31 oktyabr 2023 23:10
474

Naxçıvan Teatrı I Beynəlxalq TÜRKSOY Teatr Festivalında iştirak edəcək

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən I Beynəlxalq TÜRKSOY Teatr Festivalında iştirak edəcək.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, yaradıcı heyət fransız yazıçısı Viktor Hüqonun “Edama məhkumun son günü” əsərinin motivləri əsasında səhnələşdirilən eyniadlı tamaşa ilə oktyabrın 31-də, saat 19:00-da  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində teatrsevərlərin qarşısına çıxacaq.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mir Qabil Əkbərov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, xoreoqrafı Lamiyə Əliyevadır. Səhnə əsərində rolları Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev, Mehri Nəbiyeva və Məmməd Mehdiyev  ifa edir.

Psixoloji dram janrında olan  tamaşada ölüm hökmünə məhkum olunmuş yoxsul bir atanın edam olunacağı ana qədər yaşadığı iztirablar, keçirdiyi sarsıntılar əks olunub.

Qeyd edək ki, oktyabrın 30-da teatrın yaradıcı heyəti eyniadlı tamaşanı Sumqayıt Dövlət Dram Teatrında nümayiş  etdirib.