ÜST pandemiyanın aqibəti ilə bağlı iki yaxşı və bir pis ssenarini gözlənilən hesab edir
Ümumdünya Səhiyyə Təşkilatı ( ÜST) COVID-19 pandemiyasının 2022-ci ildə aqibəti ilə bağlı üç mümkün variantı açıqladı. Ən pis halda, SARS-CoV-2-nin ölümcül yeni ştammı peyda olacaq ki, bu da artıq tanış olan “Omikron”dan daha təhlükəli olacaq.
ÜST COVID-19-a hazırlıq və cavab tədbirləri ilə bağlı yenilənmiş strateji planını dərc edib və təşkilatın rəhbəri Tedros Adhanom Qebreyesus sənədin bu məzmunda sənədlər içərisində artıq sonuncusu olacağına ümid etdiyini bildirib.
Sənəddə pandemiyanın üçüncü ilinin necə olacağı ilə bağlı üç mümkün ssenari təsvir edilir.
ÜST-ün baş direktoru bildirib ki, ən çox ehtimal olunan ssenari virusun təkamül etməyə davam edəcəyi, lakin səbəb olduğu xəstəliyin şiddətinin zamanla azalacağıdır. Bu, artıq peyvənd və əvvəlki infeksiyalar səbəbindən insanlarda immunitetin artması ilə əlaqələndirilir.
Hazırda öz iqtisadi problemlərini həll etməklə məşğul olan planetin əksər sakinləri bu varianta daha çox inanırlar (yaxud sadəcə buna inanmaq istəyirlər). Ancaq təbiətin öz planları var.
Qebreyesus onu da qeyd edib ki, əhalinin immuniteti zəiflədikcə (və gec-tez orqanizm antitel istehsalını dayandırır, çünki bu, enerji sərf edən prosesdir) vaxtaşırı xəstələnmə və ölüm halları müşahidə oluna bilər. Buna görə də həssas əhalinin dövri revaksinasiya olunması məsləhətdir.
"Ən yaxşı halda, daha az şiddətli ştammların ortaya çıxacağını proqnozlaşdırırıq və heç bir gücləndiricilərə və ya yeni peyvənd formulalarına ehtiyac olmayacaq",-deyə, o bildirib.
Ən pis halda isə daha virulent və asanlıqla ötürülən bir ştamm ortaya çıxacaq. Bu yeni təhlükə əvvəlki peyvənd və ya infeksiya tərəfindən təmin edilən qorunmanı tez zəiflədəcək.
Bu ssenari hazırda mövcud olan vaksinlərin əhəmiyyətli dərəcədə dəyişdirilməsini və sonra ağır xəstəlik riski olan insanların vaksinasiyasını tələb edəcək.
ÜST-ün COVID-19 üzrə texniki rəhbəri Maria Van Kerkhov virusun pandemiyanın üçüncü ilində hələ də "çox enerjisi qaldığını" söyləyib.
Keçən həftə ÜST 10 milyondan çox yeni yoluxma və 45000 ölüm xəbərini verib.
27 mart 2022-ci il tarixinə qədər pandemiya boyunca dünya üzrə 479 milyondan çox təsdiqlənmiş yoluxma və altı milyondan çox ölüm qeydi var. Eyni zamanda, ÜST etiraf edir ki, qurbanların faktiki sayı əslində bir neçə dəfə artıqdır.
Nubar Süleymanova, “İki sahil”