24 avqust 2026 13:11
185

KƏRKİ: TARİXİN YADDAŞINDAN GƏLƏCƏYİN ÜMİDİNƏ

Naxçıvanın qədim yaşayış məskənlərindən biri olan Kərki yalnız bir kənd adı deyil. Bu ad Azərbaycanın tarixi yaddaşında doğma yurdun, ata-baba torpağının və illərdir geri dönəcəyi gün gözlənilən bir el-obanın simvoluna çevrilib. Kərki haqqında danışmaq təkcə keçmişi xatırlamaq deyil, həm də gələcəyə baxmaq, tarixin ədalətinin bərpa olunacağına inamı qorumaqdır.

Aparılan araştırmalardan məlumdur ki, “Kərki” toponimi kərkük türk tayfasının adı ilə bağlıdır. Sədərək kəndinin 8-10 kilometrliyində Teyqar dağının ətəklərində yerləşən kəndin 960 hektar sahəsi, 500 sakini olub. Kərki nekropolunu e.ə. III minilliyin sonu, II minilliyin əvvəllərinə aid etmək olar. Mənbələrdə kərkilərin erkən orta əsrlərdə qıpçaqların tərkibindən gəldiyi də göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlandığının şahidi oluruq. Toponim olaraq kəndin kövşənlərində "Dəlik daş", "Sənəm zağası", "Gavurqala", "Cəhənnəm dərə", "Şırran", "Qızıl daş" və sair kimi qədim türk adları mövcud olmuşdur.

Kəndin taleyini dəyişən qərarlar

Kərki qədim Naxçıvan diyarının ayrılmaz bir parçası olmuşdur. Buna baxmayaraq Qars müqaviləsinin şərtlərini kobud surətdə pozaraq Zaqafqaziya Sovetləri MİK Rəyasət Heyətinin 1938-ci il 5 mart tarixli iclasının qərarına əsasən Şərurun Sədərək və Kərki kəndləri ətrafındakı bəzi ərazilər (xüsusən əkin sahələri-A.O.) Ermənistana verilmişdir. Beləliklə, Kərki kəndi Azərbaycandan (Naxçıvan Muxtar Respublikası ərazisindən) tam təcrid olunaraq ada şəklinə düşür. Bununla da xəritəmizdə yeni bir anklav – Kərki anklavı yaradılmış oldu. Bundan sonra, 1968-ci ilin may ayında kənd ərazisinin başqa bir hissəsi də Ermənistan SSR-yə verilmişdir. Ermənistan SSR-nin nəzarətinə köçürülən ərazilər arasında Həsənqulu bağı, Bağırsaq dərə, Qaraağac, Bəzirxana, Köhnə Kərki, Nabat bulağı, Qızıl daş, Ağıldərə və s. vardır. Yerli əhali arasında narazılıqların yaranmasının qarşısını almaq, həmçinin yerli əhalinin hamısının azərbaycanlı olması nəzərə alınaraq yerləşmiş ermənilər təkcə Kərki kəndinin yerləşdiyi çox kiçik bir ərazini Azərbaycanın tərkibində saxlamaqla, kənd ətrafındakı 900 hektardan artıq bir ərazini saxta sənədlərlə rəsmiləşdirildi. 1988-ci ildə hadisələr başlayan zaman Kərki artıq ermənilərin hədəfində idi və 1989-cu ildə əhali burada sıxışdırılmağa məruz qalmışdı.

15 yanvar 1990: Kərkinin yaddaşlara həkk olunan gecə

Tarix 1990-cı ilin əvvəllərini göstərirdi. Kərkiyə gediş-gəliş tamamilə dayandırılmışdır. Kərki Sədərək üçün böyük dayaq sayılırdı. Həmin dövrdə artıq kənddə müdafiəçilər qalmışdı. Son günə qədər kəndi tərk etməyən əli silah tutan kərkililər 1990-cı il yanvarın 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olundu. Kərkililər rus hərbçilərinin təkidli tələbi ilə axşam saat 6-7 radələrində doğma yurdu tərk etmək məcburiyyətində qalırlar. 1990-cı il yanvarın 18-də isə 3-ü polis əməkdaşı olmaqla, kəndi müdafiə edən 30-dək sakin, artıq silah-sursatları bitdiyindən Kərkini tamamilə tərk etməyə məcbur oldular. Beləliklə, 320 nəfərə yaxın əhalinin yaşadığı qədim yurd yerini ermənilər beləcə işğal edir. Kərkinin adını isə dəyişərək Tiqranaşen qoyurlar. Başqasının torpağına, Kərkiyə hücumu zamanı məhv edilən quldur dəstəsinin başçısı Tiqranın "şərəfinə". Lakin bir kəndin adını xəritədə dəyişmək onun tarixini dəyişmək demək deyil. Kərki olaraq doğulan bir yurdun yaddaşlardan silinməsi mümkün olmadı.

