Ötən gün axşam saatlarından başlayaraq yağan intensiv yağışlar nəticəsində Şahbuz rayonunun Badamlı qəsəbə və Türkeş kəndində, eləcə də Ordubadın Üstüpü, Çənnəb, Parağa və Biləv yaşayış məntəqələrində yol infrastrukturuna ziyan dəyib.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, hadisənin fəsadlarının aradan qaldırılması istiqamətində dərhal tədbirlər görülüb. Agentliyin əməkdaşları və lazımi texnika əraziyə cəlb olunaraq yol örtüyündə yaranmış zədələrin bərpası və sel sularının gətirdiyi lilin təmizlənməsi işlərinə başlanılıb.
Vətəndaşların təhlükəsizliyi və əmlakının qorunması əsas prioritetdir və bu kimi halların qarşısının vaxtında alınması üçün müvafiq operativ tədbirlər görüləcək.
Hazırda ərazilərdə yol infrastrukturunun bərpası işləri davam etdirilir.