16 may 2018 23:31
1679

Paşinyan Sarkisyanın yolunu getsə, Ermənistanı daha bərbad ssenari gözləyir

İkisahil TV-nin “Siyasi baxış” verilişinin növbəti buraxılışında Ermənistandakı siyasi vəziyyətlə bağlı sualları Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov cavablandırıb.

Milli Məclisin deputatı bildirib ki, Ermənistanın hazırkı baş naziri Paşinyan hələ hakimiyyət məsuliyyətinin ağır yükünü dərk etmir: “Paşinyan hələ Ermənistandakı problemlərin nə qədər mühüm və qəliz olduğunun fərqində deyil. Çünki müxalifətçi olmaq bir şeydir, yeri gəlmişkən, ən asanı elə budur, amma hakimiyyətdə olub məsuliyyəti üzərinə götürmək, xüsusilə iqtisadi fəlakət səviyyəsinə gəlib çatan bir ölkənin problemlərinin həllini tapmaq başqa bir məsələdir. Yəqin ki, bir müddətdən sonra Paşinyan hansı ağır yükün altına girdiyini daha yaxşı dərk edəcək. Bu nöqteyi- nəzərdən Paşinyanın atdığı addımlara baxanda aydınca görünür ki, o, hələ bu yükün ağırlığını hiss etmir. Paşinyan daha yaxşı dərk etməliydi ki, Ermənistandakı iğtişaşların baş verməsinə, hakimiyyətin devrilməsinə gətirib çıxaran bu proseslərdə əsas amil sözügedən ölkədə əhali arasında yoxsulluğun son həddə çatması idi. Bundan daha o yanası yoxdu. Əhali kütləvi şəkildə ölkəni tərk edib gedir. Bu reallıqdan yanaşdıqda,  ilk növbədə Ermənistanda iqtisadi problemlərin həlli vacibdir. Ermənistan iqtisadiyyatını belə iflic vəziyyətə gətirən əsas səbəblər isə ölkənin işğalçılıq siyasəti, korrupsiya və rüşvətxorluqdur.  Paşinyan ilk növbədə bununla bağlı həll yollarını tapmalıdır. Ermənistan nə qədər ki, işğala son qoymayıb, o vaxta qədər Azərbaycan və Türkiyə tərəfindən həm iqtisadi, həm enerji, həm də nəqliyyat blokadası davam etdiriləcək. Bu, bəlli məsələdir və Azərbaycan prezidenti bununla bağlı dəfələrlə mövqeyini ifadə edib”.

Elman Nəsirov  Paşinyanın hələ də Sarkisyanın “irsindən” azad ola bilmədiyini diqqətə çatdırıb: “Paşinyanın Xankəndindəki məlum çıxışını da Sarkisyan siyasətinin davamı kimi qiymətləndirmək mümkündür. Paşinyanın Putinlə görüşünə nəzər salsaq, onu deyə bilərik ki, o, Putin üçün yeni bir sima olsa da, bir o qədər də anlaşılmaz insandır. Paşinyanın birmənalı fikirləri yoxdur, tez- tez özü -özünü təkzib edir. Paşinyan son çıxışlarının birində qeyd edir ki, ölkəsi nə Qərb, nə Rusiya, nə ABŞ, nə İran, nə də Gürcüstanyönümlü bir siyasət deyil, məhz ermənipərəst yönümlü bir siyasət həyata keçirəcək. Bu bəyanatı verdikdən sonra is Rusiya prezidenti ilə görüşə getdi. Məgər o dərk etmirmi ki, Ermənistan faktiki forpostdur? Bu, onun siyasi hadisələri dərk etməməsinin, siyasi cəhətdən naşılığının göstəricisidir. 

