13 iyul 2023 17:00
351

Azərbaycan və İsrail arasında sərhəd mühafizəsi sahəsində birgə fəaliyyətin təşkili müzakirə edilib- FOTO

İyul ayının 13-də ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib.

Bu barədə “İki sahil”ə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, DSX aparatında rəsmi qarşılanma mərasimi təşkil olunub, İsrailin müdafiə naziri Yoav Qallant fəxri qarovul dəstəsinin önündən keçib, “Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazıb.

Görüşdə DSX-nin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan və İsrail Dövləti arasında qarşılıqlı faydalı münasibətlərin bütün istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə uğur­la inkişaf etdiyini vurğulayıb.

Azərbaycanın Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması vurğulanıb, azad edilmiş ərazilərdə dövlət sərhədlərinin mühafizəsi və müdafiəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Müzakirə zamanı qurumlar arasında birgə əməkdaşlıq fəaliyyətlərinə nəzər salınıb, bu kimi səfərlərin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində əhəmiyyətli rolu vurğulanıb, qarşılıqlı maraq kəsb edən istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.