"Ədibin Evi" Ədəbiyyata Dəstək Fondu noyabrın 1-dən etibarən Mir Cəlal adına IV Hekayə Müsabiqəsini elan edib. Gələn ilin martın 1-dək davam edəcək müsabiqə həm peşəkar, həm də həvəskar yazarlara açıqdır.
Bu barədə "İki sahil"ə təşkilatdan məlumat verilib.
Bildirilib ki, 2017-ci ildə təsis edilən Mir Cəlal adına Hekayə Müsabiqəsinə bu günə qədər 1100 dən çox hekayə təqdim olunub. Ədəbiyyatda qısa hekayəçilik janrına son zamanlar artan marağı nəzərə alaraq, iki ildən bir keçirilən müsabiqə bu ildən başlayarq illik keçiriləcək.
Mir Cəlal adına IV Hekayə Müsabiqəsinin şərtləri dəyişməz olaraq qalır. Belə ki, müsabiqəyə təqdim edilən hekayələr Azərbaycan dilində yazılmalı, həcmi 1 500 sözdən çox olmamalı, yeni olmalı (əvvələr çap və ya elektron şəkildə yayılmamalı), müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birgə 2024-cü il martın 1-dək elektron şəkildə [email protected] ünvanına göndərilməlidir. Hekayə mövzusu sərbəstdir.
Müsabiqəyə 2024-cü il aprelin sonunda yekun vurulacaq. Mükafat fondu 1-ci yer üçün 3000 AZN, 2-ci yer üçün (2 nəfər) 2000 AZN və 3-cü yer üçün (3 nəfər) 1000 manat AZN nəzərdə tutulub.
Qeyd edək ki, görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılmış "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə məşğul olur.