Tədqiqatçı mərhum alim Vaqif Məmmədov “Kərkinin taleyi” adlı kitabında yazır: “Əsas məqsəd Sisyan–Cermuk yoluna kəsə yol qazanmaq olursa, digər tərəfdən Kərkini tədricən yerli əhalidən, təmizləmək, “Kərkinin düzü” adlı sahəni ələ keçirmək və Kərki ilə Sədərək arasında əlaqələri kəsmək olur. Beləliklə, Arazdəyən–Cermuk şosesi Kərkinin düzü adlanan ərazidən salınır”.

Kərki kəndini ələ keçirdikdən sonra ermənilər Sovet qoşunlarına arxalanaraq Sədərək kəndində sərhəddə yerləşən mebel sexi və şərab zavoduna hücuma keçdilər. Lakin Naxçıvanın igid müdafiəçiləri qeyri-bərabər döyüşdə düşmənin qabağını almağa və onları çoxlu itki verərək geri çəkilməyə məcbur etdilər. Düşmən Sədərəyi raket, top, pulemyot, avtomat atəşinə tutmaqla ələ keçirməyə çalışırdı. Qırğınların qarşısını almaq məqsədi ilə əhali kənddən təhlükəsiz yerə çıxarılmış, kənddə yalnız əli silah tutanlar qalmışdı.

Kərkidən didərgin düşmüş 96 ailəlik əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonu ərazisində Yeni Kərki adında yeni kənd salınmışdır. Bu adın yaşadılması belə bir həqiqəti göstərirdi: insanlar yurdlarından ayrı düşə bilərdilər, amma yurdun adı onların yaddaşından silinə bilməzdi.

Paşinyanın son açıqlaması: Kərki yenidən gündəmdə

Kərkinin taleyi bu gün də Azərbaycan-Ermənistan münasibətlərinin və sərhədlərin delimitasiyası məsələsinin mühüm mövzularından biridir. Bu baxımdan Ermənistanın Baş naziri Nikol Paşinyanın 20 avqust 2026-cı ildə verdiyi açıqlama xüsusi diqqət çəkir. Paşinyan Ermənistanın Ararat vilayətində yerləşən və Ermənistanda “Tigranaşen” adlandırılan yaşayış məntəqəsini Azərbaycan dilində “Kərki” adı ilə qeyd edib. O, sərhədlərin delimitasiyası zamanı 1991-ci il Alma-Ata Bəyannaməsinin və həmin dövrün xəritələrinin əsas götürülməli olduğunu bildirib. Paşinyanın sözlərinə görə, həmin xəritələrdə Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistan ərazisinin tərkibinə daxil deyil. Bəli, bu torpaqlar Azərbaycan ərazisidir. Azərbaycan torpağıdır.

Bu açıqlama həm siyasi, həm də tarixi baxımdan diqqətəlayiqdir. Çünki uzun illər müxtəlif adlarla təqdim olunan kəndin Azərbaycan dilindəki tarixi adının işlədilməsi və Kərkinin Ermənistan ərazisinə aid olmadığının qeyd edilməsi məsələnin mahiyyətinə dair mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. Əslində, Paşinyan bundan əvvəl də anklav məsələsinin mövcudluğunu etiraf etmişdi. 2023-cü ildə o, Ermənistan ərazisində yerləşən, lakin keçmiş Sovet Azərbaycanına aid olmuş anklavların olduğunu və onların məsələsinin siyasi səviyyədə tanındığını bildirmişdi.

Və gün gələcək, Kərkinin düzlərində yenidən Azərbaycan bayrağının dalğalanacağına, illər əvvəl doğma yurdunu tərk etməyə məcbur olmuş insanların öz torpaqlarına qayıdacağına inam daha da güclənəcək.

Kərki Azərbaycan torpağı kimi tarixdə öz yerini qoruyub. İndi isə ümid var ki, bir gün onun adı yalnız keçmişin xatirəsi kimi deyil, yenidən doğma torpağında yaşayan insanların gündəlik həyatının bir parçası kimi səslənəcək.

Kərki unudulmayıb. Kərki qayıdış gününü gözləyir.

Asəf Orucov,
Naxçıvan Muxtar Respublikası  Ali Məclisin deputatı, dosent