İngiltərə ekspertlərinin bu yaxınlarda Ermənistanla  bağlı fikirlərini xatırlatmaq istərdim. Onlar vurğulayırlar ki, çoxları Ermənistanın ən böyük probleminin münaqişə  ilə bağlı olduğunu güman edir. Əslində bu, belə  deyil. Ermənistanın ən böyük problemi ölkənin suverenliyinin itməsidir. Ermənistan müstəqil deyil. Ölkədə daha hansı sahə qalmayıb ki, Rusiyaya verilməmiş olsun? İngiltərəli ekspertlərin gəldiyi nəticə budur.

Görünən də budur ki, Paşinyanın müxalifətdə ikən verdiyi bəyanatlar başqa idi, hakimiyyətə gəldikdən sonrakı fikirləri başqadır. Putinlə görüşdən sonra o, vurğuladı ki, Rusiya ilə münasibətlər Ermənistan  üçün nə qədər əhəmiyyətlidir. Bir neçə gün əvvəl özünü qərbyönümlü fikirləri ilə təqdim edirdi, indi isə Rusiya ilə münasibətlərin önəmindən danışır. Bütün bu  özü- özünü təkziblər göstərir ki, yəqin, Paşinyana populist bəyanatlarının Ermənistan üçün çox ciddi fəsadlara gətirib çıxara biləcəyini izah edirlər.

Paşinyanın Xankəndinə olan səfərində əsas məqsəd həm də o idi ki, erməni lobbisinə, disaporuna və erməni xalqına  Dağlıq Qarabağ münaqişəsinin onun üçün prioritet məsələ olduğunu  göstərsin.  Azərbaycanın Paşinyanın bu naşı siyasi münasibətinə mövqeyi həmişə birmənalıdır və onun qondarma respublikanı legitimləşdirmə cəhdlərinə həmişə  layiqli cavab veriləcək. Paşinyanın bu mövqeyi onsuz da dalana dirənmiş danışıqlar prosesinə növbəti bir zərbədir. İşğalçılıq siyasəti həyata keçirən Sarkisyan hakimiyyətdə cəmi 10 il qala bildi və devrildi. Paşinyan münaqişə ilə bağlı məsələlərdə Sarkisyanın siyasətini davam etdirib onun yolunu gedəcəksə, belə desək- “Sarkisyandan daha artıq Sarkisyan olacaqsa”,  heç on ay da hakimiyyətdə qala bilməyəcək. Bir müddət keçdikdən sonra xalq Paşinyandan Sarkisyanın həll eləyə bilmədiyi problemlərin həllini istəyəcək. Heç bir planı, proqramı olmayan Paşinyanın bugünkü ən böyük resursu xalqdır. Amma tarix sübut edib ki, bu resurs nə qədər güclü olsa da,  böyük səbri yoxdur.  Bu yerdə Napoleonun fikrini xatırlatmaq yerinə düşərdi. Bir gün inqilabdan sonra xalq  Fransa inqilabının qəhrəmanlarını alqışlayır, göyə atıb -tuturmuş. Napoleondan soruşurlar ki, niyə belə qaşqabaqlısan, axı hamı şənlik edir, deyib -gülüb qələbəni qeyd edir? Napoleon cavab verir ki, bu gün sevinən xalq bir gün məyus olunca, həmin qəhrəmanlarını asanlıqla gilyotinə göndərə bilər.  Sonralar elə Napoleonun dediyi kimi də oldu.

Bu gün Paşinyan hələ  küçənin qəhrəmanıdır, hələ eyforiyadadır. Amma real siyasət başlayanda, Sarkisyanın hakimiyyətdən getməsini şərtləndirən səbəblər öz həllini tapmayanda xalqda məyusluq yarana bilər. Bu məyusluq yeni bir siyasi “zəlzələ”ni  istisna etmir. Hətta belə olan halda Ermənistanda vətəndaş müharibəsindən yayınmaq belə mümkünsüz ola bilər”.

Şəmsiyyə Əliqızı,
Sevinc Mürvətqızı, “İki sahil”