18 avqust 2026 11:21
348

Evimizdən başlayıb sərhədlərimizdə qurtaran Vətən - Sərhəd Mühafizəsi yaranma tarixinin 107 illiyini böyük uğurlarla qarşıylayır

Vətənin varsa və milli kimliyə mənsubsansa demək sən sərhədləri bəlirlənmiş bir dövlətin Vətəndaşısan. Təbii ki, Vətən haradan başlayıb, harada qurtarır sualının da bəlli cavabı var: Vətən hər birimizin evindən başlayıb sərhəddə qurtarır. Sərhəd kəlməsi lüğətdə adi söz kimi görünsə də onun məzmununda müqəddəs duyğular, hisslər mövcuddur.  Bu, ilk növbədə Vətən sevgisidir, xalqa bağlılıqdır.

Qeyd edək ki, 18 avqust Azərbaycan sərhədçilərinin peşə bayramı günüdür. Artıq  Azərbaycan Sərhəd Mühafizəsi özünün yaranma tarixinin 107 illiyini böyük uğurlarla qarşıylayır. Bu gün də Azərbaycan sərhədlərini qəhrəman sərhədçilərimiz şərəf və ləyaqətlə, fədakarlıqla qoruyurlar. Məlumdur ki, müstəqil Azərbaycanın Dövlət Sərhəd Xidmətinin yaradıcısı Ulu Öndər Heydər Əliyev olmuşdur. Bu gün onun siyasi irsinin davamçısı, Azərbaycanın Müzəffər Ali Baş Komandanı, əsrimizin qətiyyətli Sərkərdəsi İlham Əliyevin rəhbərliyi altında bu Xidmət çətin və şərəfli inkişaf yolu keçmişdir. Qürurla demək olar ki, Azərbaycan Sərhəd Mühafizəsi hazırda şəxsi heyətinin peşəkarlığına, silah və hərbi texnika ilə təchizatına, ən əsası isə xidməti-döyüş fəaliyyətinin göstəricilərinə görə təkcə regionda deyil, Avropa miqyasında aparıcı mövqeyə sahiblənmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi,  general -polkovnik Elçin Quliyev mətbuata açıqlamalarında bildirib ki, DSX-nin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınır. Sərhəd məntəqələrində bir neçə ildir ki, səyyar radiolokasiya sistemləri tətbiq olunur. Sərhəd zastavalarının daxili təhlükəsizliyi üçün texniki vasitə komplekslərinin və çevik müşahidə postlarının tətbiqi, sərhəd məntəqələrinin istiliyə həssas olan səyyar və stasionar müşahidə vasitələri ilə komplektləşdirilmiş elektron-optik vasitələrlə təchiz edilməsi, rəqəmsal informasiya-telekommunikasiya texnologiyası əsasında qurulmuş vahid elektron informasiya sisteminin yaradılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir. 
Bununla yanaşı, ölkəmizin MDB regionunda telekommunikasiya peykinə sahib olan üç ölkədən birinə, Qafqaz regionunda isə yeganə dövlətə çevrilməsi, kosmik sənayenin yaradılması və milli peyklərimizin orbitə çıxarılması bir çox digər sahə ilə yanaşı, dövlət sərhədlərinin mühafizəsi istiqamətində də yeni imkanlar yaratmışdır.  

Ötən illərdə sərhədçilərimiz tərəfindən ölkəmizin hüdudlarının etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq və qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri nəticəsində 14 ton 268 kq narkotik vasitənin, 12 min 72 sərhəd pozucusunun, 162 min 273 nəfər rejim pozucusunun, 44 min 717 nəfər axtarışda olan şəxsin və təxmini dəyəri 224 milyon 718 min 931 manat olan qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır. Bu dövr ərzində Xidmət tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 50 nəfər və əlaqədə şübhəli bilinən 110 nəfər Azərbaycan, 28 nəfər xarici vətəndaş aşkar olunmuş, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonasında döyüşmüş 108 şəxs saxlanılmış, bu kontingentə aid 419 nəfərin şəxsiyyəti müəyyənləşdirilərək dövlət sərhədində hərəkətləri nəzarətə götürülmüşdür. Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 186 mütəşəkkil dəstə zərərsizləşdirilmişdir.

