18 aprel 2024 23:43
3611

Başlıbel faciəsi: 113 gün mühasirə, qətl, girovluq..

Əzəli yurd yerlərimizdən olan Başlıbel Kəlbəcər rayonunun çox qədim tarixə malik kəndlərindəndir. Kənd Dəlidağın ətəyində və iki çayın qovuşduğu yerdə salınıb. Kəndin ərazisi 7659 hektardır. Başlıbelin ərazisində 1993-cü ilədək yaşayan yerli sakinlər Azərbaycan türkləri olub. Kənd ağsaqqallarının sözlərinə görə, Başlıbelin hazırki sakinlərinin babaları bu ərazidə XVII əsrdə məskunlaşıblar. Hətta kənd qəbiristanlığında 1660-cı ildə vəfat edən şəxsin məzarı 1993-cü ilədək qalırdı. Lakin kənddə göstərilən tarixdən də xeyli əvvəl yaşayışın olduğu haqqında müxtəlif tarixi mənbələrdə məlumatlar var. Keçən əsrin 80-ci illərində kənddə sakinlər üçün yeni evlər tikildiyi zaman 3-4 metr dərinliyində qəbirlər və gildən hazırlanan xüsusi qabların içərisində qədim insan skeletləri üzə çıxıb. Bundan başqa qəbirlərdə bəzək əşyaları, sikkələr də olub. Bu tarixi eksponatlar Kəlbəcər Tarix Diyarşünaslıq Muzeyinə təhvil verilib, lakin muzey düşmən tərəfindən qarət edilib. Kənddə 1790 nəfər insan yaşayıb. Eyni zamanda kənd işğal olunanadək burada 323 fərdi yaşayış olub, 380 nəfər şagirdlik orta məktəb, bir uşaq bağçası, bir xəstəxana, 6 mağaza, 1 hamam, 1 çörək sexi, 1 klub, 1 mədəniyyət evi və 2 kitabxana fəaliyyət göstərib. Kənddə 25 yük avtomobili, 2 UAZ markalı avtomobil, 2 sərnişin avtobusu və digər texnikalar qalıb, sakinlərin bütün əmlakı, 4500 iribuynuzlu, 12 min xırdabuynuzlu heyvan, 100 minədək ev quşu, 700 arı ailəsi düşmən tərəfindən ələ keçirilib.

Birinci Qarabağ müharibəsi zamanı Laçın rayonunun işğalından sonra Kəlbəcərin də mühasirə ehtimalları yaranmışdı. 1992-ci ilin aprelin 7-nə keçən gecə Ağdaban kəndinin yandırılması, 30-dan artıq dinc insanın qətlə yetirilməsi onu göstərirdi ki, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində hücumları bir qədər intensivləşəcək. Belə də oldu. Heç kim inanmırdı ki, Kəlbəcər işğal oluna bilər. Ancaq bu oldu və Kəlbəcər rayonu 1993-cü ildə işğal edildi. Vandal erməni hərbi birləşmələrinin vəhşiliyinə məruz qalan Başlıbel kəndində baş verən dəhşətli hadisələr də həmin tarixə təsadüf edir. Respublika Baş Prokurorluğunda aparılan cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Azərbaycanın digər rayonları ilə yanaşı, 1993-cü ilin aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələri hərbi təcavüzlə Kəlbəcər rayonunu işğal edərkən həmin rayonun Başlıbel kəndində mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdiriblər. 1993-cü ilin aprelin əvvəllərində Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməyib və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar. Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 18 nəfər qətlə yetirilib, 14 nəfər girov götürülüb. Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, onlardan 9 nəfəri aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat ediblər. İstintaq materialları ilə, həmçinin müəyyən edilib ki, cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 şəxsdən 7 nəfəri də mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişiblər. Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənmiş, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq 12 may 1993-cü ildə gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

Başlıbeldə 2021-ci ilin aprel ayında aşkar olunan kütləvi məzarlıq, 2022-ci ildə Edillidə tapılmış insan sümükləri Ermənistanın hərbi cinayətlərinin bariz nümunələridir. Başlıbeldə qətlə yetirilən 12 nəfərin cəsədinin DNT analizləri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyini təsdiqləyib. İki il öncə Xocalı rayonunun Fərrux kəndində insan qalıqlarının aşkar edildiyi kütləvi məzarlıq, Xocavənd rayonunun Edilli kəndində aparılan qazıntı işləri zamanı aşkarlanan azərbaycanlı hərbçilərin olduğu kütləvi məzarlıq, həmçinin Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyindən hələ də xəbər olmaması ermənilərin insanlıq əleyhinə növbəti cinayətlərindən xəbər verir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən 2021-ci ildə BMT-nin Baş katibinə ünvanlanan Kəlbəcərin Başlıbel kəndində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinin məqsədyönlü şəkildə qətlə yetirməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan cinayət işinin ilkin nəticələrinə dair məktub BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Baş katibin diqqətinə çatdırılıb ki, aparılan araşdırmalar zamanı digər rayonlar ilə yanaşı, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Kəlbəcər rayonunun Başlıbel kəndinin mülki əhalisinə qarşı xüsusi amansızlıq və qəddarlığın nümayiş etdirildiyi müəyyən olunub. Kənd sakinlərinin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirildiyi, girov götürülən şəxslərə isə işgəncələr verildiyi, həmçinin həmin kəndin tamamilə dağıdıldığı və yer üzündən silindiyi bildirilib. Başlıbel faciəsinin Ermənistanın Azərbaycana qarşı təcavüzü çərçivəsində həmin qondarma dövlət tərəfindən törədilən çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdən yalnız biri olduğu qeyd edilib. Ədalətin təmin olunması və müharibə sonrası barışıq üçün bütün bu cinayətlərin hərtərəfli araşdırılmasının vacib olduğu vurğulanıb.

Prezident İlham Əliyev 2021-ci ilin sentyabrında BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində çıxışı zamanı Başlıbel qırğınını xüsusi vurğulamaqla kütləvi məzarlıqlar mövzusunu BMT səviyyəsinə qaldırıb. Dövlət başçısı bildirib ki, Ermənistan itkin düşən şəxslərin taleyi ilə bağlı bizə məlumat verməlidir. Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır... Həmçinin ölkə başçısının “Xocalı soyqırımının 30-cu ildönümü haqqında” 2022-ci il 28 yanvar tarixli Sərəncamında qeyd edilir ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edilib, 20 min vətəndaşımız qətlə yetirilib, 50 min nəfərdən artıq adam yaralanıb və əlil olub. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qalıb...

Sevinc Azadi, “İki sahil”