Corcia Meloni bir neçə gündən sonra Bakıda olacaq. Bu, onun Əlcəzair və Körfəz ölkələrinə səfərlərini əhatə edən "enerji" turunun növbəti dayanacağıdır.
“İki sahil” xəbər verir ki, Formiche.net bu mövzuda Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla söhbət edib.
O, ötən günlərdə İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli tərəfindən qəbul olunub. Əmirbəyovun sözlərinə görə, Hörmüz böhranından sonra Azərbaycan ilə İtaliya arasında enerji əməkdaşlığının strateji əhəmiyyəti daha da aydın görünür. Bundan əlavə, TAP sayəsində Cənub Qaz Dəhlizi artıq Avropa üçün enerji idxalı baxımından əsas diversifikasiya marşrutlarından birinə çevrilib. Bu, xüsusilə qitənin etibarlı alternativlər və təhlükəsiz quru təchizat kanalları axtardığı bir dövrdə mühüm əhəmiyyət kəsb edir.
Müsahibəni təqdim edirik:
- TAP qaz kəməri sayəsində İtaliya və Azərbaycan arasında möhkəm enerji əlaqələri mövcuddur. Bu əlaqələr Hörmüz böhranından sonra daha da əhəmiyyətli olubmu?
- Bəli, tamamilə. Azərbaycan ilə İtaliya arasında enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz böhranından sonra daha da aydın şəkildə üzə çıxıb. Geosiyasi qeyri-sabitlik dövründə əsas məsələ təkcə enerji məhsullarına əlçatanlıq deyil, həm də təchizat marşrutlarının etibarlılığı və təhlükəsizliyidir. Bu baxımdan, Azərbaycan uzun müddətdir İtaliya üçün etibarlı tərəfdaş kimi özünü sübut edib. 2025-ci ildə Azərbaycan TAP vasitəsilə İtaliyaya 9.5 milyard kubmetr qaz tədarük edib və bu, İtaliyanın ümumi qaz idxalının təxminən 16 faizini təşkil edib. TAP-ın fəaliyyətə başlamasından etibarən İtaliyaya 42 milyard kubmetrdən çox Azərbaycan qazı çatdırılıb. Bu, TAP-ın təkcə kommersiya uğuru deyil, həm də İtaliyanın enerji dayanıqlığının strateji sütunu olduğunu göstərir.
Eyni zamanda, bu tərəfdaşlıq yalnız ikitərəfli səviyyədə əhəmiyyətli deyil. Azərbaycan bu gün ümumilikdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. 2025-ci ildə Azərbaycan Avropa İttifaqına üzv dövlətlərə 12.5 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da 2021-ci illə müqayisədə 53.8 faiz çoxdur. Bu, Cənub Qaz Dəhlizinin artıq Avropa üçün əsas şaxələndirmə marşrutlarından birinə çevrildiyini göstərir. Xüsusilə qitənin etibarlı alternativlər və təhlükəsiz quru təchizat kanalları axtardığı bir dövrdə bu amil xüsusi əhəmiyyət daşıyır. Hörmüz ətrafında son gərginliklər bir daha hamıya xatırlatdı ki, qlobal enerji bazarları geosiyasi şoklara qarşı nə qədər həssasdır. Bu kontekstdə Azərbaycanın rolu daha böyük dəyər qazanır. Buna görə də, bəli, Hörmüz böhranından sonra Azərbaycan ilə İtaliya arasında enerji əlaqələri təkcə iki ölkə üçün deyil, bütövlükdə Avropa üçün də daha aktual əhəmiyyət kəsb edir.
- Qaz kəmərinin gücünün ikiqat artırılması mümkündürmü?