Xüsusi vurğulamalıyıq ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərində, o cümlədən, 2023-cü ilin sentyabrın 19-dakı birgünlük  lokal -antiterror əməliyyatlarında iştirak edən sərhədçilərimiz ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasında əsl qəhrəmanlıqlar göstərmişdilər. Həmin illərdə döyüş əmrləri alan DSX-nın şəxsi heyəti dərhal bütün qüvvə və vasitələrini tam səfərbər etməklə təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini işğaldan azad etdi. 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirməklə, yüzlərlə canlı qüvvəsi məhv edildi. 
44 günlük müharibədə Azərbaycan sərhədçiləri qədim Xudafərin körpüsündə, ardınca Zəngilan şəhərində və Zəngilan rayonunun Ağbənd qəsəbəsində Dövlət Bayrağımızı ucaltdılar. Həmçinin  Ermənistanla dövlət sərhədində Bartaz və Şükürataz strateji yüksəkliklərini azad etdilər. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümunələri göstərdilər. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabrın 8-də Qarabağın incisi və Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın işğaldan azad edildiyi gün oldu.

DSX rəhbərinin açıqlamlarında bildirilir ki, İkinci Qarabağ müharibəsində həlledici qələbənin əldə olunması üçün strateji əhəmiyyət kəsb edən Şuşa şəhərinin azad edilməsində Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları ilə yanaşı, DSX-nin çevik hərəkət qüvvələrinin hərbi qulluqçuları da əsl rəşadət nümunələri göstərərək öz şərəfli missiyalarını yerinə yetirmişlər. Bununla yanaşı, Xankəndidən Şuşa istiqamətində hərəkət edən düşmənin zirehli kolonu və yaylım atəş sistemləri «Harop» zərbəendirici PUA-nın tətbiqi nəticəsində məhv edildi. Müharibənin gedişi zamanı DSX-nin hərbi qulluqçularının əldə etdiyi əməliyyat məlumatları əsasında erməni mənşəli Suriya, Livan və Fransa vətəndaşlarının Azərbaycan Respublikasına qarşı döyüş əməliyyatlarında iştirak etmək üçün muzdlu qismində Dağlıq Qarabağ ərazisinə gətirilməsi müəyyən edildi. Əsasən Şuşa şəhərinin müdafiəsinə cəlb olunmuş muzdlu dəstələrin dislokasiya yerləri, manevrləri, döyüş planları barəsində əldə edilmiş əməliyyat məlumatları əsasında müvafiq tədbirlər görüldü. Dörd halda verilmiş dəqiq koordinatlar əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin dəqiq atəş zərbələri nəticəsində Şuşa şəhəri ətrafinda yerləşdirilmiş və əsasən muzdlu döyüşçülərdən ibarət olan 470 nəfərlik terrorçu dəstə çoxsaylı itkilər verdi.
Vətən müharibəsində ən müasir hərbi texnologiyalardan, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarından, Ermənistan ordusu üçün gözlənilməz döyüş üsullarından istifadə edən Silahlı Qüvvələrimiz uzun illər ərzində döyüş hazırlığı sahəsində düşməni xeyli qabaqladığını, yeni döyüş əməliyyatları modelinə yiyələndiyini bütün dünyaya nümayiş etdirdi. Bu müharibə pilotsuz uçuş aparatlarının intensiv tətbiq olunduğu ilk böyükmiqyaslı savaş kimi hərb tarixinə yazıldı.

DSX-nin «Harop,» «Quzğun» və «Hermes» pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, zenit-raket kompleksləri, o cümlədən 8 ədəd «S-300» raket kompleksi, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri, ümumilikdə 291 düşmən hədəfi böyük məharətlə zərərsizləşdirildi. Zəngilan rayonunda Bartaz və Şükürataz yüksəkliklərinin düşməndən azad edilməsi zamanı çevikçilərimizin atıcı silahlardan açdıqları atəş nəticəsində onların üzərinə həmlə edən düşmənin «SU-25» hərbi təyyarəsi məhv edildi. Havada və döyüş meydanında üstünlüyü tam ələ alan pilotsuz uçuş aparatları sayəsində düşmənin illər boyu güvəndiyi hərbi gücü dəmir tullantısına çevrildi. Bu döyüş əməliyyatları zamanı «Harop» və «Bayraktar-TB2» PUA-larının birgə döyüş tətbiqi üzrə unikal hərbi təcrübə formalaşdırıldı.
Füzuli rayonunun Horadiz kəndi istiqamətindən əks-hücum həmləsini həyata keçirmək niyyətində olan düşmənin 12 tankı 2 saat ərzində Dövlət Sərhəd Xidmətinin «Harop» zərbəendirici pilotsuz uçuş aparatlarının tətbiqi nəticəsində məhv edildi.
DSX-nin Vətən müharibəsində müvəffəqiyyətlə tətbiq olunan bu yeniliyi dünya hərb məktəblərində müzakirə edilən mövzular sırasındadır. İstismar müddətini başa vurmuş, mənəvi cəhətdən köhnəlmiş «AN-2» təyyarələrinin modernləşdirilərək pilotsuz uçuş aparatı kimi müasir döyüş elementləri sırasına əlavə edilməsi peşəkar hərbi yanaşmanın parlaq ifadəsi oldu. Bu təyyarələrin xüsusi tətbiqi nəticəsində düşmənin hava hücumundan müdafiə sistemləri və digər strateji hədəfləri aşkarlanaraq  zərərsizləşdirildi. 
Ölkə ərazisinin 20 faizinin, o cümlədən İranla dövlət sərhədinin 132 kilometr, Ermənistanla dövlət sərhədinin 500 kilometrədək sahəsinin Ermənistan tərəfindən işğalına son qoyuldu. 

