16 avqust 2026 19:40
94

İki Vətənin Arasında – xatirələrim, yolum və mən

Mən bu torpaqda doğuldum, onun havasını uddum, suyunu içdim. Anamın dilində danışdım, atamın milli ruhundan güc aldım. Doğulduğum yurda həmişə sədaqətlə, sevgi ilə bağlandım. Bu torpağı sevdim. Şəhriyarın dediyi kimi, könlümün quşu qanad çaldı, qanadlandı, səmt aldı Azərbaycana – Təbrizə, Dərbəndə, Göyçəyə... Ruhum o torpaqlarda dolaşdı, xəyalım sərhəd tanımadı.

Gürcüstanda yaşayan Azərbaycanlı yazarlarla bir arada olmaqdan həmişə qürur duydum. İstedadımın olub-olmadığını zaman daha yaxşı qiymətləndirər. Amma bir həqiqəti dəqiq bilirəm: qələmi yenicə tutan, şeirə vurğun balaca bir qızı, şairlər və jurnalistlər böyük məhəbbətlə qarşıladılar.

O illərdə "Sovet Gürcüstanı" qəzeti – indiki "Gürcüstan" qəzetinin redaksiyası mənim üçün söz dünyasının ilk ünvanına çevrildi. Redaktorlar Teymuraz Cəfərli, sonralar Süleyman Süleymanov, eləcə də Həmid Vəliyev, Tamara Vəliyeva, İslam Əliyev, Arif Mustafazadə, Qasım Əhmədov, Elman Kələyev, Nəsib Nəsibov, Mahmud Hacıxəlilov kimi dəyərli qələm sahiblərini ömrüm boyu minnətdarlıqla xatırlayacağam.

Rustavi şəhərindəki 7 saylı məktəbdə oxuyarkən yazılarımın bu qəzetdə dərc olunması, üstəlik xəbərim olmadan "Ştatdankənar müxbirimiz Güllü Tomarova yazır" cümləsinin çap edilməsi uşaqlıq ömrümün ən qiymətli mükafatlarından biri idi.

Bilmirəm məni bu sevdanın ardınca aparan nə idi. Bir də gördüm ki, qələm artıq mənim taleyimə çevrilib. Jurnalist olmaq, diktor kimi danışmaq, şeir və hekayələr yazmaq arzusu ilə yaşayırdım. Mən söz dünyasına gəlmədim, elə bil söz özü məni seçdi.

Uşaqlıq illərində gözüm də, könlüm də Azərbaycanda idi. Oranın həsrətini çəkir, orada yaşamaq, Azərbaycan şair və yazıçılarını yaxından tanımaq istəyirdim. Kökümüz Qazaxın İncə Dərəsinin Kəmərli kəndindən olduğuna görə atam bizi tez-tez kəndə, doğmalarımızın yanına aparardı.

Səməd Vurğunun Poeziya Evini keçib sağa – İncə Dərəsinə dönən yolda mən pəncərədən baxaraq Qazaxa uzanan yolları seyr edərdim. İçimdən bir arzu keçərdi: "Kaş Azərbaycanın hər qarışını gəzə biləydim..." Bu arzumu isə utanıb atama deyə bilmirdim.

Tale elə gətirdi ki, ailəlikcə Bakıya köçdük. Azərbaycana gəldim, amma bir müddət sonra anladım ki, Rustavi üçün darıxıram. Axı mən orada doğulmuşdum. İnsan doğulduğu torpağın həsrətini harada olsa yaşayır.

Azərbaycanda da qələm adamlarının böyük sevgisini gördüm. Xalq şairləri Zəlimxan Yaqub, Nəriman Həsənzadə, Musa Yaqub, Vahid Əzizlə görüşdüm, Seyid Həmzə Nigari Simpoziumunda iştirak etdim. Onların diqqəti və qayğısı mənə daha böyük ruh verdi.

Sonralar Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin adını daşıyan İctimai Birliyi yaratdıq və dövlət qeydiyyatından keçirdik. Bu yolda Mirvarid xanımın qızı Xatirə Dilbazi və Əməkdar mədəniyyət işçisi, Milli Azərbaycan Tarixi Muzeyində ümumi işlər üzrə direktor müavini Əliməmməd Məhərrəmovun dəstəyi mənim üçün unudulmazdır. Onlara ömür boyu minnətdaram.

Birliyin nəzdində "Kəlağayı Ev Muzeyi"ni yaratdıq. Çətinliklər çox oldu, amma inamımız daha güclü idi. Azərbaycan Respublikasının QHT Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqələrinin qalibi olduq.  Mirvarid Dilbaziyə və milli kimliyimizin rəmzi olan kəlağayıya həsr etdiyimiz layihələrimizi  uğurla həyata keçirdik.

QHT Dovlət Dəstəyi Agentliyinə minnətdarıq. 

Uşaqlıq illərimin ən gözəl xatirələrindən biri də Gürcüstan radiosunda Azərbaycan dilində olan verilişlə  bağlıdır. Hər gün saat 19:30-da gedən  verilişi səbirsizliklə gözləyirdim, dinləyirdim. Bazar günləri yayımlanan "Arzular konserti"nə məktub göndərərdim. Adımı çəkər, sifariş etdiyim mahnını səsləndirərdilər.

Aparıcılar Aləmzər Rzayeva və Ələddin Həsənovun səsinə vurğun idim. Tale mənə Aləmzər xanımı görməyi qismət etmədi, amma Ələddin Həsənovla görüşmək nəsib oldu. Sonradan bildim ki, o, həm də gözəl saz ifaçısıdır.

Redaksiyaya tez-tez gedərdim. Hər dəfə sinif qızlarımızı, rəfiqələrimi  da aparardım ki, onlar da yazarlarımızı tanısınlar. Mühafizə telefonla yuxarı zəng edib: "Güllü Tomarova gəlib, icazə varmı?" – deyərdi. "Bəli", cavabını alanda qürurla pillələri qalxardım.

1984-cü ildə redaksiyada Məmmədhüseyn Bəxtiyarlı ilə görüş zamanı ona məktəbimizdə şairlərlə görüş keçirmək təklifini etdim. O, böyük məmnuniyyətlə razılaşdı.

Məktəb rəhbərliyi də mənə inandı. Tərbiyə işləri üzrə direktor müavini Bəhram İsayev, dərs hissə müdiri Hamlet Sadıqov və məktəb direktoru Şota Rexviaşvili bu təşəbbüsə dəstək verdilər.

18 fevral 1984-cü il, saat 14:00. Məktəbdə 365 şagird və müəllim qonaqları gözləyirdi. Mən tədbirin aparıcısı idim. Hər şey hazırlanmışdı. Amma şairlər gecikirdi...

Hamlet müəllim əsəbiləşmişdi. Məni danlayırdı. Mən isə sakitcə ağlayır, ürəyimdə yalnız bir cümləni təkrarlayırdım:

"Şairlər sözlərinə xəyanət etməzlər. Onlar gələcəklər..."

Və gəldilər.

Düz bir saat sonra məktəbin həyətinə ard-arda daxil olan on dörd avtomobilin siqnal səsləri mənim ömrümün ən gözəl musiqisinə çevrildi. Bu, etibarın, sədaqətin, sözə hörmətin səsi idi.

Həmin görüş həyatımın unudulmaz səhifəsinə çevrildi. Qəzetlər bu barədə yazdı. Bir neçə gün sonra Gürcüstan radiosunun Azərbaycan redaksiyasından Emin Mahmudov məni radioya dəvət etdi.

21 fevral 1984-cü ildə radioya gedəndə məni nurani insan Əlixan Düşgün qarşıladı. Orada Leyla Eradze ilə tanış oldum. Gürcücə salam verdim, o isə mənə Azərbaycan dilində cavab verdi. Dilarə Əliyeva ilə dostluqlarından danışdı. Sonralar düşündüm ki, məhz belə insanlar Azərbaycan-Gürcüstan dostluğunun əbədi körpüləridir.

Şairlərlə həmin görüşün davamı pioner baş dəstə rəhbəri Elmira Cəlilovanın atası evində -  Kamil əminin evində oldu. Ələddin Həsənov saz çalır, oxuyur, şairlər şeirlər söyləyirdi. Mən Aşıq Ələsgərin "Düşdü" şeirini söylədim. Ələddin müəllim isə sazı sinəsinə basaraq "Güllü" qoşmasını elə bir ustalıqla ifa etdi ki, həmin an yaddaşıma əbədi həkk olundu.

Ömür yolumda mənə sözün, sənətin və mənəviyyatın dəyərini aşılayan daha neçə-neçə dəyərli insanlarla qarşılaşdım. Dünyamalı Kərəm, Dərviş Osman Əhmədoğlu, Səadət Buta, Səringül Sadə, Mədəd Coşqun və Bəhram Mehdi kimi şairlər də həyat yoluma işıq salan sənətkarlar oldular. Onların söhbətlərindən, yaradıcılığından, həyata və ədəbiyyata baxışlarından çox şey öyrəndim. Hər biri mənim qələm yolumda iz qoydu, sözə daha məsuliyyətlə yanaşmağı, milli-mənəvi dəyərlərə bağlılığı və ədəbiyyata sevgi ilə xidmət etməyi öyrətdi. Bu gün də onların mənə bəxş etdiyi mənəvi sərvəti minnətdarlıq hissi ilə xatırlayır, həyat və yaradıcılıq yolumun ayrılmaz bir hissəsi hesab edirəm.

Bu gün yenə Gürcüstandayam.

Kobuletidən Rustaviyə qayıdarkən yaddaşımın dərinliyində yatan bütün bu xatirələr oyandı. Yazdıqca həm kövrəldim, həm sevindim, həm də qürurlandım.

Qürurlandım ki, mənim taleyimə iki Vətən yazılıb – Gürcüstan və Azərbaycan.

Bu gün də Mirvarid Dilbazinin anadan olmasının 114-cü, vəfatının isə 25-ci ildönümü münasibətilə Gürcüstanda tədbir keçirəcəyik.

Azərbaycan Milli QHT Forumunda təqdim olunan "Kəlağayım millidir, butalıdır, güllüdür" layihəsinin davamı Tbilisi, Rustavi, Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonlarında  həyata keçiriləcək.

Azərbaycan Respublikasının QHT Dövlət Dəstəyi Agentliyinin, Prezident Administrasiyasının, Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli QHT Forumunun və bizə dəstək verən bütün qurumların mənəvi qayğısı bizi daha böyük işlər görməyə ruhlandırır.

Harada yaşamağımdan asılı olmayaraq, milli-mənəvi dəyərlərimizin keşiyindəyəm.

Çünki milli irs yalnız keçmişimiz deyil, həm də gələcəyimizdir. O, kökümüzdür, kimliyimizdir, tariximizdir. Xalqımızın adət-ənənələrini qorumaq, öyrənmək və gələcək nəsillərə çatdırmaq hər birimizin müqəddəs borcudur.

Milli olan əbədidir. Milli olan bəşəridir.

Güllü Eldar Tomarlı,

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri,

"Kəlağayı Ev Muzeyi"nin direktoru