25 sentyabr 2026 13:55
95

SOCAR, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və “Esyasoft Holding” arasında imzalanmış Anlaşma Memorandumu mübadilə edilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Esyasoft Holding” şirkəti arasında imzalanmış Anlaşma Memorandumu mübadilə edilib.

“İki sahil” xəbər verir ki, sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və “Esyasoft Holding”in direktoru Bipin Çandra mübadilə ediblər.

Memorandum Azərbaycanda “Ağıllı Su Şəbəkəsinin İdarəetmə Sistemi”nin qiymətləndirilməsi, ümumi dizaynının hazırlanması və tətbiqinin planlaşdırılması sahəsində əməkdaşlığı nəzərdə tutur. Bu çərçivədə tərəflər layihənin texniki, əməliyyat, kommersiya, maliyyə, tənzimləyici və kibertəhlükəsizlik aspektlərini əhatə edən texniki-iqtisadi əsaslandırmanı, həmçinin layihənin icra planını hazırlayacaqlar.

Layihə su ehtiyatlarının idarə edilməsi və paylanması infrastrukturunun modernləşdirilməsinə, texniki və kommersiya su itkilərinin azaldılmasına, eləcə də istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Yeni sistem ağıllı su sayğacları vasitəsilə məlumatların məsafədən toplanmasını və emalını, su şəbəkəsinin monitorinqini, sızmaların aşkarlanmasını, təzyiqin idarə edilməsini və rəqəmsal hidravlik modelləşdirmə həllərini əhatə edəcək.

Sənədə əsasən, SOCAR layihənin maliyyələşdirmə modelinin və mümkün dövlət-özəl tərəfdaşlığı çərçivəsinin hazırlanmasına, həmçinin nasos sistemlərinin işinin optimallaşdırılması da daxil olmaqla, su təchizatı sistemləri üçün enerji səmərəli həllərin işlənib hazırlanmasına cavabdeh olacaq.

Layihənin icrasında “Esyasoft Holding”in smart kommunal texnologiyalar sahəsində beynəlxalq təcrübəsindən, həmçinin Azərbaycanda SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ilə həyata keçirilən Ağıllı Qaz Şəbəkəsinin Transformasiyası Layihəsi çərçivəsində əldə edilmiş təcrübədən istifadə olunması nəzərdə tutulur. Bu təcrübənin su sektoruna uyğunlaşdırılması ağıllı sayğaclaşdırma, real vaxt monitorinqi, itkilərin aşkarlanması və məlumatlara əsaslanan şəbəkə idarəetməsinin inkişafına imkan yaradacaq.