23 yanvar 2024 01:15
380

Sonu görünməyən bəşəri cinayət

Sülh müqaviləsini əngəlləyən məqamlardan biri də rəsmi İrəvanın hələ də minalı ərazilərin xəritəsini verməməsidir

Bu bir acı həqiqətdir ki, bu gün Azərbaycan minalarla çirkləndirilmiş ölkələr sırasında ön sıralarda qərarlaşıb. Bunun da səbəbi işğalçı Ermənistanın işğal illərində  30 ildə doğma torpaqlarımızda bir milyondan çox minanın basdırmasıdır. Rəsmi statistikaya görə, 1991-ci ildən bu günə qədər 4 minə yaxın Azərbaycan vətəndaşı minaların qurbanı olub. İkinci Qarabağ müharibəsindən sonra isə 342 vətəndaşımız minaya düşərək həyatlarını itiriblər.

Bununla Ermənistan 1999-cu il Ottava Konvensiyasının piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edən bəndlərini, «Müharibə qurbanlarının müdafiəsi haqqında» 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il «Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında» Konvensiyanın ikinci protokolunun tələblərini kobud şəkildə pozub. Beynəlxalq konvensiyalara görə piyada əleyhinə minaların tətbiq olunması qəti qadağandır və bu, cinayət hesab edilir. Lakin bu çərçivədə müvavfiq beynəlxalq təşkilatlar Ermənistanın beynəlxalq hüquqazidd davranışlarının qarşısının alınmasına heç bir addım atmayıblar. Nəticə etibarilə Ermənistanın hələ də  minalanmış ərazilərin xəritələrinin ölkəmizə tam təhvil verməməsi  mina qurbanlarının sayını artırır. Qeyd edək ki, piyadalar əleyhinə minalarının qadağan edən beynəlxalq təşkilat  «Landmine Monitor 2023» ötən il Cenevrədə nəşr etdirdiyi hesabatda Ermənistanı piyadalar üçün mina istehsal edən ölkələr siyahısına salıb. Bununla da hesabatda bir daha ölkəmizin 44 günlük müharibədən sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinə minaların daşınması və yerləşdirilməsi ilə bağlı əsaslı iddiaları öz təsdiqini tapmış olub.

Hazırda işğaldan azad edilən ərazilərimizin bərpası və doğma yurd-yuvalarımıza həyatın qaytarılması Azərbaycanın əsas strateji hədəflərindən biridir. Lakin dədə-baba torpaqlarımızda ölümsaçan minaların basdırılması prosesin ləngiməsinə səbəb olur. Bu təxribatlar isə həm də yeni insidentlərin baş verməsinə səbəb olur ki, bunun da məsuliyyəti birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bütün bunlara rəğmən qüdrətli Azərbaycan dövləti suveren ərazilərini öz gücü hesabına minalardan təmizləməkdə davam edir. 2020-2022-ci illərdə 57,6 min hektar ərazi minalardan təmizlənmişdir. 2023-2026-cı illərdə isə 215 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır.

Bununla da 2027- ci ilin ilk aylarına qədər 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq. Onu da qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun mühəndis bölmələri tərəfindən bölgədə aparılan işlər nəticəsində ərazilərimizdə piyada əleyhinə 10 mindən çox,  tank əleyhinə 3000-dən çox mina aşkarlanaraq zərərsizləşdiriib.Ölkəmiz minatəmizləmə prosesində texniki təchizata xüsusi önəm verir. İki il ərzində xaricdən minatəmizləmə maşınları alan Azərbaycan artıq öz texnikasını istehsal edir. Belə ki, son dövrlərdə «İmprotex» Şirkətlər Qrupunun «Revival P» minatəmizləmə maşınının testləri keçirilib və özünü doğruldub.

Hazırda Cənubi Qafqaz regionunun əsas gündəmi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalaması ilə bağlıdır. İkinci Qarabağ müharibəsindən  və 2023-cü il sentyabrın 19-da reallaşan bir günlük lokal antiterror tədbirlərində separatçı xuntanın məhv edilməsindən sonra sülh sazişinin imzalanması üçün yeni imkanlar yaranıb. Lakin  hələ də sülh gündəminə mane olan məqamlar var ki, bunlardan biri də minalı ərazilərin xəritəsi ilə bağlıdır.

Azərbaycanın Xarici İşlər Nazirliyinin yanvarın 21-də yaydığı məlumatda bildirilib ki, Ermənistan tərəfindən yerləşdirilmiş minalar günahsız dinc əhali üçün təhlükə yaratmaqda davam edir. Qeyd olunub ki, indiyədək 342 nəfər mina terrorunun qurbanı olub. Nazirlik onu da bəyan edib ki, hər bir dövlət  mina xəritələrinin verilməsi üçün Ermənistana təzyiq etməlidir. Çünki bu, Azərbaycan xalqına qarşı hələ də davam edən bəşəri cinayətdir.

Siyasi ekspertlərin qənaətincə, Ermənistan minalı ərazilərin xəritəsini özü üçün əlavə rıçaq hesab etməklə bunu sülh danışıqlarında alver predmetinə çevirmək istəyir. Amma bu, avantüradan başqa bir şey deyil. Belə ki, 3 ildən çox bir müddətdə davam edən danışıqlara rəğmən rəsmi İrəvanvn minalı ərazilərin xəritəsinin hələ də Azərbaycana vermək istəməməsi siyasi riyakarlıqdır. Eyni zamanda, bu, sülhə hazırlıq dönəmində iki ölkə arasında qarşılıqlı etimad mühitinin yaranmasına mənfi təsir edir.

Müharibə cinayəti törədən ölkənin yanında duran havadarları da ən azı Ermənistan qədər bu məsələdə günahkardırlar. Ona görə də Azərbaycan XİN sözügedən məlumatında minalanmış ərazilərin xəritəsinin ölkəmizə verilməsinə mane olan xarici qüvvələri,  xüsusilə Fransanı da məsuliyyətli olmağa çağırır. Çünki rəsmi Paris sülh danışıqlarında özünü vasitəçi  kimi təqdim etməyə çalışsa da əksinə son 30 ildə Ermənistanın işğalçılıq siyasətinə tərəfkeşlik edərək bu gün də minalanmış ərazilərin xəritəsinin verilməməsi üçün Ermənistana təzyiq edir. Əlbəttə, Makron hakimiyyəti anlayır ki, minalı ərazilərin dəqiq xəritəsinin Azərbaycana təhvil verilməsi sülh üçün əlavə töhfə olar. Fransa isə buna qarşıdır.

Düzdür, Ermənistan indiyədək Azərbaycana guya minalanmış ərazilərin xəritələrini  verib. Lakin sonradan məlum olub ki, bu xəritələr heç də dəqiq deyil və sadəcə, çaşqınlıq yaratmaq məqsədi daşıyır. Məsələn, 2023-cü ilin martında Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilmişdi ki, ölkə ərazisində qeydə alınan mina partlayışlarının 55 faizindən çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə olub. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi isə bildirmişdi ki, həmin xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Bu isə bir daha Ermənistanın  qeyri-səmimiliyinin, hələ də müharibə cinayətinin təşkilatçısının olduğunu  göstərir.

Elçin Zaman, «İki sahil»