17 sentyabr 2019 10:55
1365

Buyruq qulu olan “mühacir” müxalifəti”ni erməni lobbisi maliyyələşdirir

Son dövrlər xaricdə “siyasi mühacir” adı ilə sığınacaq taparaq sosial şəbəkələrdə Azərbaycan əleyhinə qara piar kampaniyası aparan xəyanətkar dəstənin  ermənipərəst dairələrin və erməni lobbisinin qrantları hesabına fəaliyyət göstərməsinə dair yeni faktlar üzə çıxmaqdadır. Dağıdıcı müxalifət partiyalarının saxta sənədləri ilə Qərbin müxtəlif ölkələrində məskunlaşan Tural Sadıqlı, Məhəmməd Mirzəli, Orduxan Teymurxan, Vidadi İsgəndərli, Qənimət Zahid, Sevinc Osmanqızı kimilər ermənipərəst dairələrdən maliyyələşən beynəlxalq təşkilatların  ayırdıqları qrantlar hesabına  inrenet TV-lər yaradaraq gecə-gündüz ölkəmizin əleyhinə qarayaxma kampaniyası apararaq onun beynəlxalq imicinə ləkə yaxmaq, respublikamızın daxilində sabitliyi pozmaq, feyk xəbər və məlumatlarla ictimaiyyəti çaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar.

Təbii ki, bu, Azərbaycandakı sabitliyin, təhlükəsizliyin, inkişafın getdikcə güclənməsindən vahiməyə düşən bəzi düşmən qüvvələrin köləsinə çevrilmiş “siyasi mühacirlər” naxırının Azərbaycan əleyhdarı olan dairələrdən qrant alması çoxdan ictimaiyyətimizə bəlli idi. Hamımız yaxşı bilirik ki, sığındıqları ölkələrdə tula payı olan sosial yardımlarla keçinən, işsiz-gücsüz avaralanan, necə deyərlər, ciblərində sıçanlar oynayan bu satqınların öz hesablarına internet TV-lər yaratmaları,  bir ayda bir neçə dəfə bu ölkədən-o ölkəyə səfərlər etmələri qeyri-mümkündür.   Bütün bunlar sübut edir ki, bu xəyanətkarları öz məqsədləri üçün maliyyələşdirən, çirkli pullarla şirnikləşdirib yemləyən dairələr var. O dairələr isə bəllidir: bəzi xüsusi xidmət orqanları və erməni lobbisi.

Yarandığı vaxtdan ölkəmizin əleyhinə şər-böhtan kampaniyası aparan “Meydan TV” haqqında üzə çıxan faktlar bunun əyani sübutudur. Belə ki, bu günlərdə elə dünya erməniliyinin təsiri altında bəzi beynəlxalq təşkilatların miskin əlaltısına çevrilmiş “siysi mühacir” dəstəsinin üzvlərindən olan Emin Hüseynli bildirib ki, “Meydan TV” qrantlar hesabına maliyyələşir və onun bütün fəaliyyəti məhz bu ianələrin üzərində qurulub. O da məlumdur ki, bu internet TV erməni lobbisinin güclü olduğu ölkələrdən biri olan Fransada yerləşir. Fikrimizcə, başqa mülahizəyə ehtiyac yoxdur. “Meydan TV”nin təmsilçilərinin ölkəmiz haqqında  anti-Azərbaycan dairələrlə həmrəylik nümayiş etdirməsi bütün qaranlıq məqamları üzə çıxarır.  Hər şey ortadadır: müdriklərimizin dedikləri kimi, “kor-kor, gör-gör”.

Xəyanətkar siyasi mühacirlər sürüsünün erməni lobbisi ilə sıx işbirliyində olmasının digər bir əyani sübutu  isə satılmışlığı, mənəviyyatsızlığı, simasızlığı ilə tanınan, virtual məkandakı çıxışları ilə cəmiyyətimizin nifrətini qazanan, ikrahdoğurucu “söyüş müxalifəti”nin öndə gələnlərindən olan Orduxan Teymurxanla bağlıdır. Xatırlayırsınızsa, bu şəxs ötən il xaricdə bir qrup antimilli siyasi mühacirin yaratdığı “Azərbaycan Naminə Demokratiya” adlı təşkilatın tədbirində çıxış edərək ermənilərin  xalqımıza qarşı vəhşilik etmədiyini bildirmişdi. Həyasızlığın, satqınlığın və xəyanətin sözlə ifadə olunmayacaq nöqtəsində olan O.Teymurxan həmin tədbirdə demişdi ki, işğal altında olan Azərbaycan torpaqlarında ermənilər bilərəkdən qəbirləri, məscidləri dağıtmayıb. Nə qədər həyasız və əxlaqsız, iyrənc biri olasan ki, bu cür sözü dilinə gətirəsən?! Bəs, bu erməni lobbisi ilə işbirliyi deyil, nədir?

Siyasi mühacir adı ilə maskalanan, özünü xalqımıza “demokratiya”, “insan haqları” uğrunda “mübariz” kimi sırımağa cəhd edən bu merkantillərin iç üzü, həqiqi mahiyyəti getdikcə daha çox üzə çıxır. Əslində bu xəyanətkarların ermənilərlə birgə fəaliyyət göstərdiklərini ictimaiyyəmiz çoxdan bilir. Məhz buna görə bu satqınlara və onların daxildəki “əqidədaşlarına” və xaricdəki antimilli ünsürlərə qarşı çox prinsipial və barışmaz mövqe nümayiş etdirir. Ölkə başçısı hələ ötən ilin prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimindəki nitqində bu barədə bildirmişdi: “O ki qaldı antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun”.

Zahid Rza,

“İki sahil”