21 fevral 2024 17:13
732

Xalqımızın qan yaddaşı

Bəşər tarixində elə qanlı hadisələr baş verib ki, təkcə bir xalq üçün deyil, bütün bəşəriyyət üçün ağır nəticələrlə yadda qalıb. Bəzən bu qanlı cinayətlərin törədilməsi xalqın öz milli şüurunun, milli kimliyinin dərk edilməsini sürətləndirmiş, azadlıq hərəkatını gücləndirmişdir. XX əsrin əvvələrində erməni millətçiləri tərəfindən xalqımıza qarşı bir çox ağlasığmaz,  hətta tarixdə bənzəri olmayan soyqırımlar törədilib. Şübhəsiz ki, bu cinayətlərin kökü ermənilərin indiki Ermənistan ərazisinə, yəni Qərbi Azərbaycana köçürülməsindən başlayır. Təkcə XX əsrin əvvəllərində xalqımız iki dəfə soyqırıma: 1905-1906, 1918-1920-ci illər, iki dəfə isə 1948-1953, 1988-1991- ci illərdə etnik təmizləməyə məruz qalib ki, bu da soydaşlarımızın öz dədə-baba torpaqlarından qovulması ilə nəticələnib. 1992-ci il 26 fevral tarixində erməni cəlladları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı isə XX əsr tariximizə insanlığa sığmayan növbəti qanlı cinayət kimi daxil oldu. Dinc Xocalı sakinlərinə, uşaqlara, qadınlara, yaşlılara qarşı misli görünməmiş vəhşiliklə törədilmiş bu qətliyam qeyri-insani cəza üsulları ilə yaddaşlarda qalıb və qalacaq.

Bir çox məşhur jurnallar Xocalı hadisələrinə biganə qalmayaraq, öz səhifələrində törədilmiş vəhşilikləri əks etdirən yazılara hadisənin baş verdiyi ilk günlərdən yer vermişlər. Bu sırada Krua L Eveneman jurnalında, Böyük Britaniyanın Sandi Tayms, Faynenşl Tayms, Fransanın Le Monda və Rusiyanın İzvestiya qəzetlərindəki yazılar xüsusi qeyd edilə bilər.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ilk dəfə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi. İlk dəfə Ulu Öndərin 1997-ci ilin 25 fevral tarixində imzaladığı sərəncama əsasən hər il 26 fevralda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilir. 2008-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına start verildi. Kampaniyanın əsas məqsədi Xocalı soyqırımı barədə dünya ictimaiyyətini məlumatlandırmaq, soyqırıma hüquqi və siyasi qiymətin verilməsi idi. Sözügedən kampaniya çərçivəsində həm qonşu dövlətlərdə, həm də bir sıra Qərb ölkələrində tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci il 27 sentyabr tarixində başlatdığı əks-hücum əməliyyatını 2020-ci ilin 8 noyabrında şanlı tarixi Zəfərlə başa çatdırdı. Ermənistandan fərqli olaraq,  Azərbaycan haqq işi uğrunda ədalətli müharibə apardı. Lakin Ermənistan tərəfi döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşdiyi zaman, insanlıq əleyhinə müharibə cinayətlərinə əl ataraq cəbhə xəttindən kənarda yerləşən dinc əhalinin yaşadığı, Gəncəni, Bərdəni, Tərtəri beynəlxalq hüquqla qadağan olunmuş silahlarla atəşə məruz qoydu. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti Azərbaycan Ordusunun qəhrəmanlığı, igidlərimizin şücaəti sayəsində Xocalı şəhidlərinin qanı döyüş meydanında alındı. Bu gün əminliklə, qürurla deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. 2023-cu ilin 19-20 sentyabr tarixində keçirilən lokal antiterror tədbirləri nəticəsində Xocalı şəhəri erməni seperatçılardan tamamilə azad edildi. Artıq Xocalıya qayıdış prosesinə start verilmişdir. Xocalı faciəsi xalqımızın qan yaddaşında əbədi qalacaq. Azərbaycanlılar Xocalı faciəsi qurbanlarının əziz xatirəsini hər zaman ehtiramla yad edəcək.

Vasif Səfiyarov,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi