03 may 2025 16:59
169

Kümçülərə ipəkqurdunun paylanmasına başlanılıb

Mayın 3-də Qax Damazlıq İpəkçilik Stansiyasında kümçülərə ipəkqurdu toxumunun paylanılması prosesinə start verilib. Stansiyada birinci mərhələdə 26 rayonun kümçülərinə ipəkqurdunun paylanılması nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri Qax Damazlıq İpəkçilik Stansiyasında olub, ipəkqurdlarının paylanılması prosesi ilə maraqlanıb.

Stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, builki mövsümdə respublikanın 40 rayonunda, həmçinin Naxçıvan Muxtar Respublikasının rayonlarında barama yetişdiriləcək. Direktorun sözlərinə görə, bu il Çindən ölkəmizə 5 min qutu hibrid ipəkqurdu sənaye toxumu (qrena) gətirilib. Bundan əlavə, Qax Damazlıq İpəkçilik Stansiyasının özündə yerli istehsal hesabına 1000 qutu elit və sənaye tut ipəkqurdu toxumu da hazırlanıb. Beləliklə, bu il kümçülərə əvəzsiz olaraq 6 min qutu ipəkqurdunun paylanması nəzərdə tutulur. İpəkqurdu toxumunun inkubasiyası Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, Zərdab və Zaqatala rayonlarındakı baramaqurutma müəssisələrində də həyata keçirilib. Stansiyanın özündə 4710 qutu ipəkqurdu toxumu inkubasiya olunub və iki mərhələdə 36 rayonun kümçülərinə paylanılacaq.

Stansiyada ipəkqurdunun paylanılması prosesi rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Şəki DAİM-in heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov bildirib ki, builki mövsümdə rayonun kümçülərinə 550 qutu və ya 10 kiloqram 450 qram ipəkqurdu toxumu paylanılacaq. İpəkqurdunun yemlənməsi ilə 210 kümçü məşğul olacaq. Cari mövsümdə rayonda yaş barama istehsalının 22 tona çatdırılması proqnozlaşdırılır.

Ucar DAİM-in bitkiçilik sektorunun müdiri Şahsoltan İbrahimovun sözlərinə görə, stansiyada ipəkqurdunun paylanması prosesi yaxşı təşkil olunub. Əməkdaşlar rayonlardan gələn nümayəndələrə kömək göstərirlər. Bölgüyə əsasən, bu il Ucar rayonuna 150 qutu ipəkqurdu toxumu ayrılıb. Cari mövsümdə rayonda yaş barama istehsalının 6 tona çatdırılması hədəflənir.