24 avqust 2026 13:56
211

Əbədi dostluq haqqında Müqavilə: Sarsılmaz həmrəyliyin ifadəsi

Sənəd hər iki ölkənin parlamentləri arasında əlaqələrin daha da genişləndirilməsinə kömək edəcək, xalqlar arasında dostluğun inkişafı üçün sosial və ictimai əsası möhkəmləndirəcək və bütün sahələrdə hüquqi əməkdaşlığı gücləndirəcək

Azərbaycan və Özbəkistanı birləşdirən münasibətlər yalnız diplomatik əlaqələr çərçivəsində məhdudlaşmır. Bu əlaqələr dərin tarixi köklərə, ortaq milli-mədəni dəyərlərə, dil və din yaxınlığına, ortaq dövlətçilik ənənələrinə əsaslanır. Hər iki xalq türkdilli ailənin ayrılmaz üzvləridir və bu mənəvi bağlar dövlətlərarası əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə təkan verib. Bu gün Özbəkistan Azərbaycan üçün sadəcə dost və tərəfdaş deyil, qardaş ölkə və etibarlı müttəfiq kimi çıxış edir.

Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəm təməli türk xalqlarının minilliklərə söykənən ortaq tarixi ilə bağlıdır. Hər iki xalq Orta Asiya–Qafqaz mədəni arealının mühüm hissələridir və tarix boyu siyasi, iqtisadi, mədəni əlaqələr saxlayıblar. Mahmud Kaşğaridən Nizami Gəncəviyə, Əlişir Nəvaidən Hüseyn Cavidə qədər türk-islam sivilizasiyasının görkəmli şəxsiyyətləri bu xalqları bir ideya ətrafında birləşdirib – ortaq mənəvi dəyərlər sistemi. Müstəqillik dövründə isə tarixi bağlar daha da möhkəmlənib. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev və Özbəkistanın görkəmli dövlət xadimi İslam Kərimov ölkələr arasında münasibətlərin əsas strateji xəttini müəyyən ediblər. Bu xətt bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir.

Özbəkistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir. 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə Özbəkistanın Azərbaycana göstərdiyi həmrəyliyin bariz nümunəsi qardaşlığın söz deyil, əməli olduğunu sübut edir. Özbəkistanın Füzuli şəhərində öz vəsaiti hesabına inşa etdiyi “Mirzo Ulubek” adına tam orta məktəb bu münasibətlərin humanist və qardaşlıq simvoluna çevrilib. Azərbaycan da öz növbəsində Özbəkistanın dünya birliyinə inteqrasiya proseslərini dəstəkləyir və iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində – BMT, Türk Dövlətləri Təşkilatı (TDT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər platformalarda sıx əməkdaşlıq edir. Humanitar əməkdaşlıq da iki ölkə xalqlarını daha da yaxınlaşdıran vacib sahələrdən biridir. Mədəniyyət günləri, tələbə mübadiləsi, elm və təhsil sahəsində əməkdaşlıq daim genişlənir. Bakı və Daşkənddə keçirilən sənət festivalları, ədəbiyyat günləri, tarixi irsin təbliği layihələri xalqlar arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirir. TDT çərçivəsində humanitar əməkdaşlıq bu prosesə əlavə dinamizm qatır.

Azərbaycan və Özbəkistan türk dünyasının birliyi və güclənməsi istiqamətində daim fəal rol oynayır. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi və mədəni inteqrasiyanın dərinləşməsinə böyük töhfə verir. Ortaq dil, tarix və mədəniyyət faktorları türk dünyasının birləşdirici gücüdür və bu istiqamətdə Azərbaycan–Özbəkistan əməkdaşlığı nümunəvi xarakter daşıyır. Strateji tərəfdaşlıq mərhələsindən müttəfiqlik səviyyəsinə yüksələn bu əlaqələrdə Prezident İlham Əliyev ilə Prezident Şavkat Mirziyoyev arasında formalaşmış yüksək siyasi etimad, ardıcıl qarşılıqlı səfərlər və əldə olunan razılaşmalar mühüm rol oynayıb. Təsadüfi deyil ki, son 5 ildə Prezident İlham Əliyev Özbəkistana 2 dövlət səfəri və 4 işgüzar səfər edib. Prezident Şavkat Mirziyoyev isə həmin müddətdə ölkəmizə 2 dövlət səfəri və 7 işgüzar səfər həyata keçirib.

