29 oktyabr 2023 13:27
452

Mədəniyyət Nazirliyi bəstəkarların əsərlərinin alınmasını bərpa etməlidir - TƏKLİF

Mədəniyyət Nazirliyi bəstəkarların əsərlərinin alınmasını bərpa etməlidir. Bu, çox önəmli faktordur.

“İki sahil” xəbər verir ki, bu təkliflə musiqişünas, professor Adilə Yusifova Bakıda keçirilən Musiqi Forumundakı panel müzakirədə çıxış edib.

Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, bəstəkar, Xalq artisti Sərdar Fərəcov da bu təklifi dəstəkləyib: "Sifarişlə musiqi bəstələmək bəstəkarının uğurunun yarısıdır. Burada qəbahət nəsə yoxdur. Əksinə, bu, bəstəkara inamı, onun yaradıcılığına etibarı ifadə edir. Sifarişlə yazılan əsərin üstünlüyü odur ki, o əsər itib-batmayacaq, mütləq ifa ediləcək. Bunun özü bir stimuldur".

Dirijor, Əməkdar artist Əyyub Quliyev isə deyib ki, gənc bəstəkarların əsərlərinin çapı üçün dəstəyə ehtiyac var: "Elə gənc bəstəkarlar var ki, biz onların əsərlərini xarici ölkələrdə nümayiş etdirə bilmirik. Çünki o əsərlərin çap forması bizdə yoxdur. Mədəniyyət Nazirliyinin tərkibində nəşriyyatlarla əlaqədar şöbə var. Ümid edirəm, bu yöndə lazımi dəstək veriləcək".