23 iyul 2020 12:41
1207

Dövlət çevrilişinə cəhd, yaxud sabotaj tarixini kimlər təkrarlamaq niyyətindədir?

Xalq elə həmin xalqdır. Dərd də elə həmin dərddir. 1828-ci ildən taleyimizə yazılıb. Çox uzaqdan başlamıram, ümid edirəm ki, hər bir vətəndaşımız Qarabağla bağlı tariximizi əzbər bilir...

Müstəqilliyimiz ərəfəsində də, azadlığımızın ilk illərində də xalq Qarabağ deyirdi. Döyüşmək və erməni terrorçularının Qarabağdan ayağını birdəfəlik kəsmək istəyirdi. Lakin AXC adlı qurum buna imkan vermirdi.

Hakimiyyət hərisliyi, kreslo sevgisi, xalqın enerjisinin şəxsi və qrup maraqlarının təminatına yönəldilməsi nəticəsində Qarabağ yaddan çıxarıldı, amma əvəzində AXC-Müsavat birləşməsi Milli Məclisi dağıtdı, hakimiyyəti tankla, PDM-lə, kalaşnikovla zəbt etdi.

Bu, 1992-ci ildə yaşadığımız real tarix idi. Ondan sonra Şuşa, Laçın, Kəlbəcər kimi rayonların işğalından tutmuş digər hadisələrə qədər nələrin baş verdiyini hər kəs yaxşı bilir. Ancaq xalqın Qarabağla bağlı ideyası və enerjisi AXC rəhbərliyi tərəfindən öldürülmüşdü...

***

Xalq AXC-ni hakimiyyətdən qovduqdan sonra milli və legitim hakimiyyətin dövlət quruculuğu sayəsində özünə gəldi, gücləndi, özgüvəni artdı. Və 2020-ci ilin 14 iyul tarixində vaxtilə AXC tərəfindən enerjisi məhv edilmiş xalq yenidən Qarabağ dedi, ayağa qalxdı, yeridi. Amma 28 il öncə AXC-nin milli xəyanətini unutduğumuz üçün yenidən sabotaj tarixi təkrarlanmaq nöqtəsinə gəlmişdi. Yenidən AXC(P) xalqın enerjisini şəxsi və qrup mənafelərinin təminatına, hakimiyyət iddialarının reallaşdırılmasına yönəltdi, təxribat baş verdi, dövlət çevrilişinə cəhd oldu.

AXC(P) sədri Əli Kərimlinin "desantlarına" rəhbərlik edən Asif Yusifli kimi sabotajçılar Qarabağ deyən xalqı 28 il öncə olduğu kimi Milli Məclisə istiqamətləndirdi. Yenə də dağıtdılar, sındırdılar, bağırdılar, polisə daş, butulka atdılar, maşınları aşırdılar, xəsarət yetirdilər. Beləliklə də, 28 il öncəki vəhşilikləri təkrarlasalar da, hakimiyyəti zəbt etməklə bağlı çevriliş cəhdləri alınmadı, Şəhidlər Xiyabanı önünə toplaşmış vətənpərvər insanların enerjisini isə yenidən məhv etdilər.

***

Buyurun, reallıq ortadadır. AXC(P) adlı bir qurum və onun sabotajçıları növbəti dəfə dövlətə, xalqa, milli ideyamıza xəyanət etdilər. Onlar xaincəsinə arxadan bıçaq zərbəsi vurmaqla düşmən sevindirdilər, Ordumuza xəyanət etdilər.

Hər kəs bilməlidir ki, hakimiyyət hərisliyi manyak birisinin keçirdiyi cinsi istəyi kimi bir hissdir. O, məqsədinə çatmaq üçün hətta cinayət belə törədir. Məhz, AXC(P) bu gün siyasi manyaklardan ibarətdir və onlar məqsədlərinə çatmayana qədər durmayacaqlar, təxribat, xəyanət edəcəklər, qardaş qırğını törədəcəklər.

Bu səbəbdən də onların qarşısını tez bir zamanda almaq lazımdır. Bu işdə isə xalq öndə olmalıdır. Əli qələm tutan, nitq bacarığı olan, siyasi prosesləri dərin təhlil etməyi bacaran ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti nümayəndələri, hüquqşünaslar, gənclər AXC(P)nin dövlət çevrilişinə, təxribatına, sabotajına öz vətəndaş mövqeyini bildirməlidir.

Milli dövlət və inkişaf ideyası uğrunda bir əsrdən çoxdur apardığımız mübarizə tarixini, nailiyyətlərimizi, uğurlarımızı satqın, xain və manyakların hərisliklərinə qurban vermək olmaz. Bu, dövlətçilik tariximizə ən böyük xəyanət olar...

Ramil Velibeyov,

YAP Sosial media qrupunun rəhbəri