yeni mərhələnin göstəricisidir

Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji siyasəti yeni mərhələyə qədəm qoyub. Ənənəvi neft-qaz layihələri ilə yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan edilməsi Azərbaycanın enerji strategiyasının gələcəyə hesablandığını göstərir. Günəş və külək enerjisi sahəsində beynəlxalq şirkətlərlə imzalanan müqavilələr ölkənin enerji ixracatçısı statusunu yeni formatda davam etdirməsinə imkan yaradır. Eyni zamanda, yaşıl enerjinin Avropa bazarlarına ixracı ilə bağlı layihələr Azərbaycanın enerji diplomatiyasını daha da genişləndirir.

Milli Qurtuluşdan başlayan yol enerji liderliyinə aparıb

Bu gün Azərbaycan təkcə enerji resursları ixrac edən ölkə deyil, həm də regional əməkdaşlığı təşviq edən, qlobal enerji təhlükəsizliyinə töhfə verən mühüm aktora çevrilib. Avropa İttifaqı, Türkiyə, Gürcüstan və digər tərəfdaşlarla qurulan enerji əməkdaşlığı şəbəkəsi ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət edir. Milli Qurtuluş Günündən ötən 33 il ərzində əldə olunan nailiyyətlər göstərir ki, 1993-cü ildə qəbul edilən strateji qərarlar Azərbaycanın inkişaf yolunu müəyyənləşdirən əsas amillərdən biri olub. Dövlət müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin olunması və milli maraqlara əsaslanan enerji siyasəti nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib.

Bu gün enerji diplomatiyasında qazanılan uğurların kökündə məhz Milli Qurtuluşdan sonra formalaşdırılan dövlətçilik konsepsiyası dayanır. Azərbaycanın enerji layihələri artıq təkcə iqtisadi dividendlər gətirmir, həm də ölkənin siyasi çəkisini artıran, beynəlxalq əməkdaşlığı gücləndirən və milli maraqların qorunmasına xidmət edən strateji alət rolunu oynayır. Məhz buna görə də Milli Qurtuluş Günü ilə müasir enerji diplomatiyası arasında birbaşa və möhkəm əlaqə mövcuddur. Azərbaycanın bugünkü enerji uğurlarının təməli 15 İyun 1993-cü ildə başlayan yeni inkişaf mərhələsində qoyulub və bu strateji kurs ölkənin gələcək yüksəlişinin də əsas təminatçısı olaraq qalır.

Orxan Vahidoğlu, “İki sahil”