29 oktyabr 2023 15:35
418

Adil Kərimli: Bakıda keçirilən Musiqi Forumu irsin və adət-ənənələrin qorunması və təbliği baxımından böyük əhəmiyyət kəsb edir

Tanınmış sənətkarların və mədəniyyət xadimlərinin iştirakı ilə keçirilən Musiqi Forumu irsin və adət-ənənələrin qorunub saxlanması və təbliği, mədəniyyətimizin daha da inkişaf etdirilməsi və bu sahədə sosial səviyyənin yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

“İki sahil” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ilk dəfə keçirilən Musiqi Forumunda deyib.

Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mədəniyyət sahəsinin inkişafı, musiqiçilərin və incəsənət xadimlərinin sosial şəraitinin yaxşılaşdırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun Azərbaycan musiqisinin inkişafı və təbliği istiqamətində həyata keçirdiyi çoxsaylı layihələrdən danışan nazir vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın xüsusi qayğısı sayəsində bu gün Azərbaycan musiqisi, muğam, tar və kamança ifaçılıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

“Heydər Əliyev ili çərçivəsində ölkəmizdə və xaricdə incəsənətin və əlbəttə ki, musiqi sənətinin inkişafı və təbliğinə yönəlmiş bir çox tədbirlər keçirilmişdir. Ümummilli Lider Heydər Əliyev milli mədəniyyətə daim xüsusi diqqət yetirmişdir. Qədim musiqi mədəniyyətimiz və sənət xəzinəsinin inciləri tarixən xalqımızın adət-ənənələrini, milli kimliyini təcəssüm etdirmiş, böyük ictimai əhəmiyyət kəsb etmiş, ölkəni bütün dünyada şöhrətləndirmişdir. Musiqi hər bir insanın həyatında, onun duyğu və mənəvi aləmində, mənəvi dəyərlərində böyük əhəmiyyət kəsb edir”, - deyə Adil Kərimli bildirib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində oktyabrın 29-31-də keçirilən Musiqi Forumu Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə təşkil olunub.