Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 16 oktyabr 2021-ci il tarixli Sərəncamından irəli gələn tədbirlərin icrası 2022-ci ili əhatə etsə də, artıq onların bir hissəsinin təfərrüatı məlumdur. Söhbət ondan gedir ki, Sərəncam əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasını nəzərdə tutsa da, bu məbləğin nə qədər olacağı aydın deyildi.
Xəbər verildiyi kimi, Azərbaycanda 2022-ci ildə minimum əməkhaqqı 250 manatdan 300 manata çatdırılacaq. Bu məsələ "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Minimum əməkhaqqı qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Minimum əməkhaqqının 250 manatdan 300 manata yüksəldilməsi o deməkdir ki, əməkhaqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin tarif (vəzifə) maaşları dərəcəsindən asılı olaraq orta hesabla 20 faizədək artırılacaq. Ümumilikdə, 2022-ci ildə ölkə üzrə muzdla çalışanların orta aylıq əməkhaqlarının 10 faiz artacağı proqnozlaşdırılır.
Əməkhaqları VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir. Hazırda VTC-də tarif (vəzifə) maaşları əməyin ödənilməsinin 1-19-cu dərəcələri üzrə 250-906 manat intervalındadır.
Eyni zamanda, minimum pensiyanın məbləği 20 faiz artırılaraq 240 manata çatdırılacaq. Hazırda minimum pensiyanın məbləği 200 manatdır. Həmçinin 2022-ci ildə əmək pensiyalarının orta aylıq əməkhaqqının cari ildəki artım tempinə uyğun indeksləşdirilərək 5 faiz artacağı proqnozlaşdırılır. Nəticədə gələn il orta aylıq pensiyanın məbləği 327 manatdan 343 manata qaldırılacaq: yaşa görə pensiyanın məbləği isə 331 manatdan 372 manata, əlilliyə görə pensiyanın məbləği 261 manatdan 299 manata, ailə başçısını itirməyə görə pensiyanın məbləği 263 manatdan 298 manata çatacaq. Bundan başqa, müavinətlərin də artırılması nəzərdə tutulub.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bütün müavinətlərdə artım proqnozlaşdırılır. Təqaüdlərə gəlincə, burada da məbləğin artırılması ilə yanaşı, təqaüd alan tələbələrin sayının 12 min artırılması nəzərdə tutulur. 2022-ci ildə, eyni zamanda, ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün 258 milyon manat vəsait ayrılacaq. Həmçinin yardımın təyinatı üçün əsas göstərici olan ehtiyac meyarının həddi 200 manata çatdırılır. Qeyd edək ki, cari il üçün bu göstərici 170 manatdır.
Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, gələn il Azərbaycanda maaş, pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin artırılması üçün dövlət büdcəsindən 1 milyard 441 milyon manat xərclənəcək.
Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizinin parametrlərinə dair son açıqlamasında deyilir ki, cari ildə illik inflyasiya 9,5-10,5 faiz səviyyəsində gözlənilir. AMB-nin sədri Elman Rüstəmovun sözlərinə görə, növbəti ilin ortalarından başlayaraq inflyasiya tempi aşağı düşməyə başlayacaq və illik əsasda onun səviyyəsi 6-7 faiz intervalında olacaq.
Ceyhun Piriyev, “İki sahil”