20 fevral 2024 13:34
558

Xocalı faciəsi qurbanlarının qisası alındı

Xocalı soyqırımı bəşəriyyət tarixində törədilmiş ən ağır qanlı cinayətlərdən biridir. Belə ki 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutmuşdur.  Soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilmiş, 1275 sakin girov götürülmüş, 150 nəfərin taleyi isə bu günədək naməlum qalmışdır. Həmin faciəvi gecədə 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edilmişdir ki, onlardan 76 nəfəri uşaq olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirmişdir. Erməni silahlıları Xocalıda dünya tarixində görünməmiş vəhşiliklər törədərək dinc insanları xüsusi qəddarlıqla qətlə yetirmişlər. Qətlə yetirilən insanlardan 56 nəfəri diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülmüşdür. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir.

Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində dövlətimiz tərəfindən sistemli şəkildə tədbirlər həyata keçirilmiş və Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün görülən işlərdən bəhs edərkən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya Ədalət” kampaniyası xüsusilə qeyd olunmalıdır. 2008-ci ildən start verilən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir.

“Xocalıya ədalət” kampaniyasının strateji məqsədlərinə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi, Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi, vurulmuş maddi və mənəvi ziyana görə tam olaraq kompensasiyanın ödənilməsi, müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması, soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması kimi məsələlər daxildir.

Bəşər tarixinin əl qanlı cinayətlərindən olan Xocalı soyqırımı haqqında beynəlxalq mətbuatda da xeyli sayda məlumatlar dərc edilmişdir. Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında həmçinin Justice for Khojaly informasiya portalı müstəsna rola malikdir. 

Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xalqımız soyqırımı qurbanlarının xatirələrini dərin ehtiramla yad edir. Rəşədaətli ordumuz Müəzffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il Vətən müharibəsində torpaqlarımızı azad etməklə, eləcə də 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərini separatçılardan təmizləməklə Xocalı faciəsi qurbanlarının da qisasını aldı və şəhidlərimizin qanı yerdə qalmadı.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri