19 iyul 2023 19:16
476

Dövlət qulluğu sistemində insan potensialının inkişafı və insan resurslarının formalaşması

Dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi kadrlarla bağlı məsələlərə, mövcud qanunvericilik bazasının inkişafına, idarəetmədə optimal strukturunun yaranmasına olan tələbatın güclənməsinə, insan potensialının idarə olunmasında həyata keçirilən kadr siyasətinin səhvsiz qaydada nəzərə alınmağı, onların taktikalarının bir-biri ilə əlaqələndirilməsinin aparılması və s. bağlı mövzuları nəzərə almağı zəruri etmişdir. İnsan kapitalı hər bir cəmiyyətin və ölkənin əsas inkişaf meyarlarından biri olmaqla yanaşı, ölkələrin beynəlxalq sahədə əsas silahıdır. İnsan kapitalı və insan potensialı – cəmiyyətin ən ətalətli xüsusiyyətlərini özündə daşıyır, çünki onlar bir biri ilə sıx bağlı olub, uzun illər ərzində yaranır, nəsildən nəslə ötürülür və ən əsası cəmiyyətdəki sosial institutlar üzərində qurulurlar. “İnsan resursları” və “insan potensialı” “insan kapitalının” bazası kimi çıxış edir.              

Qloballaşan dünyada ölkələrin gücünü torpaq, kapital və təbii resurslar deyil, yüksək ixtisaslı və motivləşdirilmiş insan resursları təşkil edir. Bu da həmin resursların keyfiyyətindən və xarakterindən asılıdır. Azərbaycanın öz müstəqilliyini elan etməsindən sonra dövlət qulluğu sistemində insan potensialının inkişafı və insan resurslarının formalaşmasına xüsusi diqqət yetirilmiş, bu sahədə müəyyən islahatlar aparılmış qanunvericilik bazası möhkəmləndirilmişdir. İlk dəfə 1995-ci il 12 noyabr tarixində ölkənin ali qanununun-Konstitusiyanın qəbulundan sonra ölkə vətəndaşlarının dövlət idarəçiliyinin həyata keçirilməsində iştiraklarının, yəni, dövlət qulluğu sistemində fəaliyyətinin prinsipləri aydın ifadəsini tapmış və konstitusiyanın     55-ci maddəsində xüsusi bir maddə ilə müəyyənləşmişdir. Bu da onu göstərir ki, Azərbaycan Respublikasında dövlət qulluğu sistemi demokratik prinsiplərə, vətəndaş cəmiyyəti quruculuğu ruhuna əsaslandırılmışdır. Dövlət qulluğu sistemində aparılmış islahatların ən bariz nümunəsi dövlət qulluğunda səmərəliliyin artırılması, eyni zamanda dövlət qulluqçularının hüquqi statusunun müəyyən olunması məqsədilə 2000-ci il 21 iyul tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsidir. Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində qəbul olunmuş ilk qanunun çox böyük əhəmiyyəti olmuşdur. Qanunun qəbulu ilə ölkədə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşmasının əsası qoyulmuş, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri müəyyənləşdirilmişdir. Qanunda dövlət qulluğu və dövlət qulluqçusu anlayışlarına aydınlıq gətirilmiş, dövlət qulluğunun prinsipləri, habelə dövlət qulluqçularının hüquq və vəzifələri öz əksini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydalarının təsdiq edilməsi barədə”və 28 yanvar 2002-ci il “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydasının təsdiq edilməsi barədə” fərmanları insanların peşəkar keyfiyyətlərinə əsaslanan yüksək ixtisaslaşmış dövlət qulluğunun yaradılması zəruriliyinə yönəlmişdir. 

2002-ci il 21 iyul tarixində “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi bu sahədə görülən işlərin möhkəmlənməsinə zəmin yaratdı. Beləliklə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan ötən 23 il ərzində dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılmış, həyata keçirilmiş islahatlar nəticəsində ölkədə dövlət qulluqçularının peşəkarlığının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılmışdır. Bütün bunlara baxmayaraq hələ də bu sahənin inkişafına ehtiyacı duyulur.

