29 aprel 2025 22:36
115

Rəsmi səfər dünyanın diqqətini özünə çəkəcək

Azərbaycan Respublikası ilə İran İslam Respublikasını Araz çayı ayırır – bu iki dövlət coğrafi baxımdan bu qədər yaxındır. Azərbaycanın dövlət müstəqilliyi bərpa olunana kimi İran SSRİ ilə həmsərhəd idi, indi müstəqil Azərbaycan Respublikası ilə.

Azərbaycanla İran arasında münasibətlər qarşılıqlı mehribanlıq şəraitində davam edir. Bu münasibətlər qarşılıqlı rəsmi səfərlərlə daha da möhkəmlənir. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianının aprelin 28-də Azərbaycana rəsmi səfəri də bu baxımdan xarakterikdir. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın rəsmi səfərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında bu səfərin qarşılıqlı münasibətlərin inkişafında əhəmiyyətli rol oynayacağına əminliyini bildirərək dedi: “Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Çox təəssüf edirik ki, bir neçə gün bundan əvvəl İranda baş vermiş faciə insan itkiləri ilə nəticələndi. Bir daha qardaş İran xalqına başsağlığı veririk. Allah həlak olanlara rəhmət eləsin, yaralananlara Allah şəfa versin. Bu faciəyə baxmayaraq, Prezident Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir. Biz bunu çox yüksək qiymətləndiririk və Allah xalqlarımızı bu bəlalardan qorusun, həmişə bizim bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun və hər iki ölkə bu istiqamətdə öz səylərini göstərəcək. Hər halda ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu”.

Dövlətlərarası münasibətlər təkcə ikitərəfli münasibətlərlə tənzimlənmir. Bu münasibətlər beynəlxalq təşkilatların toplantılarında, müxtəlif tədbirlərdə müxtəlif mövzulara həsr edilən müzakirələrdə də özünü büruzə verir, bu və ya digər dövlət bu və ya digər dövlətin mövqesini dəstəkləyə də bilir, onun əleyhinə münasibət də bildirir. Azərbaycanla İranın beynəlxalq təşkilatlar çərçivəsində bir-birini həmişə dəstəklədiyini diqqətə çatdıran dövlət başçımız qeyd etdi ki, “...gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır. Biz bu gün geniş gündəlik əsasında fəaliyyət göstəririk. Burada həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır, eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var. Təbii olaraq bizim ticarət əlaqələrimizin inkişafı ilə bağlı konkret göstərişlər verildi. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də çox məhsuldar olmuşdur. Yəni, məramımız, məqsədimiz birdir - Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır”.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianının Azərbaycana rəsmi səfəri çərçivəsində müəyyən müzakirələrin aparıldığını da bildirən dövlət başçımız mətbuata bəyanatında dedi ki, “Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq. Biz bu gün, eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir”...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası ilə   İran İslam Respublikası arasında münasibətlərin güclü siyasi iradəyə əsaslandığını, mehriban qonşuluq, bərabərhüquqluluq, qarşılıqlı hörmət formatında davam etdiyini də bildirdi, xalqlar arasında tarixi və mədəni bağlılıqların iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə inkişafı üçün zəmin yaratdığını, bu gün ikitərəfli əlaqələrimizin ticarət-iqtisadi, enerji, energetika, nəqliyyat logistika, kənd təsərrüfatı, humanitar və digər sahələr üzrə də inkişaf etdiyini də dedi, onu da xatırlatdı ki, Azərbaycan ilə İran arasında regional və beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq davam edir. Dövlət başçımız mətbuata bəyanatında həm də qeyd etdi ki, “Azərbaycanla İran arasında Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan-Türkiyə və 3+3 regional məşvərət mexanizmi çərçivəsində də əməkdaşlıq mövcuddur”.

İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianının Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuata bəyanatı ikitərəfli münasibətlərin tarixi, bu günü və gələcəyi haqqında səmimi reallıqlardır. Buna görə də dünyanın siyasi diqqətini özünə çəkəcəkdir...

Səbinə Xasayeva,
Milli Məclisin deputatı