02 iyun 2021 17:41
982

Azərbaycan Turizm Assosiasiyası ilə Misir Turizm Agentlikləri Assosiasiyası arasında memorandum imzalanıb

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə Misir Ərəb Respublikasına infotur təşkil olunub.

AZTA-dan "İki sahil"ə bildirilib ki, infotur Qahirə və Şarm Əl Şeyx şəhərlərində baş tutub. Azərbaycanın 10 aparıcı turizm sənayesi nümayəndəsinin iştirak etdiyi bu səfərdə əsas məqsəd iki ölkə arasındakı turizm əlaqələrini daha da qüvvətləndirmək idi.

Tur zamanı Qahirə və Şarm Əl Şeyxin ən qabaqcıl otelləri ziyarət edilib və otellərin bütün imkanları iştirakçılara əyani şəkildə göstərilib. Bundan başqa, adıçəkilən şəhərlərdə olan turizm məkanlarına turlar təşkil edilib və Misirin turizm potensialı turizmçilərə təqdim olunub.

Səfər çərçivəsində Azərbaycan Turizm Assosiasiyası ilə Misir Turizm Agentlikləri Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bununla da iki ölkə arasındakı turizm əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaranacaq. Tərəflər arasında gələcəkdə həm Azərbaycana, həm də Misirin digər şəhərlərinə turların yenidən təşkil olunması haqqında razılıq əldə olunub.