Məhz “Azərbaycan Respublikasında Dövlət Qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” nın təsdiq edilməsi bu sahədə düşünülmüş addımdır. Strategiyada ölkəmizdə dövlət qulluğunun əsas məqsədləri, dövlət qulluğu sistemində idarəçiliyin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Dövlət Qulluğunun inkişafına dair “2019-2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq olunması dövlət qulluğunun müasir standartlara uyğun tətbiqinin ölkə rəhbərliyinin nəzarəti altında olduğunu bir daha təsdiq edir.

İnsan resursları sahəsinin elmi tərəfinin əsasən ABŞ, Kanada, Avstraliya və Avropa ölkələrində daha çox inkişaf etdirilmiş olduğuna baxmayaraq Azərbaycanda bu sahəyə olan maraq davamlı olaraq artır. Zaman keçdikcə dünya ölkələri ilə əlaqələrin möhkəmlənməsi qabaqcıl ölkələrin təcrübələri, ixtisaslı kadrların zamanla sayının artması, beynəlxalq səviyyəli təlim proqramlarının təşkili ələlxüsus, dövlətin bu sahəyə qayğısı ilə ölkədə insan resurslarının idarə edilməsi yeni anlam qazandı, inkişaf etdi. İnsan resurslarının idarə edilməsi müxtəlif faktorların təsiri ilə meydana çıxan, ənənəvi kadr idarəçiliyinin əhatə edə bilmədiyi müasir anlayışları təcəssüm etdirən termin kimi qəbul edilir. İnsan amilinin və bütövlükdə insan resurslarının dövlət qulluğu sistemində rolu ilk növbədə idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır. İnsan resurslarının formalaşdırılması, hazırlanması, onların peşəkərlıq səviyyəsinin yüksəldilməsi, əmək qabiliyyətli insanların içərisindən düzgün seçim edilməsi, hər bir resurs obyektinin, yəni fərdin kollektivin qarşısında duran strateji fəaliyyət istiqamətlərinə uyğunluğunun optimal müəyyənləşdirilməsi vacib məsələlərdəndir. Amma bu meyarların və xüsusiyyətlərin nəzərə alınmaması bunlarla bağlı prioritetlərin qorunmaması sonrakı proseslərdə dövlət qulluqçularının məhsuldar və effektivli fəaliyyətinə mənfi təsir göstərir, kollektivin qarşısında duran strateji vəzifələrin yerinə yetirilməsində çətinliklər yaradır. Digət tərəfdən dövlət idarəetməsində tətbiq olunan sistemin yaxşı işləməsi üçün ən vacib göstəricilərindən biri etik şüurun təşkilat daxilində yuxarıdan aşağıya doğru, yəni rəhbərdən başlayaraq aşağı vəzifəli işçilərə qədər hakim olmasıdır. Müasir ölkələrin əksəriyyətində bu şüurun uzun illərdir yaranmasına və etik normaların qəbul edilməsinə baxmayaraq inkişaf etməkdə olan ölkələrdə etik yanaşmanın əhəmiyyəti son dövrlərdə aktuallıq qazanmışdır. Bu sahədə müxtəlif tənzimləmələr aparılmışdır. Dövlətin imtiyazlı mövqeyini bir qədər sadələşdirən şəffaflıq, hesabatlılıq və peşə etikası kimi anlayışlar dövlət idarəçiliyi terminologiyasında öz yerini tutmuş və ictimaiyyət tərəfindən hörmətlə qarşılanmışdır. Bu baxımdan hər bir kollektivin, dövlət müəssisə və təşkilatların işçi heyətinin formalaşdırılması üçün tələb olunan insan resurslarının-menecerlərin, personal üzvlərinin seçilməsi meyarları və onlardan kadrların fərdi və peşəkarlıq keyfiyyətləri əsasında istifadənin tənzimlənməsi xüsusiyyətlərinin nəzərə alınması, müəssisənin işçilərə olan real tələbatının proqnozlaşdırılması və planlaşdırılması, əmək bazarında olan real tələbin və təklifin təhlil edilməsi, kadrların cəlb edilməsi proseslərinin təşkili və onların seçilməsinin təmin olunması, kadrlar tərəfindən yerinə yetirilən işlərin effektivliyinin artırılması, bütövlükdə müəssisə üzrə işçilərin fəaliyyətinin təşkilatçılıq prinsiplərinin və keyfiyyət xüsusiyyətlərinin yüksəldilməsi vəzifələri zəruri şərtlər kimi çıxış edirlər.

