Oktyabrın 24-ü ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin anım günü elan edilib.
“İki sahil” xəbər verir ki, bununla bağlı Vaşinqton meri Muriel Bauzer bəyannamə imzalayıb.
Bəyannamədə 141 il əvvəl anadan olmuş, ideyaları günümüzün qlobal çağırışlarını əks etdirməkdə davam edən, tanınmış Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat və irsinə ehtiramlar ifadə olunur. Qeyd olunur ki, Azərbaycan ədəbiyyatında mütərəqqi romantizmin banilərindən biri olan Hüseyn Cavidin yaradıcılığında totalitarizmlə cəsarətlə qarşı-qarşıya duraraq, öz dövrünün zülmünü, ədalətsizliyini, ayrı-seçkiliyini rədd edərək azad və ədalətli dünya ideyalarını əhatələyib.
Qeyd edək ki, ötən il Vaşinqton şəhərində Hüseyn Cavidin 140 illik yubileyi günündə ədibin barelyefinin açılışı olub. Barelyef Vaşinqtonun tarixi Corctaun ərazisində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasının inzibati binasının üzərinə vurulub.
Layihə ABŞ-Azərbaycan Ticarət Palatası, ölkəmizin ABŞ-dakı Səfirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə fəaliyyəti nəticəsində ərsəyə gəlib.
Bundan əvvəl isə Vaşinqtonda oktyabrın 24-ü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illiyi münasibətilə anım günü elan edilib.
Mer Muriel Bauzerin imzaladığı bəyannamədə XX əsrdə yaşamış görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyatı və irsi ehtiramla yad edilir. Vaşonqton meri Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında mütərəqqi romantizmin banilərindən biri olduğunu, onun azad və ədalətli dünya, ədalətsizlik və ayrı-seçkiliklə mübarizə ideallarının günümüzün qlobal çağırışlarını əks etdirdiyini qeyd edib, görkəmli şairin 1956-cı ildə rəsmi olaraq bəraət aldığını vurğulayıb.