24 avqust 2026 19:16
100

Uşağı çətinlikdən qorumaq, YOXSA HƏYATA HAZIRLAMAQ?

Psixoloq: “Mənim yaşadıqlarımı övladım yaşamasın” düşüncəsi başadüşüləndir, amma bəzən sevgi həddindən artıq təminata çevrilə bilər

Valideynlikdə ən çətin məsələlərdən biri uşağı qorumaqla onu həyata hazırlamaq arasındakı sərhədi düzgün müəyyənləşdirməkdir. Xüsusilə öz uşaqlığında müəyyən məhrumiyyətlər yaşamış valideynlər övladlarının eyni hissləri keçirməməsi üçün daha çox imkan yaratmağa, qarşılarına çıxan çətinlikləri aradan qaldırmağa və istəklərini mümkün qədər tez qarşılamağa çalışa bilirlər. Bu yanaşmanın arxasında çox vaxt eqoizm deyil, əksinə, güclü sevgi və “mənim yaşadıqlarımı övladım yaşamasın” düşüncəsi dayanır. Ancaq məhz burada valideyn qayğısının mahiyyəti dəyişə bilər.

Uşağın hər ehtiyacını vaxtında qarşılamaq onun sağlam inkişafına dəstək olduğu halda, ehtiyacla istək arasındakı sərhədin itməsi, bütün problemlərin valideyn tərəfindən həll edilməsi və uşağın heç bir məyusluqla üzləşməsinə imkan verilməməsi uzunmüddətli nəticələr yarada bilər. Çünki həyat bacarıqları yalnız rahatlıq şəraitində formalaşmır. Uşaq gözləməyi, imtina cavabını qəbul etməyi, məsuliyyət daşımağı, səhv etməyi və nəticələrini görməyi də öyrənməlidir. Əks halda valideynin bu gün qorumaq məqsədilə aradan qaldırdığı hər çətinlik sabah uşağın müstəqil qərar vermək qabiliyyətinin qarşısında maneəyə çevrilə bilər.

Məsələ uşağı məhrum etmək və ya sərt tərbiyə tətbiq etmək deyil. Əsas məsələ valideynin öz keçmişinin övladının tərbiyəsinə nə dərəcədə təsir etdiyini görə bilməsidir.

Uşağa verilən hər imkan onun ehtiyacı demək deyil

Mövzu ilə bağlı “İki sahil”ə fikirlərini bölüşən  Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirdi ki, valideynin öz uşaqlığında yaşadığı məhrumiyyətləri övladına yaşatmaq istəməməsi tamamilə başadüşüləndir. İnsan çox vaxt əldə edə bilmədiyi imkanları, görmədiyi qayğını və yaşamadığı rahatlığı uşağına verməyə çalışır. Bu istəyin əsasında sevgi ilə yanaşı, keçmişdə yaşanmış ağrıların övladın həyatında təkrarlanacağına dair narahatlıq da dayanır.

Lakin valideyn öz keçmişinin yaratdığı boşluqları uşağın bütün ehtiyaclarını əvvəlcədən qarşılayaraq doldurmağa başladıqda sağlam qayğı tədricən həddindən artıq təminata çevrilir. Sevgi uşağın ehtiyacını görmək, onu dinləmək və inkişafına uyğun şəkildə dəstəkləməkdir. Həddindən artıq təminat isə uşağın istədiyi hər şeyi dərhal vermək, qarşılaşdığı bütün çətinlikləri onun əvəzinə həll etmək, məyus olmasına imkan verməmək və hər məsuliyyəti öz üzərinə götürməkdir.

Valideyn uşağı qoruduğunu düşünsə də, əslində onun həyat bacarıqlarını sınaqdan keçirməsinə mane olur. Çünki uşağın sağlam inkişafı üçün yalnız sevgi və rahatlıq deyil, yaşına uyğun sərhədlər, öhdəliklər, gözləmək, zəhmət çəkmək və müəyyən çətinliklərin öhdəsindən gəlmək təcrübəsi də lazımdır.