Qeyd etdiyimiz meyarların inkar edilməsi dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasına mənfi təsir göstərə bilər.

Bu nöqteyi nəzərdən insan resurslarının rolunun yüksəlməsi insan amilinin, onun intellektual və yaradıcı funksiyasına formalaşan zəruri tələbatdan qaynaqlanır. Azərbaycanda insan kapitalının inkişafının təmin edilməsi sahəsində görülən işlər ölkə daxilində bir sıra əhəmiyyətli sahələr üzrə səriştəli və peşəkar mütəxəssislərin yetişdirilməsinə vasitə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cü il tarixində “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Sərəncamı intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasına zəmin yaratmışdır. Çoxpilləli kompleks qiymətləndirilmə nəticəsində seçilən bu şəxslər müxtəlif dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsi üçün öz töhfələrini verəcəkdir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra “Neft kapitalının insan kapitalına çevrilməsi” prosesində ölkə kontekstində bir sıra layihələr və proqramlara imza atılmışdır. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” bu sahədə atılan addımların kiçik bir nümunəsidir. Bu proqram gənc mütəxəssislərin yetişdirilməsi, kadr potensialının cavanlaşdırılması və müasirləşdirilməsi istiqamətində məqsədyönlü işlərin aparılması, istedadlı və perspektivli gənclərin xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə təsis edilmişdir. Proqram çərçivəsində hər il onlarla gəncin dövlət vəsaiti hesabına xarici ölkələrdə təhsil almasına imkan yaradılmış və ölkəyə qayıdandan sonra oxuduğu sahə üzrə təşkilatlarda işlə təmin olunması və öyrənilmiş təcrübələrin tətbiq olunması hədəflənmişdir. Qeyd olunan proseslər insan kapitalı və ondan səmərəli şəkildə istifadə edilməsi məsələsinin aktuallığını artırmış, istər təşkilatlar, istərsə də insanlar bu məsələyə daha çox diqqət ayırmağa başlamışdır. Ölkəmizdə iqtisadi mühitdə rəqabət üstünlüyünün əldə edilməsi məqsədilə təşkilatlar işçilərinin bilik və bacarıqlarının artırılmasına, onlardan məqsədlərə çatmaq üçün istifadə edilməsinə, dəyərləndirilməsinə xüsusi maraq və diqqət ayırırlar. Sevindirici hal odur ki, bu maraq mütəmadi olaraq artmaqdadır. Azərbaycanda insan kapitalının inkişafının gələcəkdə daha da artmasını və bu mövzu ilə bağlı istər təşkilatlar, istərsə də insanların marağının yüksələn xətlə inkişafı rəqabətli mühitin formalaşmasına öz töhfəsini verəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixində imzaladığı “Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in və 5 iyun 2023-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamlarında “insan kapitalının inkişaf etdirilməsi”, “insan kapitalının müasirləşdirilməsi, rəqabətli insan kapitalı” növbəti illər üçün ölkəmizdə reallaşdırılması nəzərdə tutulan prioritetlərdir. Bunları nəzərə alaraq bir daha qeyd edə bilərik ki, insan potensialının inkişafı və insan resurslarının formalaşması istiqamətində görülən işlər hər zaman olduğu kimi bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 24 noyabr 2020-ci il tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu və Qanunun tətbiqi ilə bağlı 26 dekabr 2020-ci il tarixində imzaladığı Fərman da dövlət qulluqçusunun fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi nəzərdə tutulmuşdur. Bu qanun dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsinə imkan verir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 aprel 2021-ci il tarixli “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası” təsdiq olunmuşdur ki, bu da dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsinə və nəticə olaraq qulluqda fərqlənən işçilərin mükafatlandırılmasına, bu sahədə çatışmazlıqların müəyyən etdilməsində köməklik göstərir. Bundan əlavə son dövrlərdə dövlət təşkilatlarında motivasiya xarakterli vasitələrin geniş tətbiq olunması mövcud sahədə görülən işlərin davamı kimi qeyd etmək olar. Bunlara misal olaraq aşağıda qeyd olunan motivləşdirici vasitələri göstərə bilərik:

