15 oktyabr 2026 10:56
111

Suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir İlhamə Qədimova

"Aqrar Süni İntellekt layihəsi çərçivəsində su ehtiyatlarından səmərəli istifadə və suvarma ehtiyacının düzgün müəyyənləşdirilməsi istiqamətində də həllər tətbiq olunur."

Bu fikirləri Aqrar Süni İntellekt layihəsinin icra vəziyyəti, aqrar sahədə tətbiq olunan texnoloji yeniliklərə dair mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib. 

Nazir müavini vurğulayıb ki, sahə səviyyəsində suvarma ehtiyacını hesablayan sistem bitkinin növünü, inkişaf fazasını və iqlim məlumatlarını nəzərə alaraq gündəlik buxarlanmanı, yağıntı proqnozunu və su balansını qiymətləndirir: "Bu, fermerlərə suvarmanın vaxtını daha düzgün planlaşdırmağa imkan verir.
Bununla yanaşı, ölkə və rayon səviyyəsində suvarma tələbatının proqnozlaşdırılması modeli 180-dən çox iqlim stansiyasının və torpaq nəmliyi sensorlarının məlumatları əsasında yoxlanılır. Peyk məlumatlarından istifadə etməklə hazırlanan torpaqların dinamik nəmlik xəritəsi isə əkin sahələrində su stresinin müəyyənləşdirilməsinə xidmət edir. Hazırda bu həll pambıq sahələri üzrə tətbiq olunur.

Layihə çərçivəsində yaradılmış dinamik iqlim xəritəsi də 180-dən çox iqlim stansiyasından əldə olunan məlumatlar əsasında ölkə üzrə temperatur, yağıntı və digər iqlim göstəricilərini əks etdirir. Bu məlumatlar aqrar risklərin qiymətləndirilməsi və digər süni intellekt həllərinin fəaliyyətinin təmin edilməsi baxımından əhəmiyyətlidir."

Orxan Vahidoğlu, "İki sahil"