Hər şey hazır olanda uşaq gözləməyi öyrənmir

Uşağa daim hazır imkan təqdim edildikdə onda istəklə ehtiyac arasındakı fərq tam formalaşmır. O, hər arzusunun dərhal yerinə yetirilməsini təbii qəbul edir. Zamanla gözləmək, imtina cavabını qəbul etmək və məyusluğa dözmək çətinləşir. Bu vəziyyət uşağın özünənəzarətini zəiflədə, emosional dözümlülüyünü azalda və məsuliyyət hissinin inkişafını ləngidə bilər. Uşaq əldə etdiyi imkanların arxasında zəhmət, zaman və seçim dayandığını anlamadıqda sahib olduqlarının dəyərini də kifayət qədər hiss etmir. Həddindən artıq qorunan uşaqlarda qərar vermək və təşəbbüs göstərmək bacarığı da zəif inkişaf edə bilər. Valideyn hər dəfə onun əvəzinə seçim etdikdə, çətinliyini həll etdikdə və səhvin qarşısını əvvəlcədən aldıqda uşağa dolayı şəkildə “sən bunu təkbaşına bacarmazsan” mesajı verir. Bu mesaj açıq şəkildə deyilməsə də, uşağın özünə münasibətinə təsir göstərir. Nəticədə o, yeni vəziyyətlərdə daha tez narahat ola, uğursuzluqdan qorxa, məsuliyyəti başqasının üzərinə qoymağa və daim kənardan dəstək gözləməyə başlaya bilər.

Evdəki rahatlıq həyatın qaydası olmur

Digər tərəfdən, bütün istəkləri yerinə yetirilən uşaqda özünü digərlərindən daha üstün görmək, qaydaları qəbul etməmək və münasibətlərdə yalnız öz istəyini əsas götürmək meyli yaranır. Ailə daxilində hər şey onun rahatlığına uyğunlaşdırıldıqda uşaq eyni münasibəti məktəbdən, dostlarından və gələcəkdə iş mühitindən də gözləyir. Lakin real həyat hər istəyi dərhal qarşılamır. Bu zaman o, ən adi məhdudiyyəti belə ədalətsizlik kimi qəbul edə, tənqidə kəskin reaksiya verə və sosial münasibətlərdə çətinlik yaşaya bilər. Valideyn qayğısı uşağın yolundakı bütün maneələri aradan qaldırmaq deyil. Əsas məqsəd həmin maneələri aşmaq üçün ona lazım olan bacarıqları qazandırmaqdır. Uşağın yaşına uyğun ev işlərində iştirak etməsi, şəxsi əşyalarına cavabdeh olması, verdiyi qərarların nəticəsi ilə qarşılaşması və müəyyən istəkləri üçün gözləməsi onun inkişafına müsbət təsir edir. Bu yanaşma sevgisizlik deyil. Əksinə, uşağın gələcək həyatına göstərilən daha məsuliyyətli sevgidir.

“Səni sevirəm” deməklə yanaşı, “bunu özün et” də demək lazımdır

Sağlam valideynlikdə sevgi ilə sərhəd bir-birinə qarşı qoyulmamalıdır. Uşağa həm “səni sevirəm”, həm də “bunu özün etməlisən” demək mümkündür. Həm onun hissini anlamaq, həm də hər istəyini yerinə yetirməmək mümkündür. Uşağın məyus olması valideynin uğursuzluğu demək deyil. Məyusluq təhlükəsiz ailə mühitində yaşandıqda uşaq hisslərini idarə etməyi, gözləməyi, alternativ yol tapmağı və yenidən cəhd etməyi öyrənir. Valideynlər öz uşaqlıq təcrübələrini nəzərə almalı, lakin övladlarının həyatını həmin təcrübələrin əks ssenarisi kimi qurmamalıdırlar. Uşaq valideynin keçmişdəki yaralarını sağaltmaq üçün deyil, öz potensialını reallaşdırmaq üçün böyüyür. Ona görə də valideyn zaman-zaman özündən soruşmalıdır ki, bu imkanı uşağımın həqiqi ehtiyacına görə verirəm, yoxsa öz keçmişimdə yaşadığım məhrumiyyətin təsiri ilə hərəkət edirəm. Bu sual qayğı ilə həddindən artıq təminat arasındakı sərhədi müəyyənləşdirməyə kömək edir. Uşağa veriləcək ən böyük imkan bütün çətinliklərdən uzaq həyat deyil. Ən böyük imkan özünə güvənən, məsuliyyət daşıyan, zəhmətin dəyərini bilən, sərhədlərə hörmət edən və həyatın çətinlikləri qarşısında dayana bilən bir şəxsiyyət kimi yetişməkdir.

Nigar Orucova, "İki sahil"