- Təşəkkürnamələrin verilməsi;

- Fərdi və ya kollektiv formada mükafatlandırma;

- Rəhbərliyin fəxri fərman və ya diplomla təltifi;

- Vaxtından əvvəl vəzifədə irəliləmə;

- Pulla mükafatlandırma;

- Tətbiq edilmiş intizam tənbehi və ya töhmətin götürülməsi

- Qismən də olsa müxtəlif təlimlərə cəlb edilmə (rəhbərliyə qarşı xoş münasibəti artırmaqda rol oynayır).

Qısa olaraq deyə bilərik ki, insan resursları ictimai inkişafın insan amilinin ümumiləşdirici yekun göstəricisidir. İnsan resursları insanların maddi və mənəvi nemətlərin istehsalı üçün əmək qabiliyyətliliyini müəyyən edən müxtəlif qabiliyyətlərinin məcmusudur. Adətən, təşkilatın, regionun, sahənin və ölkənin insan resurslarını və müvafiq olaraq insan resurslarının idarə olunmasının müxtəlif səviyyələrini fərqləndirirlər. İnsan resurslarının sistemləşdirilməsi və onlardan səmərəli istifadə edilməsi üçün, ilk növbədə bu resursların xüsusiyyətlərini öyrənmək və problemlərini araşdırmaq lazım gəlir. Belə ki, insan resursları özündə:

- şəxsiyyətin səviyyəsini,

- fərdi-psixoloji keyfiyyətlərini,

- bu resursların cəmləşdiyi kollektivin sosial-psixoloji səviyyəsini,

- sosioloji və sosial-iqtisadi mühütin vəziyyətini,

- bütövlükdə cəmiyyətin və onun altsistemlərinin səviyyəsini əks etdirir.

Cəmiyyətdə hər bir şəxs inkişaf obyekti kimi çıxış edir və hər bir fərdin öz şəxsi keyfiyyətlərinə bacarıq və qabiliyyətlərinə görə fəaliyyət göstərməsinin təmin edilməsi dövlətin və cəmiyyətin bu sahədə əsas vəzifəsidir. Dövlət idarəçiliyində insan potensialının inkişafı və insan resurslarının formalaşmasına xüsusi əhəmiyyət verilməsinə başlıca səbəblərindən biri dövlət orqanlarının fəaliyyətində səmərəliliyin və effektivliyin artırılması, dövlətin və onun institutlarına etimadın yaradılması onun qorunmasının vacibliyi ilə bağlıdır. Cəmiyyətin maraqlarının qorunduğu, ictimaiyyətin onları idarə edənlərə və dövlət qulluqçularına qarşı inamın təmin edildiyi və hörmətin göstərildiyi, habelə cəmiyyətdə bütün etik prinsiplərin əməl edildiyi hallarda həmin ölkə hər cəhətdən inkişaf edəcək və irəliləyəcək.

Sərxan Kərimov,
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində Tikinti, sənaye,energetika şöbəsinin böyük məsləhətçisi,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasınin ikinci kurs magistrantı