Bu günlərdə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri də iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Səfərin ilk günündə xüsusi diqqətəlayiq məqamlardan biri Prezident Əliyevin Özbəkistanı Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə kimi qeyd etməsi oldu. Bu bəyanat rəsmi Bakının narrativində mühüm çəki daşıyır. O, Füzulidəki Özbəkistan təşəbbüsü ilə tikilən məktəb və "Dostluq bağı" kimi konkret layihələri diplomatik səviyyədə rəsmiləşdirir və Daşkəndin Qarabağ məsələsindəki mövqeyini nümunəvi tərəfdaşlıq modeli kimi təqdim edir. Dövlət səfərinin əsas günündə dövlət başçıları səviyyəsində əlavə sənədlər imzalandı və mövcud sənədlərin mübadiləsi baş tutub. Şahidi olduğumuz imza mərasimi özlüyündə bir neçə mühüm mesajı daşıyır. Belə ki, sənədlərin əhatəliliyi onu göstərir ki, əməkdaşlıq artıq tək bir sektora deyil, iqtisadiyyatın demək olar ki, bütün əsas qollarını əhatə edir. Bu artıq adi əməkdaşlıq deyil, illik təkrarlanan, proqnozlaşdırıla bilən mexanizmdir. Həmçinin, qardaşlaşan şəhərlər (xüsusilə Xankəndi–Urgənc) və Qarabağ mövzusundakı açıq tanınma sənədləşdirilmiş əməkdaşlığın sırf iqtisadi maraqdan kənara çıxaraq, Azərbaycanın ərazi bütövlüyü və postmüharibə bərpa prosesinə siyasi dəstəyin rəsmiləşdirilməsi funksiyasını da daşıdığını göstərir. Və ən əsası, avqustun 23-də iki ölkənin prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”si münasibətlərin diplomatik nərdivanının növbəti uğurlu pilləsi kimi göstərir ki, Bakı-Daşkənd əməkdaşlığı hüquqi cəhətdən dönməz elan edilmiş uzunmüddətli strateji seçimə əsaslanır. Müqavilədə göstərilir ki, iki dövlət beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərini və normalarını rəhbər tutaraq, münasibətlərində əbədi dostluğa, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanır, öz milli reallıqlarına uyğun inkişaf yollarının və modellərinin seçimində bir-birini dəstəkləyirlər. Ölkələrimiz, həmçinin digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran hər hansı bloklarda və ya ittifaqlarda iştirak etməməyi, öz ərazilərinin üçüncü ölkələr tərəfindən digər tərəfin dövlət suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vurmaq məqsədilə istifadə edilməsinə, eləcə də öz ərazilərində digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran təşkilatların və qrupların yaradılmasına və fəaliyyətinə yol verməməyi öhdələrinə götürür. Bu müddəalar Azərbaycan və Özbəkistan arasında münasibətlərin qarşılıqlı etimad və hörmət üzərində qurulduğunu göstərir. Tərəflər bir-birinin müstəqilliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət etməklə yanaşı, digərinə qarşı yönələ biləcək hər hansı təhlükənin öz ərazisindən yaranmasına imkan verməməyi öhdələrinə götürür. Bu isə iki ölkənin bir-birini sadəcə dost deyil, həm də etibarlı və uzunmüddətli strateji tərəfdaş kimi gördüyünü göstərən mühüm mesajdır. Həmçinin tərəflər münaqişələrin qarşısının alınması və nizamlanmasında, eləcə də regional və qlobal təhlükəsizlik problemlərinin həllində BMT-nin mərkəzi rolunun daha da möhkəmləndirilməsinə sadiqliklərini təsdiq edir. Sənəd hər iki ölkənin parlamentləri arasında əlaqələrin genişləndirilməsinə kömək edəcək, xalqlar arasında dostluğun inkişafı üçün sosial və ictimai əsası möhkəmləndirəcək və bütün sahələrdə hüquqi əməkdaşlığı gücləndirəcək. Bu istiqamətlər Azərbaycan və Özbəkistan arasında münasibətlərin yalnız siyasət və iqtisadiyyatla məhdudlaşmadığını göstərir. İki xalqın dilinin, mədəniyyətinin və ortaq dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi xüsusilə önəmlidir. Təhsil, elm, turizm, gənclər və mədəniyyət sahələrində əlaqələrin genişlənməsi xalqları bir-birinə daha da yaxınlaşdıracaq. Regionlar və şəhərlər arasında birbaşa münasibətlərin qurulması isə bu dostluğun daha da davamlı olmasına xidmət edəcək.

Sevinc Azadi, “İki sahil”