Prezident İlham Əliyevin 2021-ci ilin 26 aprel və 4 oktyabr tarixlərində işğaldan azad olunmuş Cəbrayıl rayonunda, 20 oktyabr tarixində Zəngilan rayonunda, 25 oktyabr tarixində Qubadlı rayonunda DSX-nin yeni hərbi hissələrinə səfərlər və açılışlarında iştirak etməsi, 7 avqust 2023-cü il tarixdə Sərhəd Qoşunlarının «Qazax» əlahiddə sərhəd diviziyasının yeni hərbi hissə kompleksinin və 15 yanvar 2024-cü il tarixdə isə DSX-nin yeni hərbi hospitalının açılışı mərasimlərində iştirakı, hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təşkili, hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətinin artırılması üçün yaradılmış şəraitlə tanış olması Azərbaycan sərhədçilərində böyük ruh yüksəkliyi yaratmışdır. Beləliklə, 2023-cü il aprel ayının 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən həyata keçirilən zərgər dəqiqiliyi ilə planlaşdırlımış əməliyat nəticəsində bir güllə belə atılmadan qısa zaman ərzində ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqəsi quruldu və fəxarət rəmzimiz olan üçrəngli Dövlət Bayrağı qaldırılaraq Müzəffər Ali Baş Komandana məruzə edildi. «Laçın» dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması ilə ölkəmiz suveren hüquqlarını və ərazi bütövlüyünü təmin etdi. Ermənistanın Qarabağ ərazisində olan qeyri-qanuni hərbi birləşmələrin mina, hərbi texnika və  silah-sursatla təmin etməsinə son qoyuldu.
2024-cü il may ayının 24-ü isə Azərbaycanın sərhəd tarixinə düşəcək günlərdən biri oldu. Belə ki, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürüldü və Müzəffər Ali Baş Komandana məruzə olundu. Dörd kəndin ərazisində Azərbaycanın Zəfər Bayrağı ucaldıldı. Bu hadisənin çox böyük tarixi əhəmiyyəti vardır. Sovet İttifaqının 1991-ci ildə dağılmasından bəri ilk dəfə Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə razılıq əldə olunmuşdur. Qazaxın 4 kəndinin bir güllə belə atılmadan qaytarılması Azərbaycanın gücünün təzahürünün ifadəsi, Prezident İlham Əliyevin qələbəsi və xalqımıza növbəti müjdəsi oldu.
Xidmət rəhbərinin sözlərinə görə, bu tarixi hadisə, əlbəttə ki, xalqımıza qalibiyyət sevincini yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti diplomatik qələbəsidir. Çünki məhz Müzəffər Ali Baş Komandanın həm hərbi, həm də diplomatik sahədə müəyyənləşdirdiyi xətlər üzrə inkişafda olan Azərbaycan dövləti Ermənistanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa məcbur etdi. 

İşğalçı düşmən qüvvələrinə qarşı böyük əzm və fədakarlıqla döyüşmüş sərhədçilərimizin  döyüş məharəti yüksək qiymətləndirilib, onlar müxtəlif orden və medallarla təltif ediliblər.  Avqustun 17-də Prezident İlham Əliyev yenə də sərhədçilərimizi dövlətimizin orden və mükafatları ilə təltif etmiş, bir neçə nəfərə ali hərbi rütbə vermişdir.

İnamla demək olar ki, şanlı üçrəngli bayrağımız altında dövlət sərhədlərinin toxunulmazlığını, müdafiə və mühafizəsini həyata keçirmək şərəfinin daşıyıcısı olan sərhədçilərimiz  bundan sonra da  Vətənə xidmət üçün hər cür fədakarlığı hazırdırlar.Yazımızın sonunda Prezident İlham Əliyevin  sərhədçilərimiz  və sərhədlərimiz  haqqında dediyi həqiqət dolu səmimi fikirlərini qeyd etmək lazım gəlir: «İstənilən ölkənin təhlükəsizliyi onun sərhədlərinin təhlükəsizliyi ilə təmin olunur. Sərhədlər nə qədər etibarlı qorunarsa, o qədər də vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşayacaqdır. Buna görə biz Azərbaycanda sərhəd xidmətinin inkişafına böyük diqqət yetirmişik və yetirəcəyik.»

Elçin Zaman, "İki sahil"