06 aprel 2021 00:57
1059

Şəhid Fərrux Bayramlının ailəsi ziyarət edilib

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının fəalları “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış rayonun Məmmədabad kəndindən olan kiçik çavuş Bayramlı Fərrux Bayram oğlunun məzarını ziyarət ediblər.

"İki sahil" xəbər verir ki, daha sonra şəhidin ailəsi ziyarət olunub. Ziyarət zamanı qeyd edilib ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza şanlı Qarabağ Zəfərini bəxş etdi. Azərbaycanın igid əsgər və zabitləri Vətən müharibəsində elə bir şanlı tarix yazdılar ki, bu qəhrəmanlıq dastanı əbədi yaşayacaq, gələcək nəsillər tərəfindən öyrəniləcək və şəhidlərimizin əbədiyaşar xatirələri daima yad olunacaq.

Görüşdə şəhidin Vətən müharibəsinin ilk günündən ön cəbhədə döyüşdüyü, döyüş meydanında böyük şücaət və cəsarət nümunələri göstərdiyi xüsusi qeyd olunub. Şəhidin ailəsi dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.