17 yanvar 2024 02:57
383

Beynəlxalq təşkilatlar Ermənistanın hərbi cinayətlərinə göz yumur

Ermənistan Azərbaycana qarşı mina terrorunu müharibədən sonra da davam etdirməkdədir

Ermənilərin işğal dövründə ərazilərimizdə basdırdıqları bir milyona yaxın mina və digər partlayıcı qurğuların təmizlənməsi, təbii ki, xeyli zaman alır və alacaq. Bu isə o anlama gəlir ki, ona qədər torpaq altındakı “səssiz qatillər” böyük təhlükə mənbəyi olaraq qalacaq və vaxtaşırı faciələrə səbəb olacaq. Ermənistan Azərbaycana minalanmış ərazilərin xəritəsini tam olaraq verməməklə terroru müharibədən 3 il sonra da davam etdirməkdədir. Azərbaycan ərazilərində külli miqdarda piyada əleyhinə minalar yerləşdirilib. Bu, yalnız keçmiş təmas xətti boyunca deyil, başqa ərazilərdə də insanların minaya düşməsi hallarının artmasına səbəb olur. Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 406 nəfər olub. 2020-ci il noyabrın 10-dan bu günədək Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində baş vermiş partlayışlar nəticəsində 341 nəfər minadan zərər çəkib. Onlardan 65 nəfəri həlak olub. Eyni zamanda, mina partlayışları nəticəsində ümumilikdə 102 nəfər mülki şəxs, 162 hərbçi yaralanıb. Son 30 il ərzində minalardan zərər çəkənlərin isə 38-i qadın, 357-si uşaqdır.

Onu da qeyd edək ki, ermənilər Laçın rayonu ərazisini tərk edəndən sonra təkcə burada 2021-ci ildə Ermənistanda istehsal edilən E-001M markalı 1400-dən artıq piyada əleyhinə mina aşkarlanıb. Zabux və Sus kəndlərində evlərin giriş qapılarında və həyətyanı sahələrdə yeni quraşdırılmış mina tələləri tapılıb. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Metodologiya və qiymətləndirmə şöbəsinin müdiri Adil Aslanov bildirib ki, ermənilər Qarabağda mərhələli mina basdırılmasından istifadə ediblər. O, qeyd edib ki, ərazilərin təmizlənməsi istiqamətində aparılan işlər zamanı ən çox rast gəlinən mərhələli mina basdırılması üsuludur: “Belə ki, təmizləmə əməliyyatı apardığımız hər yerdə, xüsusilə Zəfər yolu və digər kommunikasiya xətlərinin keçdiyi zonalarda bu cür hallara daha çox rast gəlinir. İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi istiqamətində işlərin ləng aparılmasının əsas səbəbi də basdırılan minaların bir neçə mərhələdən ibarət olmasıdır. Bu cür halların qarşıya çıxması insanların həyatı üçün ciddi təhlükə yaradır".

Xatırladaq ki, ötən il sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində təxminən 480 km təmas xəttindəki ərazilərin minalandığı müəyyən edilib. Ermənistan və havadarlarının Azərbaycan ərazisində gizli “qatilləri” fəaliyyət göstərir. Bu, onların ölkədə terrorla məşğul olduqlarını təsdiqləyən amillərdəndir və Ermənistanın, eləcə də onun müdafiəçilərinin Laçın yolundan hərbi sursat, o cümlədən mina daşımaq üçün də istifadə etdiklərini bir daha təsdiqləyir. Yeri gəlmişkən, minalar müharibə silahı sayılır. Ancaq onun qurbanlarının yalnız 10 faizi hərbçilərdir. Qurbanların əksəriyyəti qadınlar və uşaqlardır. Bir sutkaya yaxın davam edən antiterror tədbirləri də regiondakı separatçıların güclü silahlandırıldıqlarını aşkarladı. Onların əraziyə mina döşədikləri də müəyyən edildi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) və ANAMA-nın məlumatlarına əsasən, Xankəndidə xeyli sayda tələ qurğular, silah-sursat aşkarlanıb. DİN əməkdaşları tərəfindən inzibati binalara baxış keçirilən zaman qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan tələ qurğular, eləcə də silah-sursat aşkar edildi. ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı ərazinin girişində yerləşən boruların içərisində sürpriz formaya salınmış əl qumbaraları, habelə otaqlarda yerləşən çəkməcələrdə, pərdələrin arxasında, hərbi jiletlərin ciblərində, binanın zirzəmisində əl qumbaraları və yüksək partlayış gücünə malik müxtəlif hərbi sursatlardan ibarət tələ qurğular aşkarlandı. Yüksəklikdən buraxılaraq partlayış törətmək və geniş radiusda qəlpələnmə yaradılması məqsədilə minaatan mərmiləri, qəlpələnən bombletlər, VOQ-17 silah qumbaralarından ibarət improvizə olunmuş partlayıcı qurğulara rast gəlindi.

Azərbaycan Ermənistanın həyata keçirdiyi mina terroruna laqeyd münasibət göstərən beynəlxalq təşkilatlara baş verən partlayışlar, insan itkiləri ilə bağlı dəfələrlə məlumat versə də, beynəlxalq təşkilatlar Ermənistanın hərbi cinayətlərinə göz yumur. Halbuki, ortada bir sıra hüquqi aktlar və həmin o təşkilatların üzərinə götürdüyü öhdəliklər var. Regionda sülh və əminamanlıq istəyirik deyən beynəlxalq təşkilatlar vaxtında öz öhdəliklərini yerinə yetirsəydi, təcavüzkara təzyiq göstərsəydi, nə müharibə olar, nə də mina partlayışı nəticəsində həlak olanların statistikası hər keçən gün bir az daha artardı. Beynəlxalq təşkilatların işi təkcə mina partlayışı, terror hücumları, müharibələr nəticəsində həyatını itirmiş və yaralanmış şəxslərin illik hesabatını hazırlamaqdan, standart bəyanatlar verməkdən ibarət deyil. Sülh istəyən güclər regionda sülhə əngəl olan qüvvələrin zərərsizləşdirilməsində Azərbaycana dəstək olmaq istəmirlər. Halbuki, ermənilərin təhlükəsizliyi ilə bağlı şişirdilmiş və uydurulmuş bir təhdid müzakirə mövzusu olan kimi ard-arda bəyanatlar verirlər.

Bu gün Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində haqlı olaraq beynəlxalq təşkilatlardan daha fəal dəstək gözləyir. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycanın minalardan tam təmizlənməsi üçün daha 30 il müddət lazımdır. Buna baxmayaraq, minatəmizləmə prosesi tam sürətlə davam edir. 2020-2022-ci illərdə 57,6 min hektar ərazi minalardan təmizlənib. 2023-2026-cı illərdə 215 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. 2026-cı ilin sonunda 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq.

Sevinc Azadi, “İki sahil”