17 fevral 2024 15:24
461

“Ermənilər danışıqlar aparmaq adı ilə bizi əsir aldılar” -  Bəylik bağından reportaj

XX əsrin dəhşətli faciələrindən olan Qaradağlıda ermənilərin törətdiyi qətliamdan 32 il ötür. Həmin vaxt qətlə yetirilənlərdən bir çoxunun nəşi hələ də tapılmayıb.

“İki sahil” xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri Qaradağlı faciəsi zamanı ermənilər tərəfindən əsir götürülən və sonradan xilas olan kənd sakinləri ilə qətliamın törədildiyi ərazidə çəkiliş edərək, dəhşətli qətliamı onların dilindən dinləyib. Müxbirin qeydlərini təqdim edirik.

Ermənilərin məkrli Qarabağ planı 1988-ci ildən daha geniş vüsət almağa başladı. Azərbaycanlılar bu yerlərdən sıxışdırılır, təzyiqlər göstərilir, sakinlər qətlə yetirilirdi. Hədəflərdən biri də Xocavənd rayonunun Qaradağlı kəndi idi. 1992-ci ilə qədər kənddə 17 nəfər müxtəlif vaxtlarda qətlə yetirilmişdi.

Qaradağlı ətrafda ermənilərin yerləşdiyi kəndlərdən mütəmadi hücumlara məruz qalırdı. Buna görə özünümüdafiə dəstəsi yaradılaraq kəndin mühafizəsi təşkil olunurdu. Həmin döyüşlərdə iştirak edənlərdən biri də kənd sakini Şahruz Əliyev olub. O, 32 ildən sonra müdafiəsində iştirak etdiyi kəndə və son döyüşün baş verdiyi kolxoz idarəsinin binasına gələrkən gözləri dolur, həmin anları bir daha xatırlayaraq deyir: “Fevralın 14-də ermənilər ağır texnikalarla və artilleriya ilə hücuma keçdilər. Biz burada, kolxoz binasında toplaşmışdıq. Kömək gələcəyini gözləsək də, dəstək olmadı. Əlimizdəki silahlarla sonadək vuruşduq və 7 şəhid verdik. Ermənilər təslim olmadığımızı görüb, fevralın 17-də danışıq aparmağa çalışdılar. Vəd verdilər ki, Ağdam istiqamətinə getmək üçün sakinlərə şərait yaradacaqlar. Bundan az sonra bina ağır texnikalardan atəşə tutuldu və tüstü qumbaraları atıldı, binanı tərk etməyə məcbur olduq. Sağ qalan hər kəs əsir götürüldü. Nələr yaşamadıq... Baş verənlər gözümün önündə canlanır, sanki ötən gün olub...”.

Digər müsahibimiz, Qaradağlı sakini Xudayat Tağıyev də son ana qədər döyüşlərdə iştirak edib. Həmin vaxt 17 yaşı olan müsahibimiz bildirir ki, Qaradağlı sakinləri sursat bitənə qədər kəndi müdafiə ediblər. “Ağır döyüşlərdən sonra kəndin ətrafındakı postları itirdiyimizə görə kolxoz binasına sığınmışdıq. Üç gün burada müdafiə olunduq, döyüşdük. Silahlarımız isə ov tüfəngləri, bir neçə avtomat və bir qumbaraatan idi. Kəndin qadın, uşaq və qocaları da bizimlə idi. Sursatımız az olsa da, ermənilər binaya yaxın gəlməyə qorxurdular. Sursatımızın bitdiyini görən ermənilər danışıqlar aparmaq adı ilə bizi əsir aldılar”.

Müsahiblərimizlə birlikdə Qaradağlıdan çıxaraq qətliamın törədildiyi Bəylik bağı deyilən əraziyə yollanırıq. Xocavənd-Xankəndi yolunun kənarında, Bəylik bağı adlanan ərazidə maşını saxlayırıq.

Yol yoldaşımız, kənd sakini Eyvaz Tağıyev yüksəklikdəki kəndi göstərir, orada vaxtilə Zori Balayanın yaşadığını söyləyir. Deyir ki, Qaradağlının atəşə tutulduğu ətraf kəndlərdən biri də məhz ora olub. Qaradağlının çökək ərazidə olmasını fürsət bilən ermənilər partlayıcı və yandırıcı maddələri çəlləklərə dolduraraq, təkərlərin üzərində kəndə tərəf yönəldirdilər. Bu yolla Qaradağlıda yanğınlar törədirdilər.

Qaradağlı sakinləri həmyerlilərinin qətlə yetirilərək basdırıldığı təsərrüfat quyusunu tapmağa çalışırlar. Lakin ermənilər həmin ərazidə də cinayət izlərini itirmək üçün əllərindən gələni ediblər. Buna baxmayaraq, hadisə şahidləri bir neçə yerin həmin quyu olduğunu güman edirlər.

Xudayat Tağıyev bildirir ki, onları kolxoz idarəsinin binasından Xankəndiyə tərəf aparanda kütləvi qətliam məhz bu yerdə törədilib: “Hər kəsi “KamAZ”a, daha sonra “QAZ-66” markalı maşına mindirdilər. Bu yer Bəylik bulağı adlanır, burada maşını saxladılar və 11 nəfəri düşürüb öldürmək istəyəndə, Telman müəllim üzərində gizlətdiyi əl qumbarasını partladaraq 6 ermənini məhv etdi. Ermənilər maşını və 11 nəfəri gülləborana tutdular. Yaralıların başlarını kəsdilər. Burada 33 nəfər qətlə yetirildi. Cəsədlər məhz bu ərazidə, silos quyusunda basdırıldı. Sonra sağ qalanları Xankəndiyə apardılar. Mən 17 gün əsirlikdə qaldım, olmazın işgəncələr gördüm. Əsirlikdə olan bir çox həmkəndlimiz isə qətlə yetirildi”.

Faciə şahidi Şahruz Əliyev də həmkəndlilərinin basdırıldığı yeri tapmaqda çətinlik çəkir. Deyir ki, ermənilər qətliamın izini itirmək üçün ərazdə dəyişiklik ediblər. Onun sözlərinə görə, Xankəndidə əsirlikdə olan zaman ermənilər onları internat məktəbinə apararaq işgəncələr verirdilər: “Hətta məktəbliləri gətirərək bizi onlara göstərir və düşmən kimi təqdim edirdilər. 47 gün əsirlikdə qaldım. Əsirlikdə qardaşım Vətən Əliyev də daxil olmaqla, 6 nəfəri dəyişmək adı ilə apardılar. Amma hələ də həmin şəxslərin taleyindən xəbər yoxdur. Ümumiyyətlə, kənddən əsir götürülənlərdən cəmi 72 nəfər Xankəndiyə sağ çatmışdı. Qalanlarını yolda qətlə yetirmişdilər”.

Qətliam şahidləri nə qədər ağrı-acılar görsələr də, o anları unuda bilməsələr də, onların bir təsəlli yeri var. İndi nəinki Qaradağlı, Qarabağ, Şərqi Zəngəzur azaddır, düşməndən qisas alınıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman Azərbaycan Ordusunun şücaəti sayəsində torpaqlarımız yağı düşməndən təmizlənib. Faciə şahidlərinin istəyi isə odur ki, gənc nəsil Azərbaycan xalqının başına gətirilən bu cür hadisələri unutmasınlar, düşməni tanısınlar. Axı, keçmişi unutmaq olmaz!