- Bəli, prinsip etibarilə mümkündür. Ən əsası isə bu, yeni ideya deyil. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen 2022-ci ilin iyulunda Bakıya səfər edərkən Avropa İttifaqı və Azərbaycan enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Bu sənədin məqsədi Cənub Qaz Dəhlizi infrastrukturunun genişləndirilməsi və beləliklə də 2027-ci ilə qədər Azərbaycan qazının Avropa İttifaqı ölkələrinə ixracının ikiqat artırılaraq, ildə 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılmasıdır. Bu proses artıq başlayıb və biz həmin hədəfə doğru irəliləyirik. TAP-ın genişləndirilməsi istiqamətində birinci mərhələsi 2026-cı ilin yanvarında istismara verilib və bu, Avropaya illik 1.2 milyard kubmetr əlavə ötürmə gücü qazandırıb. Bu əlavə həcmin 1 milyard kubmetri İtaliyaya yönləndirilir. Bu, dəhlizin statik olmadığını, əksinə, Avropanın enerji ehtiyaclarına cavab olaraq davamlı inkişaf etdiyini göstərir.
Eyni zamanda, daha çox iş görmək üçün aydın potensial mövcuddur. Azərbaycan Avropaya qaz tədarükünü artırmağa hazır olduğunu dəfələrlə bəyan edib. Lakin bunun üçün Cənub Qaz Dəhlizinin infrastrukturunun daha da genişləndirilməsi tələb olunur. Bu isə hasilatın və qaz kəmərinin ötürücülük qabiliyyətinin artırılması məqsədilə yeni investisiyaların cəlb edilməsini zəruri edir. Hazırkı geosiyasi qeyri-müəyyənlik şəraitində bu ötürmə gücünün genişləndirilməsi getdikcə daha çox Avropanın strateji maraqlarına cavab verir. Burada maliyyələşmə həlledici əhəmiyyət daşıyır. Avropa enerji təchizatı mənbələrini şaxələndirmək istiqamətində səylərini davam etdirərkən müvafiq Avropa İttifaqı institutları zəruri investisiyalar üçün maliyyə şəraitinin yaradılmasına mühüm töhfə verə bilər.
- TAP qaz kəməri Avropa - Aralıq dənizi sabitliyinə necə təsir göstərə bilər?
- Bu, çox praktik mənada baş verə bilər: enerji təhlükəsizliyini gücləndirməklə, xarici şoklara qarşı həssaslığı azaltmaqla, təhlükəsiz infrastruktur və dayanıqlı təchizat zəncirlərini möhkəmləndirməklə. Bu baxımdan, TAP strateji infrastrukturdur və Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı Avropa üçün daha şaxələndirilmiş və etibarlı enerji təchizatına töhfə verir.
Xüsusilə İtaliya üçün bu mühümdür, çünki ölkə təkcə istehlak bazarı deyil, həm də Avropa ilə Aralıq dənizi arasında əsas enerji qovşaqlarından biridir. İtaliyanın enerji siyasəti nə qədər dayanıqlı olarsa, onun ümumilikdə regional sabitliyə, o cümlədən Cənub-Şərqi Avropa və Aralıq dənizi hövzəsində sabitliyə töhfə vermək imkanları da bir o qədər artar. TAP artıq Yunanıstanı, Albaniyanı və İtaliyanı birləşdirir, Cənub Qaz Dəhlizi isə interkonnektorlar vasitəsilə Avropadakı əhatə dairəsini daha da genişləndirir. Bir neçə ay əvvəl Avstriya və Almaniyanın da alıcılar sırasına qoşulması ilə Azərbaycan qazı artıq 10 Avropa İttifaqı ölkəsinə çatdırılır ki, bu da öz növbəsində Azərbaycanın regiondakı sabitliyə töhfəsi kimi qiymətləndirilə bilər.
Burada daha geniş geosiyasi aspekt də mövcuddur. TAP sabitliyi təkcə daha həssas təchizat marşrutlarından asılılığı azaltmaqla deyil, həm də istehsalçı, tranzit və istehlakçı ölkələr arasında uzunmüddətli qarşılıqlı asılılıq yaratmaqla möhkəmləndirir. Buna görə də onun Avropa-Aralıq dənizi sabitliyinə təsiri yalnız enerji təchizatı ilə məhdudlaşmır; o, dayanıqlı, qarşılıqlı asılılığı təmin edən və təhlükəsiz regional mühit yaradır.
Juan Salazar Alvarez: Qarabağ iqtisadi inkişaf və turizm üçün çox gözəl məkana çevriləcək
Elçin Əmirbəyov: Azərbaycan-İtaliya enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz böhranından sonra daha da aydın şəkildə üzə çıxıb
Elçin Əmirbəyov: Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür