2020-ci il martın 15-dən etibarən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) fəaliyyətini Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq tənzimləyir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti müəyyən qədər məhdudlaşdırıldığından, Birliyin Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidmətləri üzrə mütəxəssisləri daxil olan müraciətlər cavabsız qalmasın deyə həm inzibati binada, həm də Heydər Əliyev prospektində yerləşən 5 saylı "ASAN xidmət" və akademik Həsən Əliyev küçəsində yerləşən 1 saylı “ASAN Kommunal” mərkəzlərində bir-neçə pəncərədə səhər saat 09:00-dan 12:00-dək fəaliyyət göstərir. Bundan başqa Birliyin Qaradağ xidmət sahəsində səhər saat 10:00-dan 15:00-dək, Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrində isə səhər saat 09:00-dan 17:00-dək abonentlərin müraciətlərinə baxılır. Abonentin qazsız qalmaması üçün ən zəruri xidmətlər (yeni smart-kartların verilməsi, qüsurlu, koda düşmüş əməliyyatların bərpası, itirilmiş və ya zədələnmiş smart-kartların əvəzlənməsi və s.) həyata keçirilir. Aprelin 24-ə olan statistikaya görə karantin dövründə ümumilikdə 5 minə yaxın insana xidmət göstərilib. Bu insanların yarısı yuxarıda sadalanan xidmət sahələrinə müraciət edənlərdir.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “İki sahil” qəzetinə açıqlamasında bildirib ki, Birliyin ümumi işçilərinin təqribən 20 %-ə qədər olan hissəsi martın 29-dan mayın 4-dək əmək haqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilib: “Onlar ofis şəraitində görə biləcəkləri işləri evdən icra edirlər. Bu addım koronavirus infeksiyasından vətəndaşların özünü daha ciddi qorumasına şərait yaratmaq məqsədi ilə atılıb.”
Ruslan Əliyev vurğulayıb ki, “Azəriqaz” İstehsalat Birliyi həm də #evdəqal çağırışlarına uyğun olaraq evlərini tərk etməyən 65 yaşdan yuxarı abonentlərə yardımçı olur: “Bu yaş kateqoriyasına aid olan şəxslər Birliyin 104/185 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla, (+99477) 3 104 104 saylı "Whatsapp" nömrəsinə mesaj göndərməklə nəyə ehtiyac duyduqlarını bildirirlər. Məsələn, 65 yaşdan yuxarı olan abonent kartına vəsait yükləmək istəyərsə, onun kartı götürülür, əvvəlcədən verdiyi məbləğ karta yüklənilərək ünvanında özünə təhvil verilir. İşlətdiyi məişət qaz cihazlarında hər hansı nasazlıq yaranarsa, təmənnasız olaraq təmir edilir. Ucqar kəndlərdə yaşayan sakinlərə isə ərzaq yardımları göstərilir.”
Qeyd edək ki, 17.04.2019 –cu il tarixində isə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Lənkəran şəhərindən bir qrup abonentlə videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu həyata keçirib. Onların problemlərinin həllinə yardım göstərilib. Birliyin rəhbərliyi digər qurumlarla əlaqələri də onlayn olaraq diqqətdə saxlayıb. Belə ki, “Caspian European Club”un təşəbbüsü ilə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev ilə fikir mübadiləsi aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb. Ümumiyyətlə, onlayn bağlantılar müxtəlif istiqamətlərdə həyata keçirilib. Bu günlərdə Birliyin Təmir-tikinti İdarəsində ixtisas dərəcələri üzrə imtahanlar da "Skayp" videobağlantıları ilə icra olunub.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın karantin rejiminin tətbiqi və daha sonradan uzadılmasına dair qərarları ilə istilik mövsümü birinci dəfə aprelin 25-dək, daha sonra aprelin 30-dək uzadılıb. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru bildirib ki, bununla bağlı “Azəristiliktəchizat” ASC-nin balansında olan qazanxanaların fasiləsiz qazla təminatı üçün bütün zəruri tədbirlər görülüb. “Azəriqaz” İB bu məsələdə üzərinə düşən öhdəliklərin vaxtında icrasını təmin edir.
Ruslan Əliyev onu da qeyd edib ki, karantin rejimi dövründə Birliyin balansında olan binalar həftədə 2 dəfədən az olmayaraq dezinfeksiya olunur, giriş-çıxış yerlərində əllərin dezinfeksiyası üçün xüsusi məhlullar qoyulub, işçilərin hamısı qoruyucu tibbi maskalarla təmin edilib.
Bütün sadalanan məqamlara dair Birliyin sosial şəbəkə ünvanlarında video-çarxlar hazırlanaraq yayımlanıb.
Orxan Vahidoğlu, “İki sahil”