07 aprel 2022 16:55
1165

 Gecə növbəsində işləməyin mənfi təsirləri

Gecələr işləmək həm  yorur, həm də yuxusuzluq problemi yaradır. Bəs, bu iş rejiminin ürəyə də mənfi təsir etdiyini bilirdinizmi?

Yeni bir araşdırmanın nəticələrinə görə, gecə növbəsi beynin və ürəyin bioloji saatlarının harmoniyasını pozaraq ürək xəstəliklərinə də səbəb ola bilir.

Britaniyanın “Cambridge Universiteti”nin molekulyar biologiya mütəxəssisləri ürəyin hər bir hüceyrəsinin bioloji saatının fəaliyyətini - gün ərzində hüceyrələrin kimyəvi balansını dəyişən prosesi araşdırıblar.

İnsan bədəni aktiv olanda ürək də çox işləyir, yəni daha sürətlə vurur.

Araşdırmaya rəhbərlik etmiş Con O'Neill qeyd edib  ki, ürəyin necə döyündüyü iki faktorla müəyyən edilir: beyindən gələn siqnallar və hər bir ürək hüceyrəsindəki natrium və kaliumun səviyyəsi.

Sağlam insanlarda bu saysız-hesabsız hüceyrə saatları bir-biriləri ilə sinxron çalışır.

Aparılan araşdırmalar  göstərir ki, iş qrafikimizin dəyişməsinə beynimiz daha tez, bədən hüceyrələrimizin bioloji saatları isə nisbətən gec uyğunlaşır.

O'Neill, həmçinin əlavə edib ki, bir neçə gün ərzində beyin ürəyə ənənəvi rejiminə uyğun olmayan siqnallar ötürür. Ona görə də növbəli işlərdə çalışanların orqanizmi sağlamlıq problemlərinə daha həssas ola bilər.

Həm gündüz, həm də gecə növbəsində işləmək ürəkdə müxtəlif nasazlıqların yaranması riskini artırır.

Növbəli işin təkcə ürək xəstəliklərinə deyil, həzm və əhval pozuntusuna da səbəb olduğu bilinir. Bundan başqa, yalnız gündüz növbələrində işləyənlərlə müqayisədə hər iki növbədə işləyənlərin xərçəngə tutulma riski daha çoxdur. Məsələn, Danimarkada 20 ildən çox gecə növbəsində işləmiş və xərçəngə tutulmuş şəxslər təzminat almaq hüququ qazanırlar.

Mütəxəssislər qeyd edirlər ki, gecələr işləməyin orqanizmə zərərini azaltmaq üçün bəzi addımlar ata bilərik. Belə ki, idmanla məşğul olmaq, yaxşı və düzgün qidalanmaq da gecə növbəsinin mənfi təsirlərini azalda bilər. Qidalanma və idman insulin hormonunu, bədənin istiliyini dəyişdirərək orqanizmin bioloji saatlarına birbaşa təsir göstərir. Ancaq burada vacib olan şey vaxtı düzgün bölməkdir.

Samirə Tağıyeva, “İki sahil”