17 avqust 2026 18:30
133

Ədalətsiz və köhnəlmiş “907” yeni reallıqlara cavab vermir

ABŞ Dövlət Departamenti “Azadlığa Dəstək Aktı”nda Azərbaycanla bağlı 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib. 10 avqust tarixli bildiriş ABŞ Konqresinin rəsmi protokolunda yer alıb. Sənəd ABŞ Dövlət Departamenti tərəfindən Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edilib.

Qeyd edək ki, Azərbaycana ABŞ-ın yardımının göstərilməsinə məhdudiyyətlər qoyan 907-ci düzəliş ermənipərəst senatorlar tərəfindən irəli sürülüb. Həmin senatorlardan biri ölkəmizə qarşı əsassız iddialarla çıxış edən və prezident olanda da bu siyasətini davam etdirən Co Bayden olub. Lakin Prezident Donald Tramp yenidən prezident seçiləndən sonra reallıqlara əsaslanan yanaşma sərgiləyib. Hətta 2025-ci ilin avqust ayında Donald Tramp 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sənəd də imzalayıb. Şübhəsiz, bunu ABŞ-ın Azərbaycanın Cənubi Qafqazda yaratdığı regional reallıqları qəbul etdiyi kimi dəyərləndirmək olar.

Yeri gəlmişkən, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini paraflamasından, Rusiyadan, Qazaxıstandan və digər yerlərdən Ermənistana müxtəlif yüklərin daşınmasından, Azərbaycanın neft məhsullarının Ermənistana təchiz edilməsinə başlanılmasından, TRIPP adını daşıyan Zəngəzur dəhlizinin icrasına da artıq start verilməsindən söz açan Prezident İlham Əliyev bu il iyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunda bildirmişdi ki, bütün bunlar onu göstərir ki, 907-ci düzəliş tam köhnəlib və tamamilə aradan qaldırılmalı, ləğv edilməlidir: “Düşünürəm ki, həmin düzəliş Konqres tərəfindən nə qədər tez tam ləğv edilərsə, hamımız üçün, Azərbaycan üçün bir o qədər yaxşı olar. Çünki biz artıq ayrı-seçkiliyə məruz qalmayacağıq və ABŞ Konqresi isə məsuliyyəti, səhvləri etiraf etmək bacarığını, cari geosiyasi vəziyyətə uyğun hərəkət etdiyini göstərə biləcək. Ümid edirik, bunlar baş verəcək”.

Bəli, Prezident İlham Əliyev tamamilə haqlıdır. Həqiqətən də ölkəmizə qarşı ədalətsizliyi ehtiva edən “907”-nin tarixin arxivinə göndərilməsinin vaxtı çoxdan çatıb. Bu, ABŞ üçün də vacibdir. Çünki artıq iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hətta Prezident İlham Əliyev və ABŞ vitse-prezidenti Cey. Di. Vens Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” imzalayıblar. İqtisadi inkişafı dəstəkləyən bu sənəd uzunmüddətli əlaqələrin qurulması üçün yeni perspektivlər açır və əməkdaşlığın genişləndirilməsini təşviq edir.

Bu mənada “907” ilə bağlı Ağ Ev administrasiyası ciddi şəkildə düşünməlidir. Yəni, 907-ci düzəlişin ləğvinin uzadılması deyil, onun tam ləğvi gündəmə gətirilməlidir. Çünki bu, Bakı-Vaşinqton münasibətlərindəki hazırkı yüksək səviyyəni daha da möhkəmləndirmək üçün olduqca vacibdir. Şübhə etmirik ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə danışıqların yekun mərhələsinə mühüm töhfələr verən ABŞ-da bu barədə ciddi düşünənlər var və onların səyləri ilə ermənipərəst müddəa tamamilə ləğv ediləcək.

Xatırladaq ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi Azərbaycana qarşı olan ədalətsiz 907-ci düzəlişi qəbul etmişdir. Halbuki bu düzəlişi hazırlayan şəxslərin o zaman bölgədə baş verən olaylardan xəbərləri belə olmamışdır. Onlar bunu sadəcə erməni diasporunun təsiri altında qəbul etmişdilər. O zaman Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal etmiş, Qərbi Azərbaycandan və Qarabağ ərazisindən yüz minlərlə azərbaycanlı vəhşicəsinə qovulmuş və ölkəmiz böyük bir qaçqın və məcburi köçkün axını ilə üz-üzə qalmışdı. Bu gün isə vəziyyət dəyişib. Azərbaycan tarixi Zəfər qazanmaqla həm ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, həm də regionda yeni reallıq yaradıb. Ədalətsiz, köhnəlmiş 907-ci düzəliş bu reallığa və Azərbaycana ABŞ münasibətlərinin  inkişaf səviyyəsinə  uyğun deyil.

Qvami Məhəbbətoğlu, “İki sahil”