18 aprel 2024 14:59
3597

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Son 200 ildə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti tariximizin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, əzəli Azərbaycan ərazilərində uydurma “böyük Ermənistan” dövləti yaratmaq olub. Ermənilərin xalqımıza qarşı vəhşiliklərindən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilib. Bu gün həmin faciədən artıq 31 il ötür.

“İki sahil” AZƏRTAC-a istinadən Başlıbel faciəsi ilə bağlı bəzi məqamlara nəzər salır.

1993-cü il aprelin əvvəllərində Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 62 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilmişdi. Onlar burada kahalarda cəmi 18 gün gizlənə bilmişdilər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçərək 18 nəfəri qətlə yetirdilər, 14 nəfəri isə girov götürdülər.

Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini tez-tez dəyişərək, yalnız gecələr hərəkət etməklə 113 gündən sonra gizli dağ yolları ilə Ermənistan ordusunun mühasirəsindən çıxa bildilər. Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri işğal zamanı dağıdılaraq məhv edildi.

Ötən müddət ərzində Başlıbel faciəsinin araşdırılması, tədqiqi dövlətimiz tərəfindən diqqətdə saxlanılıb. 2017-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” layihəsi əsasında eyniadlı kitab nəşr edilib. Azərbaycan və ingilis dillərində buraxılan nəşrdə Başlıbel kəndində törədilmiş qırğın haqqında canlı şahidlərin, mühasirədə qalanları xilas etmək üçün böyük fədakarlıq göstərmiş şəxslərin xatirələri yer alıb. Başlıbel faciəsi ilə bağlı məlumatlar ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatına da daxil edilib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini, ermənilərin öz havadarlarının köməyi ilə iki yüz il ərzində xalqımıza qarşı törədilmiş genosid siyasətinin ağır nəticələrini üzə çıxarmaq imkanı yarandı. Soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atmağa başladı. Bu sahədə məqsədyönlü fəaliyyət Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlandı. Xalqımıza qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Prezident Fərmanı imzalandı. Bununla da dəhşətli soyqırımlarına, faciələrə hüquqi-siyasi qiymət verilmiş oldu.

Bu siyasətini uğurla davam və inkişaf etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində xalqımız böyük Zəfər qazandı. Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı məhz 44 gün davam edən Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatında verildi. Soyqırımı qurbanlarının, şəhidlərimizin qısasını Azərbaycan Ordusu döyüş meydanında alaraq düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Beləliklə, Kəlbəcər rayonu bir güllə atılmadan, şəhid vermədən düşmən tapdağından azad edildi. Baş Planı təsdiq olunmuş Kəlbəcərdə hazırda geniş tikinti-quruculuq işləri həyata keçirilməkdədir.

Faşist ideologiyasına xidmət edən erməni şovinistləri Azərbaycan və türk xalqına qarşı hər zaman düşmən mövqedə olublar. Onlar müxtəlif dövrlərdə xalqımıza qarşı kütləvi qətliamlar törədib, soyqırımı aktları həyata keçiriblər. Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir, təkzibolunmaz arxiv sənədləri, soyqırımları və ermənilərin digər cinayətlərini təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Belə ki, 2021-ci il fevralında Şuşa rayonunun Daşaltı kəndində 7 nəfərin basdırıldığı kütləvi məzarlıq tapılıb. 2021-ci ilin aprelində Başlıbeldə də belə məzarlıq, 2022-ci ilin martında Xocalı rayonunun Fərrux kəndində meyit qalıqları aşkar edilib. Həmin ilin sentyabrında Xocavənd rayonunun Edilli kəndində 18 nəfərə aid meyit qalıqları aşkar edilərək kütləvi məzarlıqdan çıxarılıb. Bu il fevralın 21-də isə Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı kütləvi şəkildə basdırılmış insan qalıqları aşkarlanıb.

Bütün bu faktlar, həmçinin Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyindən hələ də xəbər olmaması ermənilərin insanlıq əleyhinə ağır cinayətlərindən xəbər verir. Bu cinayətlərə görə erməni vandalları və terrorçuları mütləq beynəlxalq hüquq və ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar.