28 oktyabr 2024 15:16
351

Hərbi Prokurorluq və Daxili Qoşunlar birgə tədbir keçiriblər

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Hacıqabul rayonunun və Respublika Hərbi Prokurorluğunun rəhbər vəzifəli şəxsləri və Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının yüksək rütbəli hərbi qulluqçuları şəxsi heyətlə birgə tədbir keçirib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən "İki sahil"ə bildirilib ki, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin tövsiyələrini şəxsi heyətə çatdırıb.

Daha sonra Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Hərbi Prokurorluğun İdarə rəisi, ədliyyə polkovniki Natiq Həsənov, Lənkəran hərbi prokuroru, ədliyyə polkovniki Elşən Əliməmmədov, hərbi hissə komandiri, polkovnik Vaqif Umudəliyev, eləcə də digər şəxslər çıxış ediblər. Onlar çıxışlarında müstəqillik yolumuzu və firavan gələcəyimizi nurlandıran nəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq istiqbalına hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 il müddətində ölkəmizdə görülmüş müstəsna işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılmış misilsiz uğurlardan söz açıblar. Eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından bəhs edilib.

Habelə, ölkə rəhbərinin uğurlu xarici siyasəti sayəsində dövlətimizin beynəlxalq aləmdə durmadan artan nüfuzundan, o cümlədən noyabr ayında ölkəmizdə keçiriləcək COP29-un mahiyyəti və əhəmiyyətindən, eyni zamanda ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən, məsuliyyətdən danışılıb.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub. Onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.

Tədbirdən sonra ağaclar əkilib.