29 noyabr 2024 15:56
493

Astmanın yeni müalicə üsulu TAPILDI!

Alimlər 50 ildən sonra ilk dəfə astma tutmalarına qarşı yeni müalicə metodu hazırlayıblar. Yeni dərmanın klinik sınaqları  bu xəstəliyi ağır keçirən insanlara müsbət təsir göstərib.

Müalicədə istifadə edilən bir inyeksiya, astma tutmaları və KOAH kimi tanınan xroniki obstruktiv ağciyər xəstəliyi zamanı işə düşən immunitet sistemini hərəkətə keçirir. “Benralizumab” dərmanı ağır hallarda istifadə olunurdu. Lakin son araşdırmalar onun astma tutmalarında müntəzəm olaraq istifadə oluna biləcəyini təsdiqləyib.

London Kral Kollecinin tədqiqatçılar qrupu bildirir ki, yeni dərman astmanın müalicəsində əhəmiyyətli dönüş nöqtəsi ola bilər. “BBC Türkcə”nin məlumatına görə, “Benralizumab” maddəsi iltihaba və ağciyərlərə zərər verə bilən eozinofillər adlanan ağ qan hüceyrələrini hədəf alır. Eozinofillər astma tutmalarının yarısında və KOAH hallarının üçdə birində aktivləşir.

158 xəstənin üzərində aparılan araşdırmanın nəticələri “Lancet Respiratory Medicine” jurnalında dərc olunub. Buna görə steroid istifadəsi zamanı 74 faizlik müalicə uğursuzluq nisbəti yeni üsulda 45 faizə düşüb. “Benralizumab” hələ geniş istifadəyə verilməyib. Daha əhatəli sınaq prosesinin 2025-ci ildə başlayacağı gözlənilir.

Vüsal Cahanov